“Türkiyə və Azərbaycan kimi ölkələr həm terrorla, həm də beynəlxalq ədalətsizliklə mübarizə aparmalı olur…” – BAHAR MURADOVA

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərarı ədalətsiz və qərəzli yanaşmanın təzahürüdür”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

O, bildirib ki, AŞPA üzvlərinin bir hissəsi bu qərarın əleyhinə çıxdılar və bunun üçün onların kifayət qədər ciddi arqumentləri var idi.

Onun sözlərinə görə, ancaq buna baxmayaraq, təəssüf ki, bu dəfə də Avropa Şurası Parlament Assambleyası çoxstandartlı bir yanaşmanın təzahürü olan bu qərarı ortaya qoydu:

“Bununla da Avropada bu günə qədər ən müxtəlif səviyyələrdə özünü göstərən bir sıra meyillərin bu təşkilatın daxilində də artıq aparıcı mövqeyə malik olduğunu bir daha sübut etdi. Belə qərarların qəbulu əməkdaşlığa, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə və problemlərin həllinə dialoq vasitəsilə yanaşılmasına istinad etməli olan Avropa Şurası kimi mötəbər bir təşkilatın iş prinsiplərinin obyektivliyini sual altına qoyur, həmçinin elan olunmuş dəyərlərlə real fəaliyyət arasında çox böyük fərqin olduğunu göstərir”.

MM sədrinin müavini bildirib ki, Türkiyə həm Avropa Şurasına, eləcə də mövcud beynəlxalq problemlərin həllinə töhfə verən ölkə kimi tanınır.

B. Muradovanın dediyinə görə, çox çətin bir regionda Avropanın daha ciddi problemlərlə üzləşməməsi üçün sipər rolunu oynayan Türkiyənin belə bir ədalətsiz yanaşmaya məruz qalması heç bir məntiqə sığmır:

“Avropa qurumları Türkiyənin dünya nizamının qaydaya salınması və Avropanı təhdid edən bir sıra təhlükələrin qarşısının alınması üçün lazım olan bütün imkanlarını səfərbər etməsini nəzərə almalı idi. Türkiyənin bu regiondakı mövcud problemlərin həlli üçün, həm də Avropanın köməyi olmadan, təkbaşına çalışmasına rəğmən belə bir yanaşmaya məruz qalması haqsızlıq və ədalətsizlikdir. Lakin hər kəs bilməlidir ki, qardaş ölkəni belə qərarlarla qorxutmaq mümkün deyil. O, öz siyasətini ardıcıl və məqsədyönlü şəkildə həyata keçirir və doğru bildiyi məsələlərlə bağlı mövqeyini dəyişmir”.

Vitse-spiker deyib ki, Türkiyə nümayəndə heyəti Avropa Şurasında lazım olan bütün addımları atdı. Azərbaycan nümayəndə heyəti də bütün məqamlarda Türkiyənin yanında oldu, hətta bir çox hallarda onlardan daha çox bu məsələlərə etirazını bildirdi.

“Təəssüf ki, bu qərarın qəbul edilməsinin qarşısını almaq mümkün olmadı. Amma mövqe ortadadır. Yəni, iki mövqe var – biri əməkdaşlığa, qarşılıqlı yardıma, anlaşmaya əsaslanan, biri də təzyiqə, öz diktəsini, öz iradəsini qəbul etdirməyə yönələn yanaşma. Bu iki yanaşmanın mübarizəsi gedir. Bu gün dünya təkcə terrorla deyil, həm də bu cür yanaşmalarla təhdid olunur. Çox təəssüf ki, Türkiyə və Azərbaycan kimi ölkələr həm terrorla, həm də beynəlxalq ədalətsizliklə mübarizə aparmalı olur. Odur ki, biz növbəti dəfə Türkiyənin yanında olduğumuzu göstərdik və bundan sonra da hər zaman belə olacaq”-deyə, B. Muradova mətbuata açıqlamasında sonra deyib.

Etikxeber.az

Read Previous

AŞPA-da Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı məsələ qaldırıldı

Read Next

“Qədirbilmə hissi heç vaxt insanlarımızı tərk etməsin!” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir