“Ülvü həmişə atasına deyərdi ki, əmimin qanını yerdə qoymayacağam, onun qisasını özüm alacağam…”-EVİN-AİLƏNİN TƏK, ALİ TƏHSİLLİ, SUBAY OĞLU, PEŞƏKAR HƏRBÇİ, LEYTENANT, ƏSLƏN QUBADLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÜLVÜ MƏHƏRRƏMOVUN ANASI XATİRƏ QORÇİYEVA – FOTOLAR

Vətən yolunda Şəhidliyi, Şəhadəti seçən Vətən sevdalısı İgidlərimiz sırasında əslən Qubadlılı olan Ülvü Məhərrəmov da var…

Birinci Qarabağ Savaşı Şəhidi-itkin, məzarsız Şəhidlərimizdən olan əmisinin qisasını almaq üçün anbaan Şəhidliyə doğru yürüyən peşəkar hərbçi İlvü Məhərrəmov…

Üzünü heç zaman görməsə də, doğma Qubadlısı, ana-ata yurdu üçün darıxan, onun uğrunda canından belə keçməyi göz önünə alan və bu uğurda da, bu yolda da canından keçən Ülvü Məhərrəmov…

Cəmi 23 yaşında Şəhidlik Zirvəsinə ucalan Ülvü Məhərrəmov…

Canından çox sevdiyi valideynlərinin, ata-anasının, tək bacının gözlərini yaşlı qoyan, ancaq öz qanı ilə Vətənin göz yaşlarını silən, Qarabağını, doğma Qubadlısını sevindirən Vətən sevdalısı Ülvü Məhərrəmov…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi Ülvü Tahir oğlu Məhərrəmov…

***

Qeyd edim ki, Ülvü Tahir oğlu Məhərrəmov 1997-ci ilin iyul ayının 5-də Sumqayıt şəhərində-sadə bir ailədə dünyaya gəlib…

Əslən Qubadlılı, Sarıyataqlı olan Ülvü ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Ondan yaşca böyük olan tək bacısı hazırda ailəli, üç övlad anasıdır…

Ülvü həm də Şəhid ailəsindən olub…

Əmisi, Azərbaycan Ordusunun Əsgəri olmuş Mirzə Bayram oğlu Məhərrəmov Birinci Qarabağ Savaşında-Ağdərədə itkin düşüb…

İtkin-məzarsız Şəhidlərimizdəndir…

Və Ülvü də hər zaman atasına, valideynlərinə deyərmiş ki, əmimin qanını yerdə qoymayacağam, onun qisasını özüm alacağam…

Ülvü 2003-2012-ci illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mahruzlu kənd orta məktəbində oxuyub…

Sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…

Çünki hərbçi olmaq, Vətənin keşiyində dayanmaq onun uşaqlıq arzusu olub…

Hərbi Liseydə oxuduğu dövrdə də doğma məktəbini, ona əziz olan müəllimlərini, sinif yoldaşlarını unutmayıb…

Sumqayıta, valideynlərinin yanına gələn kimi tez gedib doğma Mahruzlu məktəbinə, müəllimlərinə də baş çəkib, onlarla görüşüb, söhbətləşib…

Hərbi Liseyi bitirdikdən sonra isə 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib…

Leytenant rütbəsinə layiq görülüb…

Ali məktəbi bitirdikdən sonra bir peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərməyə başlayıb…

Və bir Vətən sevdalısı, bir Qubadlılı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Şərəfli döyüş yolu 18 gün çəkib…

Axırıncı dəfə isə ailəsi ilə Şəhidliyindən bir həftə öncə danışıb, onlara hər şeyin yaxşı, yolunda olduğunu, irəliyə, Qələbəyə doğru getdiklərini bildirib…

oktyabrın 14-də Hadrut istiqamətində-cəmi 23 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi yalnız bir həftədən sonra, oktyabr ayının 21-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

İgidliyinə, Qəhrəmanlığına görə altı medalla və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

23 yaşında Şəhidlik məqamına ucalan Ülvü həm də subay olub…

Ailəsi, valideynləri isə istəyirlər ki, doğma Qubadlısında Ülvünün adına küçə və məktəb verilsin…

***

Şəhidimizin anası Xatirə xanımla, Xatirə Qorçiyeva ilə 11 may 2024-cü il tarixində Mahruzlu kənd orta məktəbinin yerləşdiyi binada həm övladına, həm də digər Qubadlılı İkinci Vətən Müharibəsi Şəhidi Elçin Alıyevə həsr olunmuş tədbirdə tanış oldum…

Şəhidimizin anasına Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Bir ömür boyu Ülvülərə, Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Şəhidimizin anası ilə az, qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Və söz verdim ki, bir gün onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Allah bir daha səbr və dözümlərini versin!

Allah bir daha Şəhidimizin məkanını cənnətlik, məqamını Uca etsin!

Nurlar içində uyusun, Nur üzlümüz!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dərdim dözülməzdir…Beş günün içində iki balamı itirdim…Elçinim Vətən yolunda Şəhid oldu, Eminimin isə ürəyi qardaş dərdinə dözmədi…”-ƏSLƏN QUBADLILI OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ALİ TƏHSİLLİ, PEŞƏKAR HƏRBÇİ, MAYOR ELÇİN ALIYEVİN ANASI ADİLƏ ALIYEVA – FOTOLAR

Read Next

Yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir