UEFA Avropa Liqası: “Neftçi”-“Qalatasaray” – 1:3 – “NEFTÇİ” MÜBARİZƏNİ DAYANDIRDI – YENİLƏNİB – (2)

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda “Neftçi”-“Qalatasaray” oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, “Neftçi”nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.

İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Kevin Klensidir. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edirlər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirir.

Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilir.

Bu qarşılaşmanın qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) görüşündə üstün olan tərəflə üz-üzə gələcək. “Neftçi” I təsnifat mərhələsində Makedoniyanın “Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.

Xatırladaq ki, “Neftçi” ilk dəfə avrokubokda Türkiyə klubu ilə qarşılaşacaq. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar. Ümumiyyətlə, qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun “Turan” klubu İstanbulun “Fənərbağça” komandası ilə qarşılaşıb. “Fənərbağça” hər iki oyunda qələbə qazanıb – 5:0 və 2:0. Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə “Antalyaspor” komandası Gəncənin “Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.

“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 2:1 “Qalatasaray”ın xeyrinədir.

21:13

***

Oyunda hesab yenidən dəyişib.

Qonaqlar daha bir qol vurub və hesab 3:1 olub.

21:20

***

Oyun başa çatıb, “Qalatasaray” komandası 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”nin qolunu Mamadu Mbodj vurub.

Rəqib komandadan isə Mbaye Diaqne dubl edib, Kristian Luyindama bir dəfə fərqlənib.

Beləliklə, “Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Etikxeber.az

Read Previous

Anar Ələkbərov Ramiz Mehdiyev və Elton Məmmədovla-BİR ARADA – FOTOLAR

Read Next

“Fəxri adlar məsələsində də problemlər var”-NAZİR ƏVƏZİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir