Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.
Etikxeber.az xəbər verir ki, gün ərzində keçiriləcək oyunlarda “A” qrupunda yer alan komandalardan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları üz-üz gələcəklər. “B” qrupunda isə Portuqaliya-Mərakeş və İran-İspaniya görüşləri keçiriləcək.
Dünya çempionatının yeddinci gününə saat 16:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq Portuqaliya-Mərakeş oyunu ilə start veriləcək. Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.
Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.
“A” qrupunda Rusiyanın iki qələbə qazanaraq 6 xalla səkkizdəbir finala yüksəlməsindən sonra bu qrupun favoriti sayılan Uruqvayın da Səudiyyə Ərəbistanını məğlub edərək növbəti mərhələyə çıxmaq şansları böyükdür. Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. “Rostov Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Görüşü fransalı referi Klemen Turpin idarə edəcək.
Günün saat 22:00-da başlayacaq üçüncü görüşündə hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar.
İlk turda Mərakeş üzərində vacib üç xal qazanan İran qrupdan çıxmaq şanslarını qorumaq üçün bu görüşdə ən azı heç-heçə etməlidir. Birinci turda Portuqaliya ilə heç-heçədən sonra ispaniyalılar səkkizdəbir finala çıxmaq şanslarını yaxşılaşdırmaq üçün 3 xalla qrupa liderlik edən İran millisini mütləq məğlubiyyətə uğratmalıdırlar.
***
Artıq Portuqaliya-Mərakeş qarşılaşması başlayıb.
Oyunun 4-cü dəqiqəsində isə hesab açılıb.
Portuqaliya yığmasının ulduzu Ronaldu Mərakeşin qapısından qol (top) keçirib.
Bu, onun dünya çempionatında 4-cü qoludur.
***
Oyun 1:0 hesabı ilə də başa çatıb.
***
Hazırda Uruqvay-Səudiyyə Ərəbistanı milliləri qarşılşır.
Uruqvaylılar 1:0 hesabı ilə öndədirlər.
***
Oyunda hesab hələlik 1:0 uruqvayıların xeyrinədir.
***
İndi də İran və İspaniya milliləri qarşılaşırlar.
“Kazan Arena”da keçirilən oyunda iranlıların start heyətində Əli Beyranvand, Məcid Hosseyni, Morteza Purliqanci, Ehsan Həcəfi, Ramin Rezaeyan, Səid Ezatolahi, Omid İbrahimi, Mehdi Terami, Kərim Ensarifard, Vahid Əmiri, Sərdar Azmun meydana çıxıblar.
İspaniya millisində start heyətində isə David De Xeya, Serxio Ramos, Jerar Pike, Dani Karvaxal, Jordi Alba, Andres İniesta, Serxio Buskets, David Silva, Lukas Vasqets, İsko, Dieqo Kosta yer alıblar.
İran ilk turda Mərakeş yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. İspaniya isə Portuqaliya ilə heç-heçə edib – 3:3. Bu gün Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən portuqaliyalılar hazırda 4 xalla qrupa liderlik edirlər. İspaniya yığması səkkizdəbir finala yüksəlmək şanslarını yaxşılaşdırmaq üçün İran yığmasını mütləq məğlub etməlidir.
Qeyd edək ki, İran yığması ilk dəfədir iki dəfə dalbadal dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.
2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.
Qrup mərhələsinin üçüncü turunda Portuqaliya ilə İran və İspaniya ilə Mərakeş qarşılaşacaqlar.
***
Oyunda yeganə qol matçın 54-cü dəqiqəsində vurulub.
İspaniyalıların hücumu zamanı Dieqo Kosta adını tabloya yazdırıb – 1:0. Bu, Dieqo Kostanın mundialda üçüncü qolu olub.
Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan iranlılar bir neçə təhlükəli vəziyyət yaradıblar.
Qarşılaşmanın 62-ci dəqiqəsində İran millisi standart vəziyyətdən qol vursa da, hakim VAR sistemindən istifadə edərək həmin epizodda oyundan kənar vəziyyətin olduğuna qərar verib və qolu hesaba almayıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və İspaniya millisi dünya çempionatında ilk qələbəsini qazanıb.
Etikxeber.az





