Vətənpərvərliyin bariz nümunəsi… – RAZİYƏ KAMİLQIZI YAZIR

Azərbaycan xalqı hər zaman vətəninə, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahını öz həyat amalına çevirən insanlarla qürur duyub.

Belə insanlardan biri də ömrünü dövlətçiliyimizə, xalqımıza və Vətənimizin təhlükəsizliyinə həsr etmiş Qasımov Sahib Ənvər oğludur.

Onun həyat yolu vətənpərvərliyin, zəhmətin, dürüstlüyün və dövlətə sədaqətin parlaq nümunəsidir.

Qasımov Sahib Ənvər oğlu 17 iyun 1963-cü ildə Azərbaycanın qədim və gözəl diyarlarından biri olan Şəki şəhərində dünyaya göz açıb. Uşaqlıq illərindən zəhmətkeşliyi, vətən sevgisi və məsuliyyət hissi ilə seçilən Sahib müəllim 1970–1980-ci illərdə Şəki şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb. Məktəb illərində həm müəllimlərinin, həm də dostlarının hörmətini qazanaraq nizam-intizamı və çalışqanlığı ilə fərqlənib. 1981–1983-cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində hərbi xidmətdə olub. Hərbi xidmət illəri onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Vətənə bağlılıq, intizam və məsuliyyət hissi məhz həmin illərdə daha da möhkəmlənib. 1985-ci ildən etibarən “Xüsusi Dövlət Mühafizə Xidməti”ndə çalışmağa başlayıb və 2018-ci ilə qədər burada şərəfli xidmət yolu keçib. Uzun illər dövlətin təhlükəsizliyinin qorunması istiqamətində yorulmadan çalışan Sahib müəllim öz peşəkarlığı, vəzifəsinə vicdanla yanaşması və dövlətçiliyə sadiqliyi ilə seçilib.

Təhsilini daim ön planda saxlayan Sahib müəllim 1990–1994-cü illərdə DİN-in Ali Polis Akademiyasında ali təhsil alıb. Hüquq-mühafizə orqanlarında qazandığı bilik və təcrübə onun xidmət fəaliyyətində mühüm rol oynayıb. Qasımov Sahib Ənvər oğlu Azərbaycanın ən ağır və keşməkeşli dövrlərində də Vətəninə sədaqət nümayiş etdirib. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Torpaqlarımızın müdafiəsi uğrunda gedən savaşlarda göstərdiyi şücaət və cəsarət onun əsl vətənpərvər insan olduğunu bir daha sübut edib.

O, Birinci Qarabağ Müharibəsi veteranıdır və Vətənin dar günündə ön cəbhədə xidmət göstərən igid oğullarımızdan biridir. Sonrakı illərdə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin Bakı şəhərinin müxtəlif rayonlarında məsul vəzifələrində çalışıb. Xidməti fəaliyyəti dövründə peşəkarlığı və qüsursuz xidməti sayəsində polis mayoru rütbəsinə qədər yüksəlib. Dövlətə və xalqa nümunəvi xidmətinə görə müxtəlif fəxri fərmanlar, təşəkkürnamələr və ustalıq dərəcələri ilə təltif olunub. Sahib müəllim yalnız peşəkar dövlət qulluqçusu deyil, eyni zamanda nümunəvi ailə başçısıdır. Ailəlidir, iki övladı və üç nəvəsi var. O, ailəsinə göstərdiyi qayğı və yüksək mənəvi dəyərləri ilə də örnək bir insandır.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsində park rəisi vəzifəsində çalışır. Xüsusilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Zəfər” parkına və üç abad məhəlləyə xüsusi qayğı ilə yanaşır. Onun rəhbərliyi altında həmin ərazilər daim səliqəli, abad və insanların rahatlığı üçün uyğun vəziyyətdə saxlanılır. Bu isə onun şəhidlərimizin xatirəsinə olan ehtiramının və xalqına xidmət sevgisinin göstəricisidir.

Qasımov Sahib Ənvər oğlu ömrü boyu dövlətimizə, dövlətçiliyimizə və xalqımıza sadiq qalan insanlardan biridir. Onun həyat yolu gənc nəsil üçün əsl örnəkdir.

Belə vətənpərvər, zəhmətkeş və vicdanlı insanların varlığı Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli ruhunun göstəricisidir.

Allah Vətənini sevən belə insanları qorusun!

Onların həyat yolu daim gənclərimizə örnək olsun!

Raziyə KAMİLQIZI,

AYB və AJB-nin üzvü

Etikxeber.az

Read Previous

Vətən sevgisini yaşadan-GÖRÜŞ… – FOTOLAR

Read Next

Ailənin tək və subay oğlu, Gədəbəyli İkinci Vətən Müharibəsi Şəhidi Hüseyn Rzayevin-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir