“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

Məktəblərdə psixoloqlar qalsın, qalmasın?

Milli Məclisin (MM) fevralın 19-da keçirilən  növbəti plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, layihə barədə MM-in Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

Komitə sədrinin dediyinə görə, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

O, qeyd edib ki, qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Komitə sədri bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

İ. Həbbibəyli sonra deyib ki, qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir:

“Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir”.

Ümumiyyətlə, Qanun layihəsində bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Bundan başqa, qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Komitə sədri məruzəsində psixoloqlarla bağlı məsələyə də toxunaraq deyib ki, bəziləri bunun ləğvini təklif edirdilər:

“Onlar orta məktəblərdə psixoloqlara ehtiyac olmadığını bildirirdilər. Amma bəziləri də belə hesab edirdilər ki, əksinə, psixoloqların sayının daha çox artırılmasına ehtiyac duyulur. Biz də komitə olaraq, hesab etdik ki, psixoloqlara ehtiyac var, onların ləğvi, sayının azaldılması düzgün deyil”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İran radiolarının dalğaları bizim radioları üstələyir” – MİLLƏT VƏKİLİ

Read Next

Azərbaycanın inkişafı-inklüziv inkişaf – MEHDİ ABDULLAYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir