Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhidlik və Qəhrəmanlıq təsadüfi olmur…
Şəhid və Qəhrəman elə yaranışdan, yaradılışdan, elə doğuşdan belə olur, dünyaya Şəhid və Qəhrəman olaraq gəlir…
Alnına, taleyinə, qismətinə Qəhrəmanlıq, Şəhidlik yazılan belə Oğullardan biri də Naxçıvanlı İkinci Vətən Müharibəsi Şəhidi Bağır Əsəd oğlu Ələkbərovdur…
Dünyaya gəldiyi gündən kimsə duymadan, hiss etmədən Şəhidliyə doğru yürüyən Bağır uşaqlıqlan hərb sənətini sevirmiş, hərbçi olmaq istəyirmiş…
Amma…
Atası, Birinci Qarabağ Savaşının iştirakçısı Əsəd kişinin dediklərindən:
“Mən özüm hərbçi olmuşam uzun illər…Birinci Qarabağ Müharibəsində, Sədərək döyüşlərində iştirak etmişəm…Bağır da hərbçi olmaq istəyirdi…Amma mən razı deyildim…Orta məktəbi bitirdikdən sonra universitetə qəbul olunmuşdu…Amma ali təhsilinin dalınca getmədi…2013-cü ildə həqiqi hərbi xidmətə, Əsgərliyə yollandı…Elə həmin vaxtdan da taleyini uşaqlıqdan sevdiyi hərblə, hərb sənəti ilə bağladı…”
Gizirlik kursunu oxuyan və Azərbaycan Ordusunun Giziri kimi Bağır 2018-ci ilin yazında tarixi Günnüt əməliyyatında iştirak edib Naxçıvan Xüsusi Təyinatlılarının mənsubu olaraq…
Və bu əməliyyatda qəhrəmanlıqlara imza atıb…
2020-ci ilin oktyabrın 11-də isə Naxçıvan Xüsusi Təyinatlıları ilə birlikdə İkinci Vətən Müharibəsinə qoşulub, Vətənin müdafiəsinə atılıb…
Döyüş yolu cəmi bir neçə gün çəkən Bağır Hadrut istiqamətində Şəhidlik məqamına ucalıb…
Nəşi Naxçıvan şəhərinin Əliabad qəsəbə qəbiriatanlığında Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Bu yerdə qeyd edim ki,əslən Kirnalı, Culfalı olan Bağır Ələkbərov 1995-ci ilin fevral ayının 10-da Naxçıvan şəhərində-Əcəmi məhəlləsində dünyaya gəlib…
Ailənin iki oğlan övladından, iki qardaşdan biri idi…
7 ilin peşəkar hərbçisi, Azərbaycan Ordusunun Giziri, Naxçıvan Xüsusi Təyinatlılarından olub…
2017-ci ildə ailə həyatı qurub…
Nərmin adlı xanımla evlənib…
2018-ci ildə ilk övladı-oğlu dünyaya gəlib və ona atasının adını-Əsəd adını qoyub…
Şəhidliyindən 4 ay sonra-2021-ci ilin fevral ayının 9-da isə ikinci, üzünü görmədiyi oğlan övladı dünyaya gəlib…
Onun vəsiyyətilə övladına Tunar adı verilib…
Tunarın dünyaya gəlişindən bir gün sonra isə atasının-Bağırın 26 yaşı tamam, Cənnətdəki ilk doğum günü olub…
Əsəd kişinin dediklərindən:
“Bağırın doğum günü 10 fevral, Tunar doğum günü isə 9 fevraldır…Tunar anadan olanda dedilər ki, bəlkə onun da doğum tarixini 10 fevral kimi qeyd edək, yazaq, amma mən razı olmadım…Dedim ki, necə varsa, elə də yazılsın…”
Hazırda balaca Tunarın beş yaşı var, babasının adını daşıyan Əsəd isə ikinci sinfi bitirib…
Atalarının torpağı sanı yaşasınlar, ruhu köməkləri olsun!
Cəmi 25 yaşında Şəhadətə qovuşan Şəhidimizin də ruhu şad, məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Allah ailəsinə-doğmalarına səbr versin!
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





