“Türkiyəyə ikili standartlarla yanaşma adəti illərdir davam edir…”-RAFAEL HÜSEYNOVDAN AŞPA-YA İRAD

Hər sessiyada Büro və Daimi Komitənin qurumdakı irəliləyişlərlə bağlı məruzəsi təqdim olunur. Bu məruzəni dənləyəndə, ilk növbədə, bu hesabatın sərlövhəsindəki “irəliləyiş” sözü diqqəti cəlb edir. Düşünürük ki, bu dəfə “inkişaf, irəliləyiş” nə dərəcədə realdır və arxada qalan bir neçə ay ərzində hansı irəliləyişlərə nail olmuşuq. Qış sessiyasından keçən dövr ərzində irəliləyiş sayılmalı əsas işlərdən biri Assambleya sədrinin Türkiyəyə səfəri, keçirdiyi çoxsaylı və çox əhəmiyyətli görüşlərdir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA yaz sessiyasında Büro və daimi Komitənin qurumdakı irəliləyişlə bağlı məruzəsinin müzakirələrinə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov səsləndirib.

Azərbaycanlı deputat Türkiyənin Parlament Assambleyasındakı rolu, AŞPA sədrinin sessiya öncəsi Türkiyəyə səfəri və keçirdiyi görüşlər, bu qurumda Türkiyəyə münasibətdə heç də həmişə ədalətli olmayan mövqe haqqında danışıb.

Bildirib ki, Türkiyə Avropa Şurası ailəsinin möhkəmlənməsi və inkişafına böyük töhfələr verib.

“Bu təşkilatda Türkiyəyə ikili standartlarla yanaşma adəti illərdir davam edir. Avropa Şurası yarandığı ildən onun üzvü olan Türkiyə Respublikası bu gün təşkilatdakı açar ölkələrdən biri olmaq funksiyasını qoruyub saxlayır. Türkiyənin təkcə öz ərazisində deyil, demokratik quruculuq və Avropa Şurası prinsiplərinin daha geniş coğrafiyada, xüsusən yeni müstəqil dövlətlərdə bərqərar olmasında körpü və ötürücü dövlət olaraq müstəsna rolu var. Avropa Şurasında olduğumuz 20 ildən artıq müddətdə Türkiyənin bu təşkilat üçün nə qədər gərəkli olduğunu da görmüşük. Amma bəzən burada Türkiyəyə müəyyən qüvvələr tərəfindən ikili standartlarla yanaşmaların, yanlış, qərəzli münasibətlərin də şahidi oluruq. Türkiyə Azərbaycan kimi Şərq və Qərb ölkəsidir, həm Avropadır, həm də Asiyadır. Birmənalı şəkildə uzun illərdən bəri demokratiya yolunu tutaraq, bu istiqamətdə inamla irəliləyən ölkədir.

Bəzən Türkiyədə demokratik təsisatların fəaliyyətinə təftişçi və yetərincə ədalətli olmayan qiymətlər verməyə cəhd edənlərə məsləhət budur ki, heç vaxt hər hansı bir təzahürü ümumi ictimai-siyasi kontekstdən ayırmasınlar. Türkiyəni yaxşı tanımaq və ölkədəki demokratik proseslərin mənzərəsini dəqiq təsəvvür edə bilmək üçün onu yaxından izləmək, hadisələrin nəbzindən tutmaq lazımdır”, – deyə R.Hüseynov bildirib.

Deputat qeyd edib ki, bəzən kifayət qədər məlumatlı olmayanda çoxlu suallar yaranır və onlara cavab tapmaq da mürəkkəbləşir. Yaxından tanıdıqda isə mürəkkəb məsələlərdə rahat həll olunur. Bu mənada Assambleya sədrinin xüsusən indiki heç də sadə olmayan zaman kəsiyində Türkiyəyə səfəri, ən yüksək səviyyədə keçirdiyi görüşlər və apardığı müzakirələr məhz düzgün qiymətləndirmə üçün ən münasib format sayıla bilər.

Azərbaycanlı deputat Türkiyənin demokratiya quruculuğu yolunda inamla irəliləməsini, bu yolun rəvan olmadığını, Türkiyənin daim terrorizm təhlükəsi ilə üz-üzə olduğunu deyərək, Avropa Şurasının məhz bu mübarizədə Türkiyənin yanında olmasının vacibliyini qeyd edib:

“Unudulmamalıdır ki, Türkiyənin qətiyyətlə irəlilədiyi demokratik inkişaf yolu heç də həmişə hamar deyil, Türkiyə terorizmin fəsadları ilə də mütəmadi olaraq qarşı-qarşıyadır. Terrorizm hansı ölkəyə yönəlməsindən asılı olmayaraq, heç vaxt onu bir ölkənin problemi hesab etmək olmaz, bu ortaq problemə qarşı mübarizə müştərək olmalıdır. Türkiyə son illər milyonlarla əcnəbi qaçqına qucaq açaraq, Avropanın yükünü yüngülləşdirməsini də bu ölkənin insan haqları uğrunda qlobal çalışmalara müstəsna töhfəsi kimi qiymətləndirilməyə layiqdir”.

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz…İtkin düşmüş hərbçinin Şəhid olduğu-MƏLUM OLDU – SABAH HACIQABULDA DƏFN OLUNACAQ

Read Next

MM-in növbəti iclası-18 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ, SEYFULLA ƏZİMOVUN HESABATI DİNLƏNİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir