UZUNMÜDDƏTLİ SÜLHÜN ŞƏRTİ ƏDALƏTDİR-Aybəniz İsmayılova yazır

Samirəni tanıyandan ən çox təsirləndiyim, diqqət etdiyim, onun barəsində unuda bilmədiyim cəhəti Samirənin gözlərinə hopmuş sonsuz kədərdir.

Samirə Hüseynova 1979-cu ildə Xocalıda doğulub.

Orta məktəbə doğma şəhərində gedib. Müharibəyə qədər dinc, rahat bir uşaqlığı, yeniyetməliyi olub.

Ta ki, Qarabağ və ətrafı Ermənistanın işğalına məruz qalana qədər. Müharibə başlar-başlamaz Samirənin ailəsi  hadisələrin mərkəzində olub, atası Bakir Hüseynovla əmisi Tofiq Hüseynov Birinci Qarabağ Müharibəsinin qəhrəman iştirakçılarından olublar.

Xocalı soyqırımının baş verdiyi o məşum gecədə Samirə, anası və qardaşı qarlı meşə ilə, minbir çətinliklə, qorxu altında, birtəhər Ağdama qədər gəlib çata biliblər. Amma Samirənin digər ailə üzvləri – atası, əmisi, nənəsi, babası, bibiləri o gecədən sağ çıxa bilmədilər. O qanlı gecədə Samirə anası ilə qardaşından başqa demək olar ki, bütün ailə üzvlərini birdəfəlik itirdi.

Təkcə bir ailə üzvünü itirmək belə olduqca ağır və dəhşəlidir. Təsəvvür edin ki, uşaq yaşında sən qorxunc bir gecə yaşayırsan, ölümün bir addımlığından dönürsən, üstəlik də az qala bütün ailə üzvlərini itirirsən. Bu vəhşətin ardınca qaçqın kimi sığındığın inzibati otaqlar, qaçqınlıqda-köçkünlükdə keçən həyat… Bu necə dəhşətli bir tale, necə böyük və sonsuz hüzndür?!

Samirə Xocalı faciəsindən sarsılsa da, sınmayıb, özünü kədərin caynağına təslim etməyib. Böyüyüb, təhsil alıb, müəllim ixtisasına yiyələnib, karyera qurub. İndi Samirənin gözəl ailəsi, dörd övladı var. Yaşadığı mənəvi-psixoloji travmaya, həyatında baş verən ağır faciəyə baxmayaraq, Samirə övladlarından valideyn qayğısını əsirgəməyən anadır, şagirdlərindən müəllim diqqətini, zəhmətini əsirgəməyən pedaqoqdur.

Bu da var ki, dünyada heç bir karyera, heç bir uğur, sözün əsl mənasında heç nə onun qəfil faciə ilə bitən uşaqlığını, əlindən qəddarlıqla alınan ailəsini geri verməyəcək. Samirənin gözlərinə hopmuş kədər yalnız yaşadığı travmanın izi deyil, həm də bir daha heç vaxt qaytara bilməyəcəyi doğmalarından ona qalan hüznün izidir.

Mən Xocalı hadisəsi barədə ancaq mətbuatda oxumuşam, telekanallarda nümayiş olunan dəhşətli kadrlarda görmüşəm. Hətta o tükürpərdən kadrlara baxmağa belə bəzən özümdə güc tapmamışam. Samirə isə bütün bunları yaşayıb. Mənim üçün Samirə o dəhşətli gecənin şahididir, ağır tarixin xatirəsidir.

Bəli, 29 il əvvəl qarabağlıların gözünü qorxutmaq, insanları öz yurd-yuvalarından kütləvi şəkildə perikdirmək üçün işğalçı Ermənistan rəhbərliyi ən dəhşətli müharibə cinyətinə əl atmışdı; amansızcasına, qəddarlıqla XX əsrin ən vəhşi soqırımlarından birini törətmişdi; Xocalıda 613 insanımızı – qoca, qadın, uşaq olduğuna fərq qoymadan qətlə yetirmiş, sonar da meyidlərini tanınmaz hala salmışdılar…

Xocalı soqırımı təkcə o faciədən sağ qalanların yaddaşında ən dəhşətli və qorxunc xatirə kimi qalmadı; Azərbaycan xalqı olaraq bizim ümumi faciəmizə, kollektiv travmamıza çevrildi.

29 ildir ki, Xocalıda baş verənlərin beynəlxalq miqyasda hüquqi-siyasi qiymətini alması, hadisəni törədən cinayətkarların qanun qarşısında cavab verməsi, layiqli cəzalarına çatması hər bir azərbaycanlının arzusuna, məqsədinə çevrilib.

Bu otuz ilə yaxın müddətdə biz ölkə olaraq, dövlət olaraq gücləndik; xarici dövlətlərlə və nüfuzlu təşkilatlarla beynəlxalq əlaqələr qurduq; iqtisadiyyatımızı inkişaf etdirdik; regionda və dünyada tanınan strateji dövlətə çevrildik. “Xocalıya ədalət!” kampaniyası dövlət olaraq da, xalq olaraq da bizim məqsədimizə, amalımıza çevrildi. Və biz illərdir ki, dünyadan bu soyqırımına münasibətdə beynəlxalq hüquqa söykənən obyektiv reaksiyanı gözləyirik, ədaləti bərpa etməyə çalışırıq.

Amma ötən 29 il ərzində, Xocalıya ədalət tələb etdiyimiz illərdə biz bir dəfə də olsun bu faciədə nə erməni xalqını, nə də öz vətəndaşlarımız olan Qarabağ ermənilərini günahlandırmadıq; bu qanlı cinayəti onların adına yazmadıq. Bu illər ərzində biz “Xocalıya ədalət!” deyəndə ancaq o qanlı cinayəti törədən işğalçı rejimi günahkar bildik; əmr verənlərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasına nail olmağa çalışdıq.

İkinci Qarabağ Müharibəsində Ermənistan hərbçilərinin törətdiyi Gəncə, Bərdə, Tərtər faciələri; dinc insanların – qocaların, qadınların və uşaqların bombardmana məruz qalması bu vəhşi rejimin otuz ildən bəri sistemli şəkildə yürütdüyü siyasətin, taktikanın davamı idi. Otuz il əvvəl olduğu kimi, onlar yenə də dinc sakinləri gecə yuxuda ikən hədəfə aldılar, körpələri qadağan olunmuş silahlarla qətl etdilər. İşğalçılar bu müharibə cinayətini məqsədli şəkildə etdiklərini, Azərbaycanda xof və çaxnaşma yaratmaq istədiklərini az sonra özləri həyasızcasına etiraf etdilər.

Gəncə, Bərdə, Tərtər faciələrinə də, Xocalı soyqırımına da gec ya tez dünya ədalətli mövqe nümayiş etdirəcək. O qanlı cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar. Təkcə həbs edilməklə və ya cərimələri ödəməklə yaxalarını qurtara bilməyəcəklər. Azərbaycan xalqının qanına susayanlar öz xələflərinə də böyük bir utanc hissi miras qoyaraq dünyadan köçəcəklər.

 Və həmin utanca görə təkcə biz deyil, öz nəvə-nəticələri də qatil və cəllad babalarını lənətləyəcəklər. Xocalı qətliamını törədənlər də, Vətən müharibəsi günlərində dinc Azərbaycan şəhərləri Gəncəni, Bərdəni, Tərtəri atəşə tutanlar da İkinci Dünya müharibəsindəkı yəhudi soyqırımında əli olan Hitler, Gebbels və digər faşistlər kimi tarixdə lənətlə anılacaqlar. Onların adları və soyadları da tabulaşdırılacaq.

Elə öz həmvətənləri o canilərin adlarını övladlarına qoymağa utanacaqlar. Bizim məqsədimiz budur.

Xocalı soyqırımına ədalət bərpa ediləcək. Biz də Qarabağdakı erməni vətəndaşlarımızla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayacağıq.

Çünki bizim nə düşmənimiz, nə də cəza və lənət hədəfimiz erməni xalqı deyil, öz vətəndaşlarımız olan ermənilər də deyil! Xocalı soyqırımını törədənlər o dövrün işğalçı və qatil rejimidir ki, o rejimə başçılıq edənlər də həm məhkəmə, həm də tarix qarşısında cavab verəcəklər.

Aybəniz İSMAYILOVA,

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Etikxeber.az

Read Previous

“Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik…”- Prezident Şağan və Ramanada açılışlarda-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Heç bir yan təsiri olmadı, özümü çox yaxşı hiss edirəm…”-KAMİLƏ ƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir