TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşü – FOTO

Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

antalya-1

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb. Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas məqsədlərdən biri babalarımızdan miras qalan qardaşlıq dəyərlərini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır. TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək. TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. Binəli Yıldırım təşkilat üzvlərinin yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istədiklərini söyləyib.

TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, bu il TürkPA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə TürkPA bir sıra beynəlxalq təşkilatların məşvərətçi üzvü olub və beynəlxalq aləmdə mövqelərini gücləndirib. Böyük perspektivə malik olan Türkdilli Ölkələrin Parlament Assambleyası bu müddətdə bir sıra mühüm layihələr həyata keçirib.

Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Təşkilatın reallaşdırdığı layihələr yüksək dəyərləndirilib və əminlik ifadə olunub ki, TürkPA bundan sonra da fəaliyyətini dinamik məcrada davam etdirəcək.

Etikxeber.az

Read Previous

Sahibə Qafarova, Rafael Hüseynov və Sevinc Fətəliyevadan da etiraz gəldi…

Read Next

“Qızıl top” mükafatına bütün namizədlərin adları açıqlandı – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir