“Ümidimiz yalınız Sizədir…”-20 İLDİR KİRAYƏDƏ YAŞAYAN ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI MƏMURLARDAN ŞİKAYƏT ETDİ, ÖLKƏ PREZİDENTİNDƏN KÖMƏK İSTƏDİ

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm Əliyevin anası Akifə Həmid qızı Ağayeva tərəfindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə növbəti dəfə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydəroğlu!

Sizə müraciət edən yenə Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, Şəhidlərindən olan hərbçi-MAXE, 3 medallı Adəm Əliyevin anasıdır. Bu, Sizə artıq neçənci müraciətimdir, deyə bilmirəm, sayını belə itirmişəm. Yeni-növbəti müraciətim də əvvəlkilərin bir qədər başqa formada təkrarıdır. Çox istərdim ki, ünvanladığım xahiş və rica dolu müraciətlərimi birbaşa Sizə-şəxsinizə çatdıraydılar və özünüz şəxsən onlarla tanış olaydınız. İnanıram və əminəm ki, o zaman növbəti müraciətlərimə, elə bu müraciətimə də ehtiyac qalmaz(dı). Qaldırdığım məsələlər, problemlər, etdiyim xahişlər dərhal və müsbət həllini tapardı anındaca. Buna adım  kimi əminəm, çünki Siz gerçəkdən də ADİL və ƏDALƏTli, hər zaman HAQQın və HAQLInın yanında, onların ümid, pənah yeri, dayağı, arxası olmusunuz. 18 illik uğurlu və tarixi Prezidentliyiniz dövründə yaşananlar, şahidi olduqlarımız bunun tam əyani sübutudur.

Amma çox təəssüflər olsun ki, bəzi məmurlar, vəzifə, səlahiyyət sahibləri  hələ də edilən xəbərdarlıqlara baxmayaraq, öz məsuliyyətlərini sonacan və axıradək hiss etmir, başa düşmür və ya hiss etmək, basa düşmək istəmirlər. Onlar isti kürsülərindən, kreslolarından sadə, sıravi insanlara yuxarıdan aşağı baxır, bəzən də ifadəmə görə üzr istəyirəm, onları saya salmırlar. Bir Qəhrəman və bir Şəhid anası kimi özüm də 10 aya yaxındır ki, məmurlar, vəzifə, səlahiyyət sahibləri tərəfindən eyni halı, aqibəti yaşayıram və yaşamaqdayam.

Nə Kürdəmir rayon İcra Hakimiyyətində yüksək postlarda əyləşənlər, nə də digər dövlət qurumları və onların rəhbər şəxsləri (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sair) Şəhid ailəsi kimi bizim problemlərlə, dərd-sərimizlə maraqlanırlar. Əksinə, bir çox hallarda aidiyyatı qurumlara, yüksək instansiyalara ünvanladığımız müraciətlərə “cavab” olaraq, bizim xəbərimiz olmadan və bizim adımızdan yalan-yanlış, həqiqətə uyğun gəlməyən məlumatlar, dezinformasiyalar  ötürür, haqqımızda, haqqımda yanlış təsəvvürlər formalaşdırmağa cəhd edir və bununla da öz məsuliyyətlərini üzərlərindən atmağa çalışırlar”.

Müraciətdə sonra deyilir:

“Cənab, Prezident!

Digər müraciətlərimdə də qeyd etdiyim kimi, mən Şəhidimi və digər övladımı təkbaşına, atasız  böyütmüşəm. Həyat yoldaşımla ayrıldıqdan sonra övladlarıma həm ata, həm ana olmuşam, onları kirayə, şəraitsiz, darısqal, nəm bir evdə minbir əzab-əziyyətlərlə böyütmüşəm. Adəmim Şəhid olana kimi də heç bir dövlət idarəsinin, İcra Hakimiyyətinin qapısını döyməmişəm, yaşamaq, dolanmaq üçün kimsədən heç nə tələb etməmişəm. Amma övladım Vətən yolunda Şəhid olandan bu yana yaşayış şəraitimizlə bağlı döymədiyim qapı qalmayıb, ancaq Kürdəmir rayon İcra Hakimiyyəti də daxil olmaqla, hər zaman başdan edilmişəm, yola verilmişəm. Kimsə gəlib mənimlə, övladımla, “ev” adına utanc olan və kirayədə qaldığımız evimizlə, evlə maraqlanmayıb. Müraciətlərimdə də vurğuladığım kimi, mənim dünya malında, evdə, mənzildə, torpaqda…gözüm yoxdur.

Övladımın Şəhidliyindən sonra dünya gözümə görünmür, mənə dünya malı-filan lazım deyil. Amma mən tək özüm üçün yaşamıram, mənim  gözümü  tikdiyim yeganə oğlan övladım da var, onu da fikirləşmək, ona da bir gün ağlamaq məcburiyyətindəyəm. Ona görə istəyirəm, istəyirik ki, 20 ildir yaşadığımız, Şəhidimizin xatirəsi, anları olan küçədə-Üzeyir Hacıbəyov küçəsində, “Gənc Heydərçilər” parkının yanında və öz şəxsi vəsaitimiz hesabına tikdirdiyimiz, Şəhidimin adını daşıyan “Şəhid bulağı”nın arxasındakı 2-3 sotluq boş, istifadəsiz ərazidə, torpaq sahəsində başımızı daldalamaq, ömrümüzün qalan hissəsini birtəhər yola vermək bir ev, daxma tikək, qaraldaq.

 Amma çox təəssüflər ki, aylardır bu yöndəki müraciətlərimizə heç bir qanuni, hüquqi əsası olmayan, saxta, bir-birini inkar, təkzib edən “sənədlər”lə cavab verilir. İcra Hakimiyyəti bir “sənəd”  ortaya qoyur, “Kadastr” başqa bir “sənəd”…Birində bu ərazinin kiməsə məxsusluğu, birində isə “ümumi istifadə”də olduğu deyilir…Yenə də deyirəm ki, heç birinin də qanuni, hüquqi əsası yoxdur…Hələ ortada olan digər məqamlar da var ki, onları bir müddət öncə hüquq-mühafizə orqanlarına bir-bir demişəm, çatdırmışam… Amma təəssüflər olsun ki, hələ də heç bir nəticə, heç bir əməli addım, heç bir könül sevindirən məqam yoxdur.

Əvəzində adımızdan deyilir ki, guya bizə başqa torpaq sahəsi təklif olunub, guya biz imtina etmişik, adımızdan iddia edilir ki, guya bizə işlətmək üçün gözəllik salonu təklif olunub, guya biz imtina etmişik… Bir sürü yalan-dolan…Bizə nə torpaq, nə gözəllik salonu, nə də başqa bir şey təklif olunub…Qeyd etdiyim kimi, bu on ayda kimsə bizimlə maraqlanmayıb, problemlərimizin, xüsusilə, ev-torpaq məsələsinin həllində bizə köməklik etməyib”.

“Ona görə bir Şəhid anası kimi müraciət edərək, çox-çox xahiş və rica edirəm ki, bizə kömək edəsiniz, bizə dayaq olasınız, arzuladığımız və Şəhidimin haqqı olan ərazidən 2-3 sot torpaqla təmin olunmağımıza köməkliyinizi əsirgəməyəsiniz, aidiyyatı qurumlara, xüsusilə, aylardır Şəhid ailəsini get-gəllərə salan, haqsızlıqlara məruz qoyan Kürdəmir rayon İcra Hakimiyyətinə göstəriş və tapşırıqlar verəsiniz.

Məsələnin müsbət həllinə nail olasınız və Şəhid ailəsini sevindirəsiniz. Eyni zamanda, bu məsələdə süründürməçiliyə, bürokratiyaya, qanunsuzluqlara yol verənlərin cəzalandırılmasına nail olasınız.

İnanıram və əminəm ki, belə də olacaq, bu müraciətim əvvəlkilərin taleyni, aqibətini yaşamayacaq, əksinə, özünün müsbət həllinə nail olacaq. Bununla həm Şəhidimizin ruhu dinclik tapmış, həm də Şəhid ailəsi, Şəhid anası sevindirilmiş, azacıq olsa belə, üzümüz güldürülmüş olacaq. Ümidim, ümidimiz yalnız Sizədir! Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

P.S Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Read Previous

Cənnətdəki ilk ad günü: 3 ÖVLAD ATASI ŞƏHİD ELÇİN MİRZƏYEVİN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU, ŞƏHİD QIZLARI ATALARINA YAZDIQLARI MƏKTUBLARI OXUDU, DUYĞULU ANLAR YAŞANDI…-FOTOLAR – YENİLƏNİB

Read Next

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir