Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oqtay Əsədov: “Yəqin ikinci oxunuşu yaddan çıxarmısan. Sən deyən məsələlər qanunda əksini tapıb. Ölkədə tütünçülüyün inkişafına gəlincə isə cənab Prezident də Balakəndə öz çıxışında qeyd etdi ki, biz tütünü ixrac etmək üçün artırırıq”
Milli Məclisin (MM) dekabrın 1-də keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb.
Etikxeber.az-ın məlumatına görə, layihə barədə MM-in Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O, bildirib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır. Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.
Müzakirələr zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun işləkliyini təmin etmək son dərəcə vacibdir:
“Sulu qəlyanda olan bəzi komponentlərin tərkibindəki konsorogen maddələr siqaretdən daha çox olur. Yaxşı haldır ki, bu qanun həm də sulu qəlyana aid edilir”.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin Siyavuş Novruzov isə bildirib ki, siqaret çəkmək üçün “açıq məkan” ifadəsi işlədilərkən, bu, son dərəcə konkret yerləri əhatə etməlidir. O, qeyd edib ki, ümumiyyətlə, qanun layihəsi üçüncü oxunuşda müzakirə olunsa da, burada tam həllini tapmayan məsələlər çoxdur:
“Çünki indiyə qədər qapalı və ya açıq yerlərdə tütün məmulatlarından necə istifadə olunması məsələsinə aydınlıq gətirilməyib. Əgər restoranın içərisində siqaret çəkmək qadağan olunubsa, kimsə çıxıb restoranın qabağında açıq yerdə siqaret çəkir. Dünyanın müəyyən yerlərində açıq yerlər üçün kamera var. Orada müəyyənləşdirilir ki, hansı açıq hissədə siqaret çəkmək olar. Biz ölkədə tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Digər tərəfdən də tütün məmulatlarının çəkilməsi qadağan edilir. Təbii ki, vətəndaşın sağlamlığı birincidir. Amma bunu elə tənzimləməliyik ki, büdcəmizə zərər vurmasın”.
Spiker Oqtay Əsədov da öz növbəsində deputata belə cavab verib.
“Yəqin ikinci oxunuşu yaddan çıxarmısan. Sən deyən məsələlər qanunda əksini tapıb. Ölkədə tütünçülüyün inkişafına gəlincə isə cənab Prezident də Balakəndə öz çıxışında qeyd etdi ki, biz tütünü ixrac etmək üçün artırırıq”.
Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır: təhsil və tərbiyə müəssisələri, onların əraziləri; səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq); mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); ticarət obyektləri;məişət obyektləri;sosial xidmət müəssisələri;yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir); teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;uşaq meydançaları; yerüstü qapalı və yeraltı piyada keçidləri;müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər; metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla); tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;taksofonlar; yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
KAMİL
Etikxeber.az





