Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
O vaxt Xocalı faciəsi yenicə baş vermişdi.
Martın ilk günləri, 1992-ci ildə qara gələn Novruzumuzun ərəfəsi idi.
Bütün Azərbaycan Xocalı müsibətinin dəhşətini yaşayırdı.
Vaşinqtondan “Amerikanın səsi” radiosu Azərbaycan redaksiyasının müdiri, şərqşünas professor Həsən Cavadi Bakıya gəlmişdi. Mən də həmin dövrdə o radioda işləyirdim. “Amerikanın səsi”nin xüsusi müxbiri olaraq Xocalı soyqırımı ilə əlaqədar yalnız həmin radionun Azərbaycan xidməti üçün deyil, fars, ingilis, rus redaksiyalarından ötrü də xəbərlər hazırlamışdım.
Həsən Cavadi Xocalı zərərdidələrindən kimlərləsə görüşüb müsahibə almaq, onların səsini lentə yazmaq isəyini dilə gətirdi. O vaxtlar mənim qohumum və dostum Rafiq İmanov Respublika Xəstəxanasında baş həkimin müavini işləyirdi. Zəng vurdum, söylədi ki, Xocalıdan yarımcan salamat qurtaranlardan bir neçəsi onlarda müalicədədir.
Dərhal xəstəxanaya yollandıq. Cavan bir qızın çarpayısının yanında əyləşmişdik. Fevralın 25-dən 26-na keçən gecə bu xanımın bütün ailəsini məhv etmişdilər. Özü nazik bir paltarda, ayaqyalın, başıaçıq qarlı dağlardan aşaraq Allahın möcüzəsiylə salamat qala, qaçıb canını qurtara bilmişdi. Sual verirdik, sanki səsimizi eşitmirdi, sifətinə baxırdıq, ö çöhrdədə hiss ifadə edən bir əzələ tərpənişi belə yox idi, hərdən gözlərini qırpırdı və bundan bilinirdi ki, yatmayıb, oyaqdır. Lakin o tam donuq gözlərdə həyat əlaməti yox idi, sanki bu bir cüt qözəl qara gözlər çoxdan canını tapşırmış insanınkı idi.
Bircə kəlmə belə danışmadı. Fəqət o matəmli, hissiz, dünyadan küsmüş gözlər bizə kitablara sığmayacaq sarsıntıları, ələmləri aşkarca göstərirdi. Xocalı soyqırımı ilə bağlı xronikalar qalır, filmlər var və söz yox, gələcək illərdə yeniləri də çəkiləcək. Ancaq 1992-ci ilin martında Xocalının o 26 fevral gecəsi şahidinin (diri şəhidinin!) donuq gözlərində seyr etdiyim filmdən doğruçusunu və yandırıcısını yəqin ki, dünyanın ən qüdrətli rejissoru belə yarada bilməyəcək.
Rafael Hüseynov,
Akademik
Etikxeber.az