UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 8-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, qitə turnirində 12 qrup üzrə, ümumilikdə 24 matç oynanılacaq.

“A” qrupunda Ukraynanın “Zorya”, “B” qrupunda Qazaxıstanın “Astana”, “C” qrupunda “Qəbələ”, Almaniyanın “Maynts”, “E” qrupunda Çexiyanın “Viktoriya”, “F” qrupunda Avstriyanın “Rapid”, İtaliyanın “Sassuolo”, “G” qrupunda Yunanıstanın “Panatinaikos”, “H” qrupunda Türkiyənin “Konyaspor”, “İ” qrupunda Fransanın “Nitsa”, Avstriyanın “Zalsburq”, “K” qrupunda isə “İnter” (İtaliya) komandası Avropa Liqasında növbəti mərhələyə adlamaq şanslarını itiriblər.

“A” qrupunda mübarizə aparan “Fənərbağça” (Türkiyə) hazırda 10 xalla qrupa başçılıq edir. İstanbul təmsilçisi “Feyenoord” (Hollandiya) ilə səfər görüşündən heç-heçə ilə ayrılacağı təqdirdə belə mərhələ adlayacaq. Bircə böyük hesablı məğlubiyyət “sarı-lacivərtlər”i mərhələ keçmək yolunda dayandıra bilər. Qrupun digər oyununda İngiltərənin “Mançester Yunayted” komandası Ukraynada “Zorya” ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi “Qəbələ”nin çıxış etdiyi “C” qrupunda lider müəyyənləşəcək. Hazırda birinci pillədə qərarlaşan “Anderlext” klubu Belçikada Fransa “Sent-Etyen”ini sınağa çəkəcək. Meydan sahiblərinə növbəti mərhələyə qrup lideri kimi yüksəlmək üçün bərabərlik də kifayət edirsə, qonaqlar bunun üçün mütləq qələbə qazanmalıdırlar. Almaniyada “Maynts” və “Qəbələ” arasındakı görüş isə heç bir komandanın şansı olmadığından formal xarakter daşıyacaq.

“J” qrupunda isə Azərbaycanın digər təmsilçisi “Qarabağ”ın taleyi müəyyənləşəcək. Bakıda “Fiorentina” ilə qarşılaşacaq “Qarabağ” mərhələ adlamaq üçün məğlub olmamalıdır. Qalib gələcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq Qurban Qurbanovun rəhbərlik etdiyi komanda heç-heçə sayəsində ya Yunanıstandakı oyunda bərabərliyi, ya da meydan sahiblərinin məğlubiyyətini gözləməlidir.

“L” qrupunda mübarizə aparan Türkiyənin “Osmanlıspor” klubunun vəziyyətini yaxşı adlandırmaq olar. Türkiyə təmsilçisi evdə “Sürix”lə keçiriləcək matçdan ən azı heç-heçə ilə ayrılacağı təqdirdə növbəti mərhələni təmin etmiş olacaq.

Etikxeber.az

Read Previous

Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək – PREZİDENTin FƏRMANI

Read Next

UEFA Çempionlar Liqasında yeni rekord qeydə alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir