Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Eldar İbrahimov:”Azərbaycanla İran, Azərbaycanla Rusiya, bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq, müttəfiqlik münasibətləri var və bu münasibətlər hər gün yüksələn xətt üzrə inkişaf , bölgəmizdə, regionumuzda sülhə, sabitliyə, təhlükəsizliyə xidmət etməkdədir”
Jalə Əliyeva: “Bu səfərdən və sözügedən sammitdən sonra Azərbaycan-İran-Rusiya münasibətləri daha da inkişaf edəcək, məlum prosesin nəticələri bölgəmizdə sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar edilməsində böyük rol oynayacaq “
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonşu, dost İrana səfəri, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə həm təkbətək, həm birlikdə görüşməsi, yəni, 3 ölkənin dövlət rəhbərlərinin növbəti üçtərəfli sammitinin reallaşdırılması, Birgə Bəyannamənin imzalanması, verilən bəyanatlar, səsləndirilən mesajlar çox əlamətdar, çox önəmli və çox əhəmiyyətli tarixi-siyasi hadisədir. Çünki bu cür səfərlərin, bu tipli görüşlərin, sammitlərin keçirilməsi nəinki bu 3 ölkənin, bütövlükdə bölgənin və dünyanın xeyrinədir. Bu cür qarşılıqlı səfərlər, görüşlər, zirvə toplantıları narahat, “qaynar qazan” kimi qaynayan, hər gün yeni-yeni münaqişə ocaqlarının alovlandığı, alovlandırıldığı dünyamızda inkişafın, tərəqqinin, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə bilər. Konkret olaraq, Azərbaycanla İran, Azərbaycanla Rusiya, bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq, müttəfiqlik münasibətləri var və bu münasibətlər hər gün yüksələn xətt üzrə inkişaf , bölgəmizdə, regionumuzda sülhə, sabitliyə, təhlükəsizliyə xidmət etməkdədir”.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) komitə sədri, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eldar İbrahimov deyib.

E. İbrahimov qeyd edib ki, qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması, mövcudluğu hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir:
“Çünki qonşu dövlətlərlə bu və ya digər səbəblərdən düzgün münasibətlər qurulmayanda bundan ilk növbədə həmin dövlətlərin və onların xalqlarının özləri əziyyət çəkirlər. Bu, ilk növbədə onların özünə ciddi zərər vurur. Günümüzün reallığında da buna çox misal çəkmək olar, yəni, bu məsələdə acı və arzuolunmaz “təcrübələr” ortadadır və saysız-hesabsızdır. Ancaq münasibətlər normal olanda, normal tənzimlənəndə bu həmin dövlətlərin və qonşu xalqların özlərinə böyük və müsbət təsirini göstərir, öz töhfələrini verir. Azərbaycan da bu baxımdan qonşu dövlərlərlə, öz qonşuları ilə qarşılıqlı etibara və etimada dayanan münasibətlərə böyük önəm verir. Azərbaycan bu gün istər İranla, istərsə də ən böyük qonşumuz olan Rusiyaya yüksək səviyyəli, belə demək mümkünsə, strateji müttəfiqlik münasibətlərinə malikdir. Bu münasibətlərin bu səviyyəyə qalxmasında, qaldırılmasında da böyük öndərimiz Heydər Əliyevin və onun kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin böyük rolu və müstəsna xidmətləri var.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyimizin ilk illərində, təcrübəsiz, şəriştəsiz iqtidarların dövründə istər Şimal, istərsə də Cənub qonşumuzla münasibətlərimiz çox gərgin idi, hətta, deyərdim ki, az qala düşmənçilik həddindəydi. Ancaq 1993-cü ilin yayında Azərbaycvan xalqının təkidli tələblərindən sonra yenidən hakimiyyət başına qayıdan Heydər Əliyevin uzaqgörən, müdrik, tarazlaşdırılmış siyasəti nəticəsində istər İranla, istərsə də Rusiyayla gərgin münasibətlər, ziddiyyətlər aradan qaldırıldı, münasibətlər normallaşdırıldı və ildən-ilə dostluq, müttəfiqlik münasibətlərinə çevrildi. Münasibətlərin normallaşdırılmasında, yüksələn xətt üzrə inkişafında da cənab Putinlə cənab Ruhaninin hər ikisinin böyük xidmətləri var. Onlar da münasibətlərin yaxşılaşdırılması və yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini veriblər və verməkdədirlər. Odur ki, bu 3 ölkə arasında münasibətlərin, əməkdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır və çox sevindiricidir ki, diqqət mərkəzindədir də. Bundan qazanan bizlər, xalqlarımız və dövlətlərimiz olur və olacaq. Buna da kimsənin şübhəsi olmasın və ola da bilməz”.

E. İbrahimov bu yerdə Azərbaycanın qonşularından yalnız Ermənistanla problem yaşadığını və bunun da həmin dövlətin işğalçılıq və təcavüzkarlıq siyasəti üzündən baş verdiyini sözlərinə əlavə edib:
“Qeyd etdiyim kimi, Azərbaycan bütün qonşu dövlətlərlə yüksək münasibətlərə malikdir. Ümumiyyətlə, ölkəmiz bloklara qoşulmamaq xəttini tutaraq, bütün dünya dövlətləri ilə normal, sivil münasibətlərə malikdir, belə münasibətlərin qurulmasında maraqlıdır. Azərbaycanın problemli olduğu dövlət yalnız Ermənistandır. Bunun da əsas, başlıca səbəbkarı və günahkarı elə həmin ölkənin özüdür. Məhz Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti ucbatından 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edir və sülhü təmin etmək mümkün olmur. İşğala və təcavüzə məruz qalmasına baxmayaraq, Azərbaycan illərdir münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük versə də, bu mövqeyinə sadiq qalsa da, ancaq Ermənistan, onun başabəla, cinayətkar rəhbərliyi hər dəfə danışıqlar prosesini müxtəlif bəhanələrlə pozur, status-kvonu uzatmağa, münaqişənin “dondurulmuş” şəkildə qalmasına cəhd göstərir. Eyni zamanda, bu cür yarıtmaz, qeyri-konstruktiv siyasətləri ilə özlərini Azərbaycanın da yaxından iştirak etdiyi regional və qlobal-beynəlxalq əhəmiyyətli layihələrdən kənarda saxlayırlar. Bu gün heç kimə də sirr deyil ki, Azərbaycan regionun lider dövlətidir. Onun sözü, nüfuzu ilə bütün dünyada hesablaşırlar. Yəni, Azərbaycanın razılığı və iştirakı olmadan bu regionda heç bir layihə reallaşdırıla bilməz. Bu baxımdan da, nə qədər ki, Ermənistan təcavüzkarlıq və işğalçılıq siyasətindən əl çəkməyib, Azərbaycan torpaqlarını işğaldan azad etməyib, bir milyondan artıq qaçqın-məcburi köçkünümüz öz yurd yerlərinə qayıtmayıb, dəhşətli müharibə cinayətləri, Xocalı qətliamı ilə bağlı gerçəkliklər onların dilindən etiraf olunmayıb və bunlarda əli olanlar haqlı cəzalarına çatmayıb, o zamana kimi, Errmənistanla hər hansı münasibətdən, onların hər hansı layihədə iştirakından söhbət gedə bilməz. Ancaq hələ də gec deyil, onlar öz yanlışlıqlarından, təcavüzkarlıq, işğalçılıq xislətlərindən və siyasətlərindən əl çəkməlidirlər. Baş yolları da yoxdur, artıq dalana dirəniblər…”
E. İbrahimov bir daha ölkə Prezidentinin səfərinə və üçtərəfli sammitə toxunaraq bildirib ki, bu, 3 ölkə arasında münasibətlərin inkişafında növbəti mərhələ olacaq:
“Bir daha bu səfəri və üçtərəfli sammiti yükək qiymətləndirir, onun qarşılıqlı münasibətlərin inkişafına böyük təkan verəcəyi və yeni mərhələ təşkil edəcəyini əminliklə vurğulamaq istəyirəm”.

Millət vəkili, professor Jalə Əliyeva da ölkə Prezidentinin İrana səfərini, İran dövlətinin rəsmi şəxsləri, o cümlədən, Rusiya Federasiyasının dövlət başçısı ilə görüşünü, xüsusilə, üçtərəfli sammiti, Birgə Bəyannaməni çox müsbət və yüksək dəyərləndirdiyini bildirib.
“Hesab edirəm ki, belə səfərlər, görüşlər, sammitlər olduqca əhəmiyyətli və vacibdir. Bunlar ancaq və ancaq xeyrimizə olan məqamlardır. Cənab Prezident İlham Əliyevin də səfər zamanı vurğuladığı kimi, bu, qlobal miqyaslı çox mühüm hadisədir. “Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam”-deyə, möhtərəm Prezidentimiz sözlərinə əlavə etdi. Məlum Birgə Bəyannamənin imzalanması, imzalama mərasimindən sonra səsləndirilən bəyanatlar da cənab İlham Əliyevin bir daha haqlı və nə qədər uzaqgörən dövlət adamı olduğunu əyani nümayiş etdirdi. Bu baxımdan hesab edirəm və inanıram ki, bu səfərdən və sözügedən sammitdən sonra Azərbaycan-İran-Rusiya münasibətləri daha da inkişaf edəcək, məlum prosesin nəticələri bölgəmizdə sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar edilməsində böyük rol oynayacaq. Bu, həm də illərdir ədalətli çözümünü gözlədiyimiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə təkan göstərəcək, öz töhfəsini verəcək”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





