Vəkil olmaq istəyənləri incitmək lazım deyil – MİLLƏT VƏKİLİ

Ölkədə vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

 Etikxeber.az  xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla, İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

Dəyişiklikdə isə qeyd olunur ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.

Layihədə qeyd edilir ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq, keçirilməsi nəzərdə tutulur.

Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.

Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Müzakirələrdə çıxış edən deputat Qüdrət Həsənquliyev isə  mövcud qanunun bütövlükdə dəyişdirilməsini təklif edib.

O, qeyd edib ki, vəkilliyə qəbul tamamilə sadələşdirilməlidir: “Bir tərəfdən vəkillərin sayının azlığından şikayətlənirik, digər tərəfdən isə onlara maneələr qoyuruq. Artıq onları incitmək lazım deyil”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik birinci oxunuşda müzakirə  edilərək səsə qoyulub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Maliyyə bazarlarında yoxlamalar yeni qanunla tənzimlənəcək- KOMİTƏ SƏDRİ

Read Next

Yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir