Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı

Publisistik yazıları ilə daha çox tanınan, yazıçı Orxan Aras görkəmli Azərbaycan şairi və publisisti Tofiq Abdin haqqında kitab nəşr etdirib.

Etikxeber.az xəbər verir ki, Türkiyədə“Pem” nəşriyyatında çıxan kitabda Tofiq Abdinin həyat və yaradıcılığı nəzərdən keçirilib, şeirləri və müsahibəsi verilib, ziyalılar tərəfindən onun barəsində ölümündən sonra yazılmış xatirə yazıları yer alıb.

Kitabın müəllifi Orxan Aras “Bu dünyadan sən də keçdin, Tofiq Abdin” kitabının hazırlanması ilə bağlı bunları deyib: “Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və vəfasına bu kiçik kitabla az da olsa, qarşılıq vermək istədim. O, azərbaycanlı bir jurnalist və şairdi, amma ürəyi Türkiyə üçün də atardı.

İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl idi. Azərbaycan jurnalistikasında bir idol idi. Özünəməxsus üslubu və yazı tərzi vardı. Gənc jurnalistlər onu özünə ustad bilərdilər. Hər kəs ona “abi” deyər, onunla  dost olmaqdan qürur duyardı. Cəsur, açıq sözlü, mübahisə etməkdən, öz həqiqətini söyləməkdən əsla çəkinməyən bir xarakteri vardı. Bu xüsusiyyətlərinə görə ona yuxarıdan aşağı baxanlar belə yeri gələndə Abidən çəkinər, uzaq durardılar. Bəlkə elə buna görə çox mütəvazi və sadə bir həyat yaşadı.

tofiqqq

Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda qalmış, içindəki küskünlükləri, üsyanları Türkiyə eşqi ilə “Ah, İstanbul, İstanbul” adlı kitabda ölümsüzləşdirmişdi.

Mən də onu ustam, ustadım olaraq bilirdim. Qəzet jurnalistikası sahəsində ondan çox şey öyrəndim. Hər Azərbaycana getdiyimdə məni axtarar, soruşar, yanımdan ayrılmazdı.

Bu kitab ölümünə sevdiyi Türkiyə türkləri üçün də onunla bir tanışlıq vəsiləsi olsun, istədim. Dostlarının xatirələrini oxuduqca Azərbaycan və Türkiyənin necə bir yazıçı, şair, jurnalist itirdiyini dərindən hiss edəcəksiniz”.

Kitabda Fəthi Gədiklinin, Abdülhamit Avşarın, Anarın, Azər Abdullanın, Aqil Abbasın, Akif Qəhrəmanlının, Əbülfət Mədətoğlunun, Elçin İskəndərzadənin, Əlisəmid Kürün, Fəxri Uğurlunun, Qalib Toğrulun, Xanəmir Telmanoğlunun, Kənan Hacının, Məzahir Əhmədoğlunun, Nemət Veysəllinin, Nəriman Əbdülrəhmanlının, Rəşad Məcidin, Sabir Rüstəmxanlının, Saday Budaqlının, Sevinc Mürvətqızının, Şakir Yaqubovun, Tofiq Hüseynlinin, Yusif Rzayevin və Cavid Zeynallının Tofiq Abdininin xatirəsinə həsr etdikləri yazıları yer alıb.

Bu həftənin sonu Bakıda müəllifin iştirakı ilə kitabın təqdimatı gözlənilir.

Etikxeber.az

Read Previous

“Banklar haqqında” qanuna dəyişiklik təklifi iki qurumu qarşı-qarşıya gətirdi və ya YAZ SESSİYASI NƏLƏRLƏ YADDA QALDI?

Read Next

Pensiyalar da qalxır – PREZİDENT 700 MİNƏ YAXIN PENSİYAÇINI SEVİNDİRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir