“Uşaqların terroru seyr etməsi əvəzinə idman yarışlarına baxması daha yaxşıdır” – DEPUTAT

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 12-də Assambleyanın plenar iclasında “İdman hamı üçün – bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü” adlı məruzə ətrafında müzakirələrdə iştirak edib.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi müzakirələrdəki çıxışında idmanın ictimai həyatın bütün sahələrinə, o cümlədən etnik münasibətlərə, biznes fəaliyyətinə, sosial statusa, insanların sağlamlığına, həyat tərzinə və dəyərlərinə təsir göstərdiyini bildirib. Qeyd edib ki, idman gəncləri pis vərdişlərdən, eləcə də zorakılıqdan, radikalizmdən uzaq tutmağın ən təsirli üsuludur. İdman miqrantların cəmiyyətə adaptasiyasına da təsir etmək gücünə malikdir.

Deputat bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman siyasəti uğurla həyata keçirilir:

“Ölkəmizdə keçirilən bir sıra mötəbər idman yarışları – “Bakı-2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında “FIFA U-17” dünya, kişilər arasında “UEFA U-17” Avropa çempionatları, Formula-1 Avropa Qran-prisi idman ruhunun yüksəlməsində mühüm rol oynayıb. Belə beynəlxalq idman yarışları gənclərin idmana axın etməsinə böyük təkan verməklə yanaşı, idmanın yaşından, cinsindən, millətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri üçün açıq olmasının göstəricisi, dövlət siyasətinin uğurlu nəticəsidir. Azərbaycanda insan kapitalının inkişafı iqtisadiyyat və mədəniyyətlə yanaşı, idmanın da tərəqqisindən asılıdır”.

S.Fətəliyeva qeyd edib ki, bu gün uşaqların kütləvi şəkildə rəqəmsal texnologiyalara bağlılığına idmanın inkişafı ən yaxşı alternativdir:

“Uşaqların hər hansı bir video oyununu və ya terror aktını seyr etməsi əvəzinə idman yarışlarına baxmaları daha yaxşı olardı. Gənclərimizin kumirlərinin virtual qəhrəmanlar əvəzinə, idmançıların, çempionların olması daha faydalı olardı”.

Etikxeber.az

Read Previous

Muğam və cazın sintezindən ibarət konsert proqramı təşkil olunacaq

Read Next

Dövlət Neft Fondu “Bank VTB”dən 25 milyon dividend əldə edib – ŞAHMAR MÖVSÜMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir