Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarabağ, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirən, sağlamlığını qurban verən yüzlərlə, minlərlə, on minlərlə Vətən sevdalısı var.
Həmin yüzlərdən, minlərdən, on minlərdən biri də Vətən sevdalısı Aqil Əli oğlu İslamovdur.
İgid, Qəhrəman, Cəsur, ali hərbi təhsilli-peşəkar hərbçi, Kapitan Aqil Əli oğlu.
İkinci Vətən Müharibəsi zamanı Cəbrayıl istiqamətində döyüşlərdə sağlamlığını itirən Aqil İslamovla bu gün-25 avqust 2024-cü il tarixində akademik, deputatlığa namizəd Ziyad Səmədzadənin Seçki Qərargahında tanış oldum.
Tanışlığımızdan da çox razı və məmnun qaldım.
Çünki İgidliyi, Vətənpərvərliyi qədər də çox mədəni, çox tərbiyəli, çox istiqanlı bir Vətən övladıdır.
Vətən sevdalımızla bir xeyli söhbətləşdim, hal-əhvallaşdım.
Ona Allahdan can sağlığı və xoşbəxtlik dilədim.
Qeyd edim ki, Aqil İslamov 1989-cu ilin 14 noyabr tarixində Cəlilabad rayonunda-sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından biri, evin tək oğlu və iki bacının tək qardaşıdır.
Hər iki bacısı hazırda ailəlidir.
Aqil 1996-2000-ci illərdə Cəlilabad rayonunda orta məktəbdə oxuyub.
2000-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçdükdən sonra təhsilini Əhmədlidə yerləşən 95 saylı tam orta məktəbdə davam etdirib.
Orta məktəbi bitirdikdən sonra hərb yolunu, hərb sənətini seçib.
2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2011-ci ildə ali hərbi təhsilini başa vurub.
Leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub.
2020-ci ilin 27 sentyabr tarixində isə İkinci Vətən Müharibəsinin başlaması ilə Azərbaycan Ordusunun Kapitanı kimi Vətənin müdafiəsinə, döyüşlərə atılıb.
Şərəfli döyüş yolu 18 gün çəkib.
Oktyabr ayının 14-də Cəbrayıl rayonun Daşkəsən kəndi istiqamətində qanlı döyüşlər zamanı ürəyinə yaxın və ağ ciyər nahiyəsindən ağır yaralanıb.
3 gün yaralı vəziyyətdə qalıb və oktyabr ayının 17-də, axşam saatlarında ağır durumda xəstəxanaya yerləşdirilib.
9 aya yaxın Bakı şəhərində və digər bölgələrdə müxtəlif xəstəxanalarda ağır müalicə və müayinələrdən keçib.
Hələ də səhhətində problemlər qalmaqdadır.
2021-ci ilin aprelində Azərbaycan Ordusundan təxris olunub.
İkinci Vətən Müharibəsindən əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” yubiley medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
İkinci Vətən Müharibəsindən sonra isə beş medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
Hazırda ikinci dərəcəli (ömürlük) Vətən Müharibəsi, Qarabağ Qazisidir.
O, həm də subaydır.
Allah qorusun!
Böyük Yaradan bütün arzularına, diləklərinə qovuşdursun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az