Üçüncü qrup müharibə əlili, Qazi, keçmiş Xüsusi Təyinatlı, məcburi köçkün, iki övlad atası olan-SADİQ MƏHƏRRƏMOV ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ…

Hazırda Bərdə rayonunun Mamırlı kəndində yaşayan məcburi köçkün, keçmiş Xüsusi Təyinatlı, Qazi Sadiq Əhliman oğlu Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müraciət ünvanlayıb.

Etikxeber.az müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

“Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sadiq Əhliman oğlu Məhərrəmov əslən Qubadlı rayonundan olsam da, 1993-cü ilin aprel ayının 8-də Ağdam rayonunun Şotlanlı kəndində dünyaya gəlmişəm. Həmin ildən də öncə kəndimizin, sonra isə Ağdam rayonunun işğal olunması ilə əlaqədar olaraq, ailəmlə birlikdə Tərtər rayonunun Mamırlı kəndində məcburi köçkün kimi yaşayıram. 10 ilə yaxın həyatımı Orduya, hərbə həsr etmişəm. Əvvəlcə Daxili Qoşunların, sonra isə Sülahlı Qüvvələrimizin Xüsusi Təyinatlılarından olmuşam. İkinci Vətən Müharibəsində, bir sıra əməliyyatlarda və “Qisas” əməliyyatında iştirak etmişəm. “Qisas” əməliyyatı zamanı ağır kəllə-beyin travması almışam. Qaziyəm, 3-cü qrup (iki illik) müharibə əliliyəm. Həm də Qəhrəman Tərtərin yeganə Xüsusi Təyinatlı Qazisiyəm.

Qeyd edim ki, hərbi polis işləyən tək qardaşım da İkinci Vətən Mühatibəsinin iştirakçısıdır. Ailəliyəm, iki qız atasıyam. Hazırda işsizəm. Atam, anam, həyat yoldaşım da işsizdir. Heç zaman da özümlə, üzləşdiyim problemlərlə bağlı kimsəyə şəxsi xahiş, müraciət etməmişəm, kimsəyə ağız açmamışam. Qürurumu, Mənliyimi, Xüsusi Təyinatlı, Qazi adını gözləmişəm. Eyni zamanda qeyd edim ki, ötən müddətdə nə işlə, nə də evlə-mənzillə təmin olunmuşam. Həmçinin, “Vətən müharibəsi iştirakçısı” medalından başqa heç bir medal və ordenlə təltif olunmamışam. Hansı ki, bunlar da mənim Haqqımdır.

Qeyd etdiyim kimi, hazırda da on nəfərdən ibarət olan ailəmlə (həm də ailəsində əlil körpə uşaq olan) birlikdə Tərtər rayonun Mamırlı kəndində, gözdən-könüldən uzaq olan bir məkanda yaşayıram. Ancaq təəssüflər olsun ki, burada da yaşamağımıza mane olmaq istəyənlər var. Bəhanə də odur ki, guya həmin məkan Bərdə-Ağdam magistral yoluna yaxındır, ona görə oradan çıxarmalıyıq-filan. Ancaq hər kəs də şahiddir və şahid ola bilər ki, həmin məkan, ərazi magistral yoldan çox uzaqdır, heç nəyə də ziyanı, zərəri yoxdur. Biz heç nə istəmirik, istəyirik ki, elə həmin yerdə qalıb-yaşayaq. Başqa bir iddiamız yoxdur.

Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Heydər oğlu!

Dəyərlimiz, əzizimiz, çox hörmətli Mehriban xanım!

Bu müraciəti ünvanlamaqla, Sizlərdən bir-iki məsələdə mənə dəstək olmağınızı xahiş və rica edirəm. Birinci xahişim odur ki, səlahiyyətləriniz çərçivəsində aidiyyatı qurum və səlahiyyət sahiblərinə tapşırıq və göstərişlər verəsiniz ki, bizi həmin ərazidən, məkandan çıxarmasınlar. Bizə həmin məkanda qalıb yaşamağımıza imkan versinlər. Bir Qazi olaraq, mənə düşəcək evdən-mənzildən də imtina etməyə hazıram və imtina efirəm. Təki həmin məkanda, ərazidə yaşayaq. Ona görə xahiş edirəm ki, bu məsələdə bizə dəstək olasınız.

Digər xahişim isə medal və ordenlə təltif olunmağım, mənə düşəcək, halal Haqqım olan “kəşfiyyat pulu”nun nəhayət ödənilməsi ilə bağlıdır. Çox təəssüflər olsun ki, hələ də “kəşfiyyat pulu”nu ala bilmirəm. Hansı ki, bu pula ciddi ehtiyacım var və halal Haqqımdır. Eyni zamanda, Haqqım olan medal(lar) və ordenlə təltif olunmamışam. Odur ki, bu iki məsələnin də müsbət həll olunması üçün aidiyyatı qurum və səlahiyyət sahiblərinə səlahiyyətləriniz daxilində göstəriş və tapşırıqlar verməyinizi Sizlərdən xahiş edirəm.

İnanıram və əminəm ki, belə də olacaq, müraciətim tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizlərə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”

Etikxeber.az

Read Previous

İlham Əliyev Almaniyaya işgüzar-SƏFƏRƏ GƏLDİ – FOTO

Read Next

Dələduzluqla üz-üzə qalan, həmçinin, əlilliyi ləğv edilən Şəhid qızı-BİRİNCİ XANIMDAN KÖMƏK İSTƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir