“Türk Dünyasında Parlament Diplomatiyası” – ƏHLİMAN ƏMİRASLANOV YAZDI

Məlum olduğu kimi, türkdilli xalqları tarixi köklər, ortaq mədəniyyət, milli-mənəvi və dini dəyərlər, adət-ənənələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.

Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir.

Son 10 il ərzində Türkdilli ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə keçmişdir və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlərin əsasında inkişaf etdirilir. Məlum olduğu kimi, çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində qədəm qoyuldu.

Məhz 1992-ci ildə Türkdilli Dövlət Başçılarının Birinci Zirvə Toplantısı keçirildi və bundan sonra ölkələrimizin liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə edirdilər. Lakin o dövrdə həmin zirvə toplantıları daha çox məsləhətləşmələr funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platforması hələ ki formalaşmamışdı. İllər keçdikcə, ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf edirdi və həmin münasibətlərin institusional çərçivəyə salınması zamanın tələbi idi. 1993-cü ildə TÜRKSOY-un yaradılması, 2008-ci ildə TÜRKPA-nın, onun ardından 2009-cu ildə Türk Şurasının təsisi məhz bu zərurətdən irəli gəlmişdir.

Qeyd olunan qurumların yaradılması regionda Türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün önəmli təkan vermişdir. Daha sonra Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması müvafiq sahələrdəki əməkdaşlığımızı daha da dərinləşdirmişdir.

Təbii ki, ölkələr arasında müxtəlif sahələr üzrə qanunların yaxınlaşdırılması və əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində ən önəmli rolu parlamentlər həyata keçirir. Bu baxımdan, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) regional əməkdaşlıq platforması kimi Türk əməkdaşlığının parlament səviyyəsində təzahürüdür. TÜRKPA Türk dünyasında çoxtərəfli əməkdaşlığın parlament səviyyəsində tək formasıdır. Təşkilat 21 noyabr 2008-ci ildə İstanbul Sazişi ilə təsis edilmişdir. Assambleyanın vəzifəsi və məqsədi türk əməkdaşlığı çərçivəsində parlamentlərarası əlaqələri genişləndirmək, irəli sürülən təşəbbüslərə və öhdəliklərə hüquqi dəstək verməkdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TÜRKPA-nın təsisçi üzvləridir. Macarıstan Parlamenti 2014-cü ildən etibarən Assambleyanın fəaliyyətlərində müşahidəçi qismində fəal şəkildə iştirak edir.

TÜRKPA digər Türkdilli dövlətlər ilə sıx qarşılıqlı əlaqələrin qurulmasında xüsusən maraqlıdır. Belə ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə təmasların qurulması prosesi davam edir. Türk dünyası üçün sevindirici və tarixi bir hadisəni də qeyd etmək lazımdır ki, Özbəkistan artıq Naxçıvan Sazişini imzalamışdır.

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçılarının 7-ci Zirvə görüşü 15 oktyabr 2019-cu il tarixində, Azərbaycanda keçirilmişdir və Özbəkistan Prezidenti cənab Şevkat Mirziyoyev Zirvə görüşündə Türk Şurasının tam hüquqlu üzvü kimi iştirak etmişdir. Həm TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının Sədri və həm də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq inanıram ki, Özbəkistan parlamenti yaxın zamanlarda TÜRKPA-nın fəaliyyətlərində də tam hüquqlu üzv kimi iştirak edəcəkdir.

Türkdilli ölkələr arasında əməkdaşlığın parlament ölçüsü olaraq, Assambleya üzv ölkələr arasında hüquqi, iqtisadi, sosial-mədəni, ətraf mühit və ortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi zəmin təmin edir. Təşkilatın ana xətti məhz inteqrasiya prosesinin inkişafı üçün qanunvericilik bazasının yaradılmasıdır. Bu kontekstdə  TÜRKPA çərçivəsində dörd ixtisaslaşmış komissiya fəaliyyət göstərməkdədir:

 

  • Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası
  • Sosial, mədəni və humanitar məsələlər komissiyası
  • İqtisadi əməkdaşlıq komissiyası
  • Ətraf mühit və təbii ehtiyatlar komissiyası

Hal-hazırda TÜRKPA çərçivəsində dörd ölkənin mümkün olan istiqamətlərdə qanunvericilik bazasının yaxınlaşdırılması məsələsi yaxından oyrənilir və bu sahədə müəyyən addımlar atılır. TÜRKPA-nın təsis sənədi olan İstanbul Sazişi Assambleyanın prioritet məsələlərindən biri kimi üzv ölkələrin qanunvericiliklərinin yaxınlaşdırılmasını özündə əks etdirir. Bu məqsədlə, TÜRKPA-nın dörd daimi Komissiyası öz fəaliyyət sahələri çərçivəsində model qanun layihələrinin hazırlanması ilə məşğuldur. Bu sahədə, TÜRKPA Katibliyi üzv ölkə parlamentlərinin hüquq ekspertləri ilə birgə sıx əməkdaşlıq edir. İndiyə kimi, TÜRKPA üzv ölkələrinin milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə hüquq ekspertlərinin iştirakı ilə 4 seminar keçirilmişdir. Seminarlar zamanı üzv ölkələrimiz üçün model qanun  layihələrinin hazırlanması istiqamətində prioritet sahələr müzakirə edilib müəyyənləşdirilmişdir.

Əməkdaşlığın parlament ölçüsü olaraq, TÜRKPA siyasi, iqtisadi, humanitar və digər önəmli sahələrdə dialoqun inkişaf etdirilməsini hər zaman diqqətdə saxlayır. BMT-nin Minillik İnkişaf Hədəflərinin əsasında formalaşdırılmış Davamlı İnkişaf Hədəfləri, digər bir ifadə ilə desək Qlobal Hədəflər dünyanın bütün ölkələri üçün çətir vəzifə rolunu oynayır. Assambleya öz Komissiyalarının fəaliyyətlərində BMT-nin Minillik İnkişaf Hədəflərindən önəmli platforma kimi istifadə edir.

TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədri kimi, qeyd edə bilərəm ki, təsis edildiyi 2014-cü idən etibarən Komissiyamız 5 iclas və Komissiya çərçivəsində 3 seminar keçirmişdir. Bu keçirilmiş bütün iclas və seminarların mövzuları BMT-nin Davamlı İnkişaf Hədəflərində əks olunmuş məsələlərə həsr olunmuşdur. Keçirilmiş iclas və seminarların yekun hesabatları və tövsiyə qərarları qəbul edilmiş və üzv ölkələrimizin parlamentlərinə göndərilmişdir.

Cari ilin 14 iyun tarixində, TÜRKPA tərəfindən “Davamlı İnkişaf Məqsədlərinə nail olmasında Türk Dünyası Qadınlarının rolu” mövzusunda Qadın Parlamentarilərin Beynəlxalq Konfransı Bakı şəhərində keçirilmişdir. Yəni bunlar Davamlı İnkişaf Hədəflərinə nail olunması istiqamətində TÜRKPA fəaliyyətlərindən bəzi nümunələrdir və göründüyü kimi təşkilat bu məsələlərə çox böyük diqqət yetirir.

TÜRKPA İstanbul Anlaşmasına uyğun olaraq, parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək və təcrübənin daha geniş mübadiləsini təmin etmək məqsədilə üzv parlamentlərin aparat işçiləri arasında təcrübə mübadilə proqramlarını həyata keçirir. Bu sahədə uğurlu nəticələr əldə edilmişdir və bu proseslər davam etdirilir.

2010-cu ildən etibarən TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə Beynəlxalq Müşahidəçilər Missiyası üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir. TÜRKPA bugünə qədər üzv ölkələrdə keçirilmiş seçkiləri müşahidə etmiş və bəyannamələrini yaymışdır. Assambleyanın seçki müşahidəsi işlərində üzv ölkələrdən olan millət vəkilləri və TÜRKPA Katibliyində işləyən diplomatlar iştirak edir. Qeyd olunan seçki müşahidələri qısa dövrlü müşahidə işləri olub, seçkilərə aid qanuni çərçivə, seçici, partiya və namizədlərin qeydiyyat əməliyyatları, seçki kampaniyaları, səs vermə, sayma və siyahıya alınma kimi mövzuları əhatə edən bir şəkildə həyata keçirilir. Qeyd etmək olar ki, artıq TÜRKPA-nın müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan və tanınan bir missiyaya çevrilmişdir.

TÜRKPA beynəlxalq münasibətlər sistemində aktiv fəaliyyət göstərir. TÜRKPA parlament diplomatiyasının gələcək inkişafına töhfə verməyə və Avrasiya regionunda mövcud parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlıdır. Təşkilat beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyinin də aktiv iştirakı ilə bir çox uğurlara imza atmışdır. TÜRKPA Beynəlxalq Parlamentlərin Baş Katibləri Assosiasiyasına üzv, 179 ölkəni birləşdirən dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Beynəlxalq Parlamentlər Birliyi (IPU), İslam Əməkdaşlığı Təşkilatının Parlamentlər İttifaqı, (İƏT Pİ) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans (CICA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) və Asiya Parlament Assambleyasına (APA)  müşahidəçi kimi qəbul olunmuş, ATƏT Parlament Assambleyasında isə qonaq statusunda iştirak etmək hüququna nail olmuşdur. Həmçinin, Avropa Parlamenti, MDB Parlamentlərarası Assambleyası, GUAM Parlament Assambleyası kimi qurumlarla əməkdaşlıq möhkəmləndirilmiş və inkişaf etməkdədir.

TÜRKPA Türkdilli ölkələr arasında iqtisadi, siyasi, mədəni və elmi əməkdaşlıq üzrə birgə model formalaşdırmaq üçün Türk Şurası, Türk Akademiyası və TÜRKSOY-la sıx əməkdaşlıq edir. Bundan başqa, TÜRKPA üzv ölkələrin akademik və təhsil müəssisələri, habelə Türk əməkdaşlığında iştirak edən digər təşkilatlarla səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılmasına və çərçivə əməkdaşlığın qurulmasına önəm verir. Bu istiqamətdə TÜRKPA Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Manas Qırğız-Türk Universiteti və Ahmet Yassavi Qazax-Türk Universiteti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr üzrə əməkdaşlıq platformaları mövcuddur və hal-hazırda mövcud ikitərəfli əməkdaşlıq sahələri genişləndirilir. Yuxarıda qeyd olunduğu kimi, bu əməkdaşlığın parlament ölçüsü olaraq, TÜRKPA öz növbəsində, Türk əməkdaşlığı qurumlarının qeyd olunan bütün sahələrdəki fəaliyyətlərinə, layihə və təşəbbüslərinə qanunvericilik sahəsində dəstəyinin təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. TÜRKPA bu istiqamətdə Türk əməkdaşlığı qurumlarına hər zaman dəstək verməyə hazırdır.

Sonda qeyd etmək istərdim ki, TÜRKPA qlobal dialoqun ümumi parlamentlərarası platformasının möhkəmlənməsinə xüsusi önəm verir. TÜRKPA ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasından istifadə olunmasının dünyada sülhün, demokratiya və iqtisadi inkişafın bərqərar olmasında xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın Avropa və Asiya beynəlxalq institutları ilə sıx işbirliyi, dünyada çox vacib faktor olan mədəniyyətlər və dinlərarası dialoqun intensivləşməsində və tolerantlıq amilinin ön plana çıxmasında önəmli rol oynamaqdadır.

 İnanıram ki, TÜRKPA çərçivəsində üzv ölkələrimiz arasında və eyni zamanda, Türk işbirliyi qurumları arasındakı əməkdaşlıq regional və beynəlxalq sabitlik, həmçinin təhlükəsizlik kontekstində mühüm töhfələr verəcəkdir.

Əhliman ƏMİRASLANOV,

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Akademik, 

TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının Sədri 

Etikxeber.az

 

 

 

 

 

 

 

 

 

Read Previous

Prezidentdən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı – SƏRƏNCAM

Read Next

“Onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm…” – XALQ YAZIÇISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir