TÜRKPA-ya sədrlik Azərbaycana keçdi – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakıda Milli Məclisin (MM) ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasdan əvvəl Assambleya Şurasının toplantısı olacaq və təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, artıq 9-cu plenar iclasda iştirak etmək üçün Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayeva, Qırğız Respublikası parlamentinin – Joqorku Keneşin sədri Dastanbek Cumabekov Azərbaycana səfər ediblər.

Onlar dünəndən ölkəmizdə səfərdədirlər.

***

TÜRKPA Şurasının 9-cu iclası işə başlayıb.

İclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.

Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib.

Bildirib ki, TÜRKPA nüfuzlu parlament təşkilatına çevrilib. Ötən illərdə başlanmış bütün işlər davam etdiriləcək. Təşkilatın beynəlxalq əlaqələrinin inkişafı yenə də diqqət mərkəzində olacaq. TÜRKPA-nın müşahidə missiyasının fəaliyyəti növbəti bir ildə də diqqətdə saxlanılacaq.

Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.

O.Əsədov həmçinin, nəzərə çatdırıb ki, ötən dövrdə Türk PA-nın beynəlxalq aləmdə tanıdılması üçün bir sıra tədbir həyata keçirilib: “Təşkilatımız dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT Parlament Assambleyasının fəaliyyətində TürkPA-nın qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq əlaqələri qurulub. Bundan başqa, TürkPA-nın baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür, bu fakt da təşkilatımızın beynəlxalq nüfuzundan xəbər verir”.O. Əsədov deyib ki, TürkPA-nın beynəlxalq müşahidəçilər missiyası 9 ildir, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir: “Gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri də TürkPA missiyası tərəfindən müşahidə ediləcək. Bu baxımdan missiyanın fəaliyyəti növbəti dövrdə də diqqət mərkəzində olacaq”. 

Spiker qeyd edib ki, TürkPA türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və bu sahədə müvafiq layihələrin həyata keçirilməsinə dəstək verəcək: “Türk əməkdaşlığı qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi diqqət mərkəzində olacaq. Əlbəttə, sadalanan bu fəaliyyət istiqamətləri görüləcək işlərin yalnız ümumi cizgilərini müəyyən edir. Bizim fəaliyyətimiz xalqlarımızın əlaqələrinin inkişafı üçün TürkPA-nın iştirakı, köməyi və dəstəyi tələb olunan bütün sahələri əhatə edəcək. Əminəm ki, getdikcə daha mütəşəkkil qüvvəyə çevrilən TürkPA qarşısında dayanın bütün vəzifələri uğurla yerinə yetirəcək və xalqlarımızın problemlərini həll etməyin səmərəli vasitəsinə çevriləcək”.

Etikxeber.az

Read Previous

Əliyev Şentop və Niqmatulini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Ana Vətən”dən Fərhad ƏHMƏDOVA – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir