“Üçüncü günün adamı” bədii filmi təqdim olunub – FOTO

Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, film Qarabağ mövzusundadır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinomatoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə yeni ekran əsəri barədə məlumat verib.

Bildirilib ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Azərbaycan filminin son illərdəki uğurlardan söz açıb. Bildirib ki, son illər filmlərimiz dünyanın 60-dan çox nüfuzlu festivalında nümayiş olunaraq böyük uğur qazanıb.

Prodüser “Üçüncü günün adamı” filminin də böyük uğur qazanacağına və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına böyük təkan verəcəyinə inamını ifadə edib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Aktyorlar da yeni ekran əsəri ilə bağlı fikirlərini bölüşüb və “Üçüncü günün adamı” filmini müharibə mövzusuna yeni rejissor baxışı kimi dəyərləndiriblər.

Sonra ekran əsəri nümayiş olunub.

Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir…

Film böyük maraqla qarşılanıb.

Etikxeber.az

Read Previous

Ərdoğanla Tramp arasında telefon danışığı oldu

Read Next

Leyla Əliyeva uşaqlarla əyləncə proqramında iştirak edib,Talassemiya Mərkəzində olub – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir