Uşaqlar neçə yaşından bağçaya gedə bilər? -DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Təhsil qanununa önəmli dəyişiklik təklif olunur

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 2-də keçirilən iclasının gündəliyinə “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi salınıb.

Etikxeber.az-ın xəbərinə görə, mövcud qanuna təklif olunan dəyişiklikdə göstərilir ki, 14.5.1-ci maddəyə “xüsusi uşaq bağçası” sözləri və “…digər məktəbəqədər təhsil müəssisələri” sözləri əlavə olunsun.

Həmçinin, 18.3-cü maddədəki “üç yaşından” sözlərinin “1-6 yaşlı uşaqları əhatə edir” sözləri ilə əvəzlənməsi təklif olunur.

isa-habib

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli adıçəkilən dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə göndərildiyini və təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O, qeyd edib ki, dəyişikliklər həm mövcud təhsil qanununa, həm də ölkənin təhsil ictimaiyyətinə, təhsilin inkişafına öz müsbət töhfəsini verəcək.

Komitə sədri eyni zamanda, ölkədə mətkətəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayının çoxaldığını, onların müasir standartlara cavab verə biləcək dərəcəyə çatdırılması istiqamətində mühüm addımların atıldığını deyib:

“Ölkə Prezidentin apardığı siyasət, inkişaf sayəsində Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayı artmaqda, genişlənməkdədir. Bu işlər hər birimizin gözü qarşısındadır. Təhsil qanunua “Məktəbəqədər təhsil haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı mühüm dəyişikliklərin təklif olunması da bununla- inkişafımızla bağlıdır. Bu dəyişikliklər həm təhsil qanunumuzun zənginləşməsinə, həm də təhsil sahəsinin ikişafına öz töhfəsini verəcək”.

***

asimmm

Sözügedən komitənin üzvü Asim Mollazadə təklif olunan dəyişikliklərin çox məntiqli olduğunu deyib.

Eyni zamanda, bildirib ki, komitə ilə Təhsil Nazirliyinin son illərdəki əməkdaşlığı artıq öz səmərəsini və effektini verməkdədir:

“Biz bunu təklif olunan dəyişikliklərdə bir daha aydın şəkildə görürük. Bu dəyişikliklər çox önəmli və məntiqlidir. Hesab edirəm ki, qanunvericiliyimizin təkmilləşdirilməsi istiqmətində nazirliklə əməkdaşlığımızı bundan sonra da davam etdirməliyik. Xüsusilə də, “Ümumi təhsil haqqında” yeni qanunun hazırlanmasında bu əməkdaşlıq çox vacibdir. Yəni, bu əməkdaşlığın ancaq təhsilimizə, elmimizə böyük töhfəsi, xeyiri dəyə bilər”.

***

govhar

Akademik, millət vəkili Gövhər Baxşəliyeva  bəzi bölgələrdə hələ də uşaq bağçalarının azlığından şikayətlənib:

“Bəzi bölgələrimizdə uşaq bağçaları çatışmır, tam tələbatı ödəmir. Bu məsələdə də ciddi problemlər var. Hesab edirəm ki, gələcəkdə bunlar mütləq nəzərə alınmalıdır. Eyni zamanda, uşaqlarla bağlı yaş həddinin 1-6 yaş arasında müəyyən olunması məndə müəyyən narahatlıqyaradır, suallar doğurur. Çünki övlad dünyaya gətirən analara körpəsini böyütmək üçün 3 il məzuniyyət hüququ verilir. Yəni, burada da məqsəd odur ki, uşaqlar ana ilə daha çox təmasda ola bilsinlər, daha normal şəkildə böyüsünlər. İndi 3 yaş məsələsinin 1-6 yaşla əvəzlənməsi məsələsi məndə bu məqamla bağlı müəyyən narahatlıq yaradır”.

Millət vəkilinə cavabında isə komitə sədri iddia edib ki, əvvəlki illərlə müqayisədə ölkədə uşaq bağçalarının sayı həddindən artıq çoxalıb:

“Bu istiqamətdə işlər uğurla da davam etdirilməkdədir. Yaxın illərdə də bu istiqamətdə daha böyük irəliləyişlərin şahidi olacağıq. Təhsil Nazirliyi də, icra hakimiyyətləri də ehtiyac duyulan yerlərdə uşaq bağçalarının tikilməsi ilə bağlı statistikanı aidiyyatı instansiyalara göndəriblər. Eyni zamanda, hökm deyil ki, bütün uşaqlar uşaq bağçalarına getsinlər. Burada da məcburilik yoxdur. Bu məqam da nəzərə alınmalıdır. Amma bir daha deyirəm ki, bu məsələ bir günlük proses deyil, uşaq bağçalarının sayının artırılması istiqamətində mühüm addımların mütləq şahidi olacağıq”.  

İ.Həbibbəyli həmçinin xatırladıb ki, “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi:

“Ona görə də o zaman uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi müddəasının qeyd edilməsi düzgün olmazdı. Amma indi şəbəkə genişlənib. Məktəbəqədər təhsil müəssisələrinin sayı artıb. Bundan sonra Bakıda tikilən bütün çoxmərtəbəli binaların hamısının 1-ci mərtəbəsində bağça olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Herbimizə-dövlət tamğamıza “gerb” yox, “herb” deməliyik – AKADEMİK YAZDI

Read Next

Yeni qanun gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir