Vətən sevgisini yaşadan-GÖRÜŞ… – FOTOLAR

13 may 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyi üzvü, yazar Raziyə Kamilqızı Zaqatala Rayon Heydər Əliyev Mərkəzində qonaq olub.

Etikxeber.az xəbər verir ki, vətənpərvərlik ruhunda qələmə aldığı kitabları və Şəhidlərin əziz xatirəsinə həsr olunmuş dəyərli tablosunu mərkəzin kitabxanasına təqdim edən yazarın bu təşəbbüsü böyük rəğbətlə qarşılanıb.

Azərbaycanın zəngin mənəvi dəyərlərinin, milli ruhunun və qəhrəmanlıq salnaməsinin yaşadılması istiqamətində görülən hər bir iş gələcək nəsillər üçün örnəkdir.

Raziyə Kamilqızının yaradıcılığı da məhz bu amal üzərində qurulub.

Onun əsərlərində Vətən sevgisi, Qarabağ uğrunda canından keçən igidlərin qəhrəmanlığı, şəhid analarının ağrısı, xalqımızın milli birliyi və torpaq sevgisi xüsusi yer tutur.

Yazıçının illərdir qələmə aldığı əsərlər yalnız ədəbi nümunə deyil, həm də vətənə bağlılığın, milli ruhun təbliğidir.

Görüş zamanı Famil Rəhimov və mərkəzin elmi işçisi Nuranə Ramazanova Raziyə Kamilqızını vətənpərvərlik mövzusunda gördüyü işləri yüksək qiymətləndiriblər.

Qeyd ediblər ki, Şəhidlərimizin xatirəsinin yaşadılması, gənclərə milli-mənəvi dəyərlərin aşılanması hər bir ziyalının müqəddəs borcudur.

Odur ki, yazıçının mərkəzin kitabxanasına təqdim etdiyi kitablar və tablo gələcək oxucular üçün qiymətli mənəvi irs olacaq.

Tədbirdə Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, xalqımızın qazandığı tarixi Zəfərdən, Vətən uğrunda canından keçən igid oğullarımızın qəhrəmanlığından geniş söhbət açılıb.

Bildirilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda can verən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir və onların həyat yolu gələcək nəsillərə örnək kimi təqdim olunmalıdır.

Bu baxımdan, vətənpərvərlik ruhunda yazılan kitablar xüsusi əhəmiyyət daşıyır.

Raziyə Kamilqızı görüş zamanı çıxış edərək qeyd edib ki, Şəhidlər haqqında yazmaq onun üçün yalnız yaradıcılıq deyil, həm də mənəvi borcdur.

Bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim yaşamalıdır. Yazıçı vurğuladı ki, xalqın keçdiyi şərəfli tarix unudulmamalı, gənclər milli ruhda böyüməlidir.

Görüşdən sonra Raziyə Kamilqızı Zaqatala Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən muzeyi və müxtəlif guşələri ziyarət edib.

Mərkəzdə nümayiş olunan eksponatlar, mərhum dövlət başçısı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar yazıçıda dərin təəssürat yaradıb.

O, belə mənəvi məkanların gənclərin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını bildirib.

Raziyə Kamilqızı göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə də təşəkkürünü bildirib və qeyd edib ki, bölgələrdə mədəniyyətin, ədəbiyyatın və vətənpərvərlik ruhunun inkişafına verilən dəstək olduqca təqdirəlayiqdir.

Yazıçı belə görüşlərin milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Raziyə Kamilqızı səmimi qarşılanmaya görə mərkəzin kollektivinə təşəkkürünü bildirərək, bu görüşdən böyük qürur duyduğunu qeyd edib və vurğulayıb ki, xalqın milli ruhunu yaşadan belə tədbirlər Azərbaycançılıq ideologiyasının təbliğində mühüm əhəmiyyət daşıyır.

Bu görüş bir daha göstərdi ki, Vətən sevgisi, şəhidlərə ehtiram və milli dəyərlərə bağlılıq xalqımızın ən müqəddəs hisslərindəndir.

Qələm sahiblərinin və ziyalıların gördüyü bu cür işlər gənc nəslin milli ruhda yetişməsinə, tariximizi və qəhrəmanlarımızı daha yaxından tanımasına xidmət edir.

Azərbaycanın qəhrəman oğullarının xatirəsi yaşadıqca, Vətən sevgisi də daim yaşayacaq.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

“Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı Azərbaycan-Slovakiya dostluğunun göstəricisidir”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Vətənpərvərliyin bariz nümunəsi… – RAZİYƏ KAMİLQIZI YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir