“Vətən müharibəsində qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevdir”-FATMA YILDIRIM

Müasir müstəqil Azərbaycan dövləti bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır.

Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasətçini görür.

Bu fikirləri Etikxeber.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, keçilən yol təsdiqləyir ki, cənab İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir:

“Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Ötən illər ərzində Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Keçən dövrün təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb.

Bəhs olunan dövrdə, ələlxüsus da yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bu sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasında mühüm rol oynayıb. Eləcə də, Azərbaycanın yeni növ koronavirus pandemiyasının yaratdığı çətinlikləri sırf öz gücünə qarşılaması milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin kifayət qədər yüksək olduğunu əyani şəkildə təsdiqləyir. Respublikamız pandemiya şəraitində iqtisadiyyatın qorunmasına, eləcə də genişmiqyaslı sosial müdafiə tədbirləri üçün zəruri olan vəsaitləri sırf daxili imkanları hesabına qarşılayır.

Azərbaycanın sosial dövlət olduğunu söyləyən millət vəkilinin sözlərinə görə, dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir. Son 18 ildə respublikamızda əməkhaqları, pensiyalar mütəmadi qaydada artırılıb”.

Onun sözlərinə görə, ötən il iki mərhələdə aparılan və 4 milyon insanı əhatə edən böyük sosial paket çərçivəsində reallaşdırılan islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub:

“Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlətin ən çətin anlarda vətəndaşın yanında olmaq ənənəsi formalaşıb. Ölkəmizdə bu ənənə qlobal pandemiya şəraitində də davam etdirilir. Dövlətimizin başçısı birmənalı şəkildə bəyan edib ki, pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafiələrinin təmin olunması bizim üçün əsas məsələdir. Qeyd etmək yerinə düşər ki, respublikamızda pandemiyanın əhalinin həyat şəraitinə mənfi təsirlərini azaltmaq məqsədilə təxminən beş milyon insanı əhatə edən sosial paket həyata keçirilib”.

Deputat qeyd edib ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib. Həmişə milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə barışmayıb:

“Respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Silahlı Qüvvələrimiz torpaqlarımızın xeyli hissəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Ötən il noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, işğalçı Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi.

Vətən müharibəsində qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını tarixə əbədi olaraq yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün cənab Prezident İlham Əliyev doğum gününü qeyd edir. Bu münasibətlə dövlətimizin başçısını ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, yeni mərhələdə Azərbaycanımızın inkişaf və tərəqqisi yolunda yeni-yeni nailiyyətlər azrulayıram!”.

Etikxeber.az

Read Previous

“Həm səhhətim yerində deyil, həm də maddi durumum çox çətindir…İşləmək imkanım yoxdur…Bu vəziyyətdə necə işləyim?!”-UCARLI QAZİ SAHİB ŞƏKƏRƏLİYEV HAQQININ TANINMASINI İSTƏYİR – FOTOLAR

Read Next

TƏBRİKLƏR və TƏŞƏKKÜRLƏR!-ƏKBƏR QOŞALI YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir