Üç övladından ikisi xəstə, fiziki qüsurlu, tək və yeganə sağlam övladları isə cəmi 18 yaşında Vətən yolunda Şəhid olan-DƏRDLİ, YARALI CƏBRAYILOVLAR AİLƏSİNİN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Ağacan Zakir oğlu Cəbrayılov…

Şamaxılı, 20 may 2002-ci il təvəllüdlü…

Ailənin 3 övladından, 2 qardaşdan biri, evin ortancılı…

Cəmi 18 yaşında canı ilə, qanı ilə Tarix yazan, Qarabağ uğrunda Şəhid olan Vətən sevdalısı…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanan Ağacan İkinci Vətən Müharibəsi başlayanda cəmi iki ayın Əsgəri olub…

Və qeyd edim ki, Əsgərliyə də öz təkidi ilə gedib, 2020-ci ilin İyul-Tovuz döyüşlərindən, əfsanəvi general Polad Həşimovun Şəhidliyindən sonra heç yerdə qərar tuta bilməyib, rahatlıq tapmayıb…

Bir an olsun-tezliklə Vətənin keşiyinə yollanmaq, Vətənin müdafiəsinə atılmaq istəyib və iyul ayının 28-də də istəyi baş tutub, həqiqi xidmətə çağırılıb…

Və cəmi iki ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən də döyüşlərdə iştirak edib…

Ağdam-Xocavənd istiqamətində döyüşüb, vuruşub 18 yaşlı Ağacan…

Və döyüşlərdən birində ağır yaralansa da, ailəsinin bu barədə xəbəri olmayıb…

Yalnız noyabr ayının 22-də ailəsinə Şəhidliyi xəbəri verilib…

Və nəşi bir gün sonra, 23 noyabr 2020-ci il tarixində Şamaxı şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub…

Ağacan həm də subay olub…

***

Onu da qeyd edim ki, Ağacan ailənin 3 övladından biri olmaqla, həm də tək və yeganə sağlam övladı olub…

Ondan 4 yaş böyük olan qardaşı Sədi və ondan 4 yaş kiçik olan bacısı Ləman kiçik yaşlarından sağlamlıqlarını itiriblər…

Hər ikisi də fiziki qüsurlu və əlildirlər…

Əslində Sədi 5 yaşına kimi tam sağlam olub, ancaq 5 yaşında iflic keçirib və sağlamlığını itirib…

Ləman isə anadangəlmə gözdən əlil olub, dünya işığına həsrət qalıb…

İlk vaxtlar normal hərəkət edə, yeriyə bilsə də, sonradan hərəkət qabiliyyətini də itirib…

Və Ağacan ailənin tam, sağlam övladı, ailənin tək ümidi, ümid, pənah yeri olub…

Ancaq Onun Şəhidliyi ilə Dərdli, Yaralı Cəbrayılovlar ailəsinin dərdinin üstünə daha bir dərd və ən ağır dərd gəlib…

Dərdləri azmış kimi bu dəfə də övlad itkisi, övlad acısı yaşamalı olublar Cəbrayılovlar ailəsi…

Dərd üstünə dərd, acı üstünə acı, yara üstünə yara…

Sağalmayan, sağalmaz, sağalmayacaq, yeri daim göynəyəcək, göynədəcək bir yara…

Sözün də, kəlmələrin də bitdiyi, aciz qaldığı yer…

***

Və bu gün Şamaxıda olarkən Şəhidimizin ocağını, Dərdli, Yaralı valideynlərini, qardaş və bacısını ziyarət etdim…

Ziyarətdə mənimlə birgə “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbəri Ülviyyə xanım və başqa bir neçə şəxs iştirak edirdi…

Ağacanın ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Və Şəhidimizin ailəsində qarşılaşdığım, üzləşdiyim mənzərədən dərin üzüntü, sarsıntı keçirdim…

Saatlar keçsə də, hələ də şok içindəyəm…

Hələ də Şəhidimizin qardaş və bacısının məsum çöhrələri, gülüşləri, valideynlərinin, anasının kədər və sual dolu baxışları gözlərimin önündən getmir…

Hələ də heç cür anlaya, qəbul və dərk edə bilmirəm ki, iki övladı xəstə, əlil olan bir ailənin tək və sağlam övladını hansı vicdanla cəbhənin ən ön xəttinə, döyüşlərin ən qızğın yerinə göndəriblər?

Bunu edənlərin vicdanları bir azca olsa, sızlamaybmı, vicdan əzabı cəkməyiblərmi?

Bəlkə də heç vicdanları olmayıb???!!!

İki ayın Əsgərinə, ailənin tək ümidinə, tək dayağına necə qıya biliblər?

Suallar, suallar, suallar…

Və bu suallar haçansa öz ədalətli cavabını tapacaqmı?

Bu gedişlə…

Allah 18 yaşında Vətən yolunda canını fəda edən Ağacan balamızın ruhunu şad, dərgahını mübarək etsin, Dərdli, Yaralı valideynlərinə səbr və dözüm, qardaş və bacısına isə yox yerdən şəfa versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mərakeş millisi tarixində ilk dəfə mundialın-YARIMFİNAL MƏRHƏLƏSİNDƏ – FOTO

Read Next

Şuşanın azad olunduğu gün Şəhidlik məqamına ucalan, nəşi 22 yaşının tamamına bir ay qalmış Əbədiyyətə uğurlanan-KƏRƏM VEYİSOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir