“Vəziyyət belə davam edərsə…” – MİLLƏT VƏKİLİ HƏMSƏDRLƏRİ QINADI

“Gələn il,  yəni, təxminən 4 aydan sonra Qarabağ münaqişəsinin başlamasının, təcavüzkar və işğalçı Ermənistanın, ermənilərin ölkəmizə qarşı növbəti dəfə əsassız, haqsız  ərazi iddialarının baş qaldırmasının 30 ili tamam olacaq. Ancaq çox təəssüflər olsun ki,  təcavüzkar və işğalçı dövlətin işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi, həmçinin, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən qurumun, ATƏT-in Minsk qrpunun və həmsədr dövlətlərin səbatsız, dişsiz, qeyri-obyektiv yanaşması üzündən ötən bu illər ərzində  Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində müsbətə doğru heç bir irəliləyiş yoxdur. Münaqişə hələ də həll olunmamış vəziyyətdə qalır”.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında  Milli Məclisin üzvü Eldəniz Səlimov bildirib.

Münaqişənin həll olunmamasının səbəbkarının birbaşa işğalçı Ermənistan və onu işğala, qeyri-konstruktiv mövqe nümayiş etdirməyə sövq, təhrik edən dairələr olduğunu bir daha vurğulayan  millət vəkilinin sözlərinə görə, təcavüzkar dövlət  həm də ona qarşı ciddi təzyiqlərin, sanksiyaların olmamasından ruhlanaraq,  müxtəlif bəhanələr və təxribatlarla  90-cı illərdən bu yana davam edən sülh danışıqlarını pozmaqla məşğul olur.

“Eyni zamanda,  yuxarıda da qeyd etdiyim kimi, ermənilərin xarici havadarları, anti-Azərbaycan dairələri də  bu problemin həllinə imkan vermirlər. Onlar bu münaqişənin illərlə uzanmasında, “dondurulmuş münaqişə” kimi qalmasında maraqlıdırlar və bunun üçün də pozuculuq fəaliiyətlərini davam etdirirlər.  Bununla yanaşı,  ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər. Onların səfərləri turist səfərlərindən başqa bir şey deyil. Gəlirlər,  ara-sıra bəyanat da verib gedirlər, bununla  da işlərini bitmiş sayırlar.  Ancaq əgər həmsədr dövlətlər, həmsədrlər istəsələr Ermənistanı sülhə bir andaca  məcbur edə bilərlər. Bunun üçün də əllərində hər cür imkan, təzyiq mexanizmləri var. Amma  onlar bunu etmirlər, bunu etmək istəmirlər. Ancaq Azərbaycan da bu vəziyyətlə barışmaq, işğalçının, onun havadarlarının “nazı” ilə oynamaq fikrində deyil. Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də və bundan sonra da  işğal faktı ilə barışmayacaq. Bunu dövlət başçımız da dəfələrlə bəyan edib.  Biz hər şeyə rəğmən münaqişənin sülh yolu ilə həllini istəyirik. Ancaq  vəziyyət belə davam edərsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək. Azərbaycan dövləti və ordusu buna tam qadirdir və hazırdır”– deyə, millət vəkili daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Heç bir beynəlxalq qurumdan, heç bir dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikik” – SAHİBƏ QAFAROVA

Read Next

Prezidentlə birinci vitse-prezident ABŞ-a getdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir