“Mənə “mami” deyərdi…Orta məktəbdə oxuyurdu, bir gün dedi ki, mami, böyüyəndə Tofiq Məmmədovun qisasını alacağam…”-Nahidə Teymurova – Bu gün Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və ailənin üç övladından biri Vüsal Teymurovun- CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR – FOTOLAR – YENİLƏNİB – (2)

İkinci Vətən Müharibəsi Şəhidləri-Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və beş medallı Vüsal Teymurovun doğum günləridir.

Bu gün-4 mart 2026-cı il tarixində Vüqar Ağayevin 53, Vüsal Teymurovun 35 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az-ın xəbərinə görə, Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin mart ayının 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində anadan olub.

Ailədən 4 uşaq, 3 qardaş, 1 bacı olublar.

Orta məktəbi bitirdikdən sonra atası kimi həyatını Ordu, hərb ilə bağlayıb, ali təhsilli peşəkar hərbçi olub.

Birinci Qarabağ Savaşında iştirak edən Vüqar Ağayev Mayor (Polkovnik-leytenant)  hərbi rütbəsinə qədər yüksəlib.

Xidmətlərinə görə ölkə Prezidenti  Müdafiə Nazirliyi tərəfindən dəfələrlə təltif olunub, medallara layiq görülüb.

Vüqar Ağayev təqaüddə, istefada olsa da, İkinci Vətən Müharibəsinin ilk günlərindən son günlərinə, Şəhidliyinə qədər ən ağır döyüşlərdə iştirak edib.

Noyabr ayının 1-də isə doğulub boya-başa çatdığı Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, noyabrın 2-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı və iki medalla-“Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Eyni zamanda, Şəhidə həsr olunmuş “Torpaqdan torpağa”  “Vətənin Vüqarı” sənədli filmləri çəkilib.

Vüqar Ağayev həm də ailəli, iki övlad atası olub,.

Pərvin və Yeganə adlı övladları Vətənə əmanət qalıb.

***

Əslən Lənkəranlı olan Vüsal Teymurov isə 1991-ci il martın 4-də Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 övlad, iki qardaş və bir bacı olublar.

Qardaşı və bacısı ailəlidir.

Bir müddət öncə atası Zakir Teymurov dünyasını dəyişib.

1997-ci ildə Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbin 1-ci sinfinə gedib və 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gümrük işinin təşkili” fakültəsinə daxil olub.

2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirərək, elə həmin ilin iyul ayından da Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

“N” saylı hərbi hissənin 4 MAT, 10 MAB, II – taqım I manqa komandiri vəzifəsində xidmət edib.

2013-cü ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb və müxtəlif sahələrdə çalışıb.

İkinci Qarabağ Savaşı başlayandan bir neçə gün sonra, oktyabrın 5-də isə müharibəyə, döyüşə yollanıb.

Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə iştirak edən Vüsal Teymurov müharibənin başa çatmasına, Qələbəyə iki gün qalmış və Şuşanın azad edildiyi gün, noyabrın 8-də Şuşada ağır döyüşlərdən birində Şəhid olub.

Nəşi 3 gün sonra, noyabrın 11-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra beş medalla təltif olunub.

Ancaq ailəsi Vüsalın eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

29 yaşında Şəhid olan Vüsal həm də subay idi.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

14:00

***

Bu gün səhər saatlarında Vüqar Ağayevin Hərbi Memorial Məzarlıqda, Vüsal Teymurovun isə Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarları ziyarət olunub.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Hər iki Şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından, Vətən naminə fədakarlıqlarından söz açılıb.

Hər iki Şəhidlə-cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirib.

Cənnətdəki altıncı doğum günləri təbrik olunub, ailələrinə, doğmalarına-anaları Nənəxanım Ağayevaya və Nahidə Teymurovaya Allahdan səbr və dözüm arzulanıb.

Vətən, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidlərin məzarlarını ziyarətdən sonra-Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Vüqar Ağayevin, Badamdar qəsəbəsində-ailəsinin yaşadığı evdə isə Vüsal Teymurovun adlarına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.

14:32

***

Şəhid Vüsal Teymurovun anası Nahidə Teymurovanın dediklərindən:

“Vüsal tamam başqa cür uşaq idi…Uşaqlıqdan vətənpərvəriydi…Badamdarda Şəhid Tofiq Məmmədovun adını daşıyan orta məktəbdə oxumuşdu…Bir gün-onda orta məktəbdə oxuyurdu-dedi ki, mami (mənə əzizləmə mənasında “mami” deyərdi), mən böyüyüb, Tofiqin qısasını alacağam…Dediyi kimi də oldu, dediyi kimi də etdi…İkinci Vətən Müharibəsi zamanı könüllü şəkildə müharibəyə yollandı və müharibənin sonlarına, Qələbəyə az qalmış Şuşada Şəhid oldu (gözləri dolur)…Hələ müharibə zamanı danışanda deyərdi ki, mami, özünüzdən muğayat olun…Mən də deyirdim ki, Vüsal, biz yaxşıyıq, sən müharibədəsən, sən özündən muğayat ol…Bir gün belə məni unutmazdı…Ana-bala bir-birimizə çox bağlıydıq…”

***

15:55

***

FOTOLAR:

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İsrail İranın yeni Ali Rəhbərini seçməyə hazırlaşan qurumun binasını-VURDU

Read Next

Bakıda bu yollarda sıxlıq və tıxac müşahidə olunur-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir