“Türkiyə ilə Azərbaycanın yolu, məqsədi birdir: Bu birlik, amal, qardaşlıq hər iki dövləti daha xoşbəxt gələcəyə aparacaq”-MM-İN KOMİTƏ SƏDRİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında çıxışı zamanı söylədiyi “Bütün dünya bilsin ki, Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir” sözləri dövlətimizin, bir millət olan xalqlarımızın bir-birlərinə möhkəm bağlı olmalarının, qardaşlığın təzahürüdür.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu qardaşlığın tarixi kökləri, ənənələri, əsasları olduğu üçün sarsılmazdır, möhkəmdir, uzunömürlüdür.

“Həqiqətən də Türkiyə ilə Azərbaycan daim bir yerdə olublar, çiyin-çiyinə dayanıblar, bir-birlərinə daim arxa kömək olublar. Tayyib Ərdoğan keçmişə nəzər salmaqla, Çanaqqalada azərbaycanlı gənclərin Anadolu gəncləri ilə döyüşdüyünü, Nuru Paşanın əsgərləri ilə 1918-ci ildə Azərbaycanın köməyinə gəldiyi günləri xatırlatmaqla qan qardaşı olduğumuzu bir daha bildirdi. O, Azərbaycanın düşmən üzərində tarixi qələbə qazanmasından qürur duyduğunu dilə gətirərək bildirdi ki, 30 il sonra bu torpaqlar öz sahibinə qovuşdu”-deyən komitə sədri bildirib ki, Türkiyə ilə Azərbaycanın yolu, məqsədi birdir.

“Bu zəfər və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm və Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb” ifadələrini işlədərkən Türkiyə Prezidentinin gözlərində bir sevinc, səsində gələcəyə daha böyük inam duyulurdu. Bu, təbiidir. Çünki bu gün Türkiyə dünyada sürətlə inkişaf edən bir dövlət olmaqla bərabər, həm də haqqın, ədalətin, sülhün, əminamanlığın bir qarantı kimi tanınır, qiymətləndirilir. Azərbaycan da bu yoldadır.

Uzun illər torpaqları işğal altında qaldığına, düşmən üzərində parlaq qələbə qazanmasına baxmayaraq qonşuluq münasibətlərinin yaxşılaşmasına, düşmənçiliyin aradan qaldırılmasına, regionda təhlükəsizliyin təmin olunmasına çalışır. Türkiyə ilə Azərbaycanın yolu, məqsədi birdir. Bu birlik, amal, qardaşlıq, sözsüz ki, hər iki dövləti daha xoşbəxt gələcəyə aparacaq”-deyə, T Rzayev sonra bildirib.

Etikxeber.az

Read Previous

28 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Sanki cavab verən Nazirlər Komitəsinin sədri vəzifəsini daşıdığını unutmuşdu və özünü qərəzli lobbiçi kimi aparırdı…”-RAFAEL HÜSEYNOVDAN SƏRT TƏPKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir