“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Etikxeber.az xəbər verir ki, festivalın sonuncu günü, sentyabrın 22-də teatrsevərlərə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının Səməd Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirdiyi eyniadlı tamaşa təqdim olunub.

Əməkdar Artist Mərdan Feyzullayevin quruluş verdiyi tamaşanın quruluşçu rəssamları Əməkdar rəssam Qüdrət Məmmədov və Aleksandr Kripenindir.

Bir hissəli mənzum dramda Vaqif obrazını Əməkdar Artist Əbülfət Salahov, Qacarı isə Əməkdar Artist Xanlar Həşimzadə canlandırıblar. Tamaşada digər rolları İlyas Əsədov, Akif Yusifov, Aydın Əlibalayev, Rəhim Qocayev, Əməkdar Artist İqrar Salamov və başqaları ifa ediblər.

Uğurla başa çatan tamaşanın sonunda teatrın kollektivinə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın təşkilinə göstərdikləri dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə teatrsevərlər adından minnətdarlığını bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinə, həmçinin festivalın sonuncu gününün fəxri qonağı – Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşıyə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, sentyabrın 15-də startı verilən festivala Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri qatılıb. Ölkəmizi bu festivalda Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə Dövlət Dram teatrları təmsil ediblər. Festivalın davam etdiyi səkkiz gün ərzində Şəki Dövlət Dram Teatrının səhnəsində 9, Mingəçevir Dövlət Dram Teatrında isə 3 tamaşa oynanılıb.

Etikxeber.az

Read Previous

Nazir: “Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir”

Read Next

Məmmədyarov: “Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yük axınının cəlb olunmasında maraqlıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir