Uşaqlar dini mərasimlərə, ayinlərə qatılmalıdırmı? – RƏYLƏR

Zahid Oruc: “Uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata – bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və …”

Məlahət İbrahimqızı: “Körpə uşaqların dini mərasimlərə aparılması, ayinlərə qatılması yolverilməzdir”

Hüquqi, dünyəvi, demokratik ölkə kimi  Azərbaycanda da din dövlətdən ayrıdır. Bununla yanaşı, hər kəsin vicdan azadlığı Konstitusiya ilə və “Dini etiqad azadlığı haqqında” müvafiq qanunla təsbit edilib. Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar birgə yaşayır, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir.  Elə bu günlərdə Məhərrəm ayı ilə əlaqədar, Aşura günü dini ayinlərin icrası zamanı  yaşananlar və mətbuatda işıqlanan bəzi faktlar təəssüf hissi doğurmaya bilməz. Xüsusilə də, bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi haqlı olaraq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta, Milli Məclisin (MM) bir neçə gün öz işinə başlayan payız sessiyasında da bu məsələ ciddi müzakirə mövzusu olub. Üstündən bir neçə gün keçməsinə baxmayaraq, ancaq bu məsələ cəmiyyətdə hələ də müzakirə, mübahisə mövzusu olaraq qalmaqdadır.

Bu haqda fikirlərini Etikxeber.az-a bölüşən millət vəkili Zahid Oruc  ilk öncə bu yöndə nazarazılığını, etirazını parlamentin payız sessiyasının ilk plenar iclasında dilə gətirdiyini xatırladıb. Yenə də həmin fikirlərinin üzərində qaldığını deyən millət vəkili bildirib ki, Azərbaycanda hər bir vətəndaşın dini etiqadına azadlıq verilib və buna hörmətlə yanaşılır.  Onun sözlərinə görə, dini ayinlərin azad şəkildə keçirilməsi üçün meydan tanınıb:

zahid_oruc_esas

“Parlamentdəki çıxışımda da vurğuladığım kimi, lakin bununla bərabər bu günlərdə ölkəmizdə Aşura mərasiminin keçirilməsi zamanı bir tərəfdən bizim İslam dininin qorunub saxlanmasında rolu olan İmam Hüseynin müsibətinə gözyaşı axıdan, həqiqi ağrılar keçirən minlərlə insanı gördük. Amma bu sırada, həmçinin biz balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi olduq. Məhz ona görə də parlamentin deputatı kimi bu məsələyə öz münasibətimizi ifadə etdik və qeyd etdik ki, Azərbaycanın öz daxili ictimai-siyasi idarəetmə quruluşu var. Etiqadın qeyd olunması forması bunun içərisində axtarılmalıdır. Ayrı ölkələrin modellərini götürüb bura tətbiq edəndə çox ağır nəticələr alına bilir. Bizim balacalarımız orada səslənən şüarların altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir. Çox təəssüf ki, dediyimiz ikinci hal daha çox özünü göstərmiş olur”.

Millət vəkili  qeyd edib ki, uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata – bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və məktəblə məscidin arasında qalırlar:

“Biz yaxşı bilirik ki, Məhəmməd peyğəmbər əleyhissalam hər zaman məktəbi məsciddən üstün tutub. Çox təəssüflər olsun ki, hətta İmam Hüseyn məktəbindən – gerçəkdən də böyük məktəbə, qeyri-bərabər döyüşdə canından qorxmadan öz inancı yolunda həyatını verən amma bununla bərabər, bəşəriyyətə daha artıq dərəcədə tamam başqa düşüncələri sərgiləyən adamın mübarizəsinin fəlsəfəsindən düzgün olmayan nəticələr çıxarırlar. Bu, bəzi adamların Azərbaycanda orta əsrlər geriliyini bərqərar etmək istəyindən irəli gəlir. Biz uşaqlarımıza hansı gələcəyi vəd etmək istəyirik? Bu adamlar həqiqətənmi məktəbdən, təhsildən qopararaq o azərbaycanlılara yaxşı sabah vəd edirlər? Mən düşünürəm ki, ümumiyyətlə uşaqlarımızın o tədbirlərə bu şəkildə aparılması qanunsuzdur. Bizim Konstitusiyamız da, Ailə Məcəlləsi də bunu yasaq edir. Bu insanların dini təfəkkürü formalaşmayıb, onlar hələ dünyanı yeni anlayırlar və hansı simvollarla həyatı onların beyninə yazırsansa, onlar sabah həmin formada olacaqlar. Bizim bayrağımızda üç rəng var, bu, o anlama gəlir ki, Azərbaycan dövləti məhz bu üç fundamentin üzərində qurulub, birini o birindən artıq etsən, sistem yerindən çıxar. Ona görə də hesab edirəm ki, Azərbaycanda İslamın hazırkı şəkli fonunda biz bu dövlətdə dünyəvi bir modeldə yaşamaqdayıq. Dövlətimiz dinsiz və dinimiz də dövlətsiz ola bilməz. Uşaqlarımızı o şəkildə meydanlarda təlqin olunan dindən qorumaq lazımdır. O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da o qüvvələr tərəfindən süngü ilə qarşılanmalı deyil”.

melahet-1

Digər millət vəkili Məlahət İbrahimqızı da  bildirib ki, körpə uşaqların dini mərasimlərə aparılması yolverilməzdir: “Bir neçə gün bundan qabaq Aşura günü ilə bağlı müxtəlif ölkələrdə mərasimlər keçirildi. Azərbaycanın bəzi məscid və ibadət yerlərində də Aşura günü qeyd edildi. Sözsüz ki, Azərbaycan xalqının əksəriyyəti İslam dininə etiqad edir. İslam dini sülh dinidir, həmrəylik dinidir, inkişaf dinidir, mərhəmət dinidir – çox mütərəqqi bir dindir. Bu din xurafat və mövhumat deyil. İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et”.

Millət vəkilinin dediyinə görə, amma çox təəssüf ki, İslam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir:

 “Biz buna imkan verməməliyik. Quran, İslam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə biz bunun əksini görürük. Məsələn, bu günlərdə keçirilən Aşura mərasimində bir sıra məscidlərdə 6-7 yaşında, hətta 3-4 yaşında yetkinlik yaşına çatmayan körpə uşaqların, o cümlədən qız uşaqlarının ayinlərdə iştirakının şahidi olduq. Körpə uşaqların belə mərasimlərə aparılması yolverilməzdir. Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik. Azərbaycanda bu il “İslam Həmrəyliyi İli” elan olunub. Bizim zəngin milli dəyərlərimiz var. Xalqımız bu dəyərlərin zənginliyi ilə həmişə fəxr edib. İslam dini də bu dəyərlərin fövqündə durur. Biz heç vaxt yol verməməliyik ki, dinimiz bu şəkildə təbliğ olunsun. Hər bir insan öz dinini şüurlu olaraq dərk edərək yaşamalıdır, öz dini ibadətlərini həyata keçirməlidir”.

Etikxeber.az

Read Previous

“Mənim Prezidentimin adını çəkməsinlər…” – BAHAR MURADOVADAN XƏBƏRDARLIQ – FOTO

Read Next

NOYABRIN SUALI: AVROPAYA KİM GEDƏCƏK? – Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir