“Vətən müharibəsində qazandığımız Qələbə işğal altında olan yarım milyon hektardan çox kənd təsərrüfatına yararlı torpaqların dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq”-MM-İN KOMİTƏ SƏDRİ

Bildiyiniz kimi, 2020-ci il respublikamızın həyatında çox mürəkkəb, həyəcanlı və həm də qürurverici il kimi yadda qaldı. Belə ki, keçən ilin əvvəlindən başlayaraq bütün dünyanı təşvişə salan COVİD-19 pandemiyasının Azərbaycandan da yan keçməməsi və sentyabr-noyabr aylarında ərazimizin 20 faizini 30 il işğalda saxlayan Ermənistanın ölkəmizə silahlı hücumu ilə bağlı 44 gün davam edən Vətən müharibəsi Azərbaycan hökumətini çox gərgin işləməyə vadar etdi. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, Prezidentimiz və Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən səmərəli dövlət idarəçiliyi nəticəsində formalaşan iqtisadi və hərbi potensialdan Azərbaycan hökuməti çox düzgün və məqsədyönlü istifadə etməklə hər iki düşmənə qarşı mübarizədən üzü ağ çıxdı.

Belə ki, hökumətin apardığı operativ tədbirlər nəticəsində ölkəmiz COVİD-19 pandemiyasınm neqativ təsirlərini minimuma endirməyə nail oldu. Vətən müharibəsində isə Azərbaycan xalqı və Silahlı Qüvvələrimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları ətrafında dəmir yumruq kimi birləşərək ona böyük dəstək verdi. Bu dəstək sayəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını layiqincə yerinə yetirərək bu Vətən müharibəsində Ermənistanı diz çökdürərək məğlub etdi. Bu qələbə nəticəsində respublikamızın işğal altında olan torpaqları azad edildi və Azərbaycan xalqının yenilməz qüruru özünə qayıtdı.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov hökumətin hesabatına münasibətini bildirərkən deyib.

“Əlbəttə, hər iki cəbhədə vuruşmaq və istədiyimizə nail olmaq heç də asan olmamışdır. Bu səbəbdən də 1919-cu ilə nisbətən 2020-ci ildə bəzi makroiqtisadi göstəricilərdə geriləmə müşahidə olunur. Buna baxmayaraq, əvvəlki illərdə həyata keçirilən davamlı və dayanaqlı inkişaf nəticəsində yaradılan iqtisadi potensial bu geriləməni minimuma endirmiş və qeyri neft-qaz sənayesində və kənd təsərrüfatında, habelə bəzi istehsal və xidmət sahələrində artım əldə etməyə imkan vermişdir. Məhz bu potensiala əsaslanaraq Maliyyə Nazirliyi və hökumət bütövlükdə 2021-ci ilin büdcə göstəricilərini əvvəlki illərə nisbətən böyük artımla nəzərdə tutmuş və bu il işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar görüləcək işlərə ilkin olaraq 2,2 milyard manat büdcə vəsaiti ayrılmışdır. Hesab edirəm ki, hökumətin hesabat verdiyi 2020-ci il Zəfər ili kimi, 2021-ci il isə Qarabağın dirçəlişi, quruculuq və qayıdış ili kimi tarixə düşəcək”-deyən E. İbrahimov bununla yanaşı qeyd edib ki, Vətən müharibəsində qazandığımız qələbə işğal altında olan yarım milyon hektardan çox kənd təsərrüfatına yararlı torpaqların dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq.

“Ölkəmizdə ərzaq təhlükəsizliyinin daha dolğun təmin edilməsində hökumət bu potesialdan tezliklə istifadə etmək üçün təsirli tədbirlər görəcəkdir. Eyni zamanda, bu potensialın istifadəsi kənd təsərrüfatı məhsullarının istehsalını xeyli artırması ilə əlaqədar Qarabağ bölgəsində bu məhsulların emalı müəssisələrinin tikilməsinə də böyük ehtiyac var. Onu da bildirmək istəyirəm ki, əvvəlki illərdə qeyri-neft sənayesinin və aqrar sahənin inkişafına yönəldilən investisiyalar artıq öz bəhrəsini verməkdədir.

Odur ki, yaranmış bu geniş potensialdan daha səmərəli istifadə etmək və daha çox əlavə dəyər əldə etmək üçün hesab edirəm ki, emal sənayesinin inkişafına xüsusi diqqət yetirilməli və emal müəssisələrinin sayı kəskin surətdə artırılmalıdır. Bu həm də məşğulluq səviyyəsini artırmağa və əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərərdi.

Naxçıvandan seçilən deputat kimi Azərbaycan hökumətinin blokadada olan Muxtar Respublikaya göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə hökumət Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə düşməsi üçün əlindən gələni edəcək”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 840 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Read Next

“Beşinci səfər, beçinci Zəfər!”-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir