Üc tələbə və otaq yoldaşı, üç dost, üç Şəhid…NƏŞİ 4 AY 2 GÜNDƏN SONRA TAPILAN VƏ DƏFN OLUNAN BAŞ LEYTENANT RAMİL BABAYEVİN ANIM GÜNÜDÜR… – FOTOLAR

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin 4 övladından biri, iki övlad atası Baş leytenant Ramil Taqət oğlu Babayevin Anım Günüdür.

Ramil Babayevin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə bu gün-31 yanvar tarixində nəşi Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.

O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı başa vurub.

Ramil Babayev 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.

Adını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib və bu yaxınlarda bir yaşı tamam olub.

Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar.

***

Bu gün səhər saatlarında Şəhidin Anım Günü ilə bağlı Kürdəmir Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmirli Şəhid ailələri, Qazilər, rayon sakinləri və ziyalıları, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, məktəblilər iştirak edəcəklər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, çıxışlar ediləcək.

Ziyarətdən sonra Şəhidin Anım Günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək.

Ruhuna bir daha dualar olunacaq, bir daha çıxışlar ediləcək.

Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər salınacaq, Qəhrəmanlığından, İgidliyindən bəhs olunacaq.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Vaahn Xaçaturyan Ermənistanın yeni-PREZİDENTİ OLACAQ?

Read Next

Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin-138 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir