Vətən yolunda canlarını fəda etmiş Nazir və Tacir Allahverdiyevlərin qardaşı, 3 övlad atası-ŞÖHRƏT ALLAHVERDİYEV NİYƏ İŞLƏ TƏMİN OLUNMUR, ŞƏHİDLƏR AİLƏSİ İLƏ NİYƏ MARAQLANAN YOXDUR?

Şöhrət Xasay oğlu Allahverdiyev…

1987-ci il təvəllüdlü…

34 yaşlı, ailəli, 3 övlad-1 bir qız, iki oğlan atası…

Əslən Ağdamın Çullu kəndindəndir, 2010-cu ildən də ailəsi ilə birlikdə Bakıda işləyir və yaşayır…

İşləyir deyəndə ki…

Fəhləliklə, əllərinin qabarı, alnının təri ilə, zülm-zillətlə birtəhər ailəsini dolandırmağa çalışır…

Normal bir işlə təmin olunmaq üçün də hara müraciət edirsə, “yox” çavabı alır…

***

Şöhrət həm də Şəhid ailəsindəndir, iki qardaşını bir gündə itirib…

Əkiz qardaşları-Tacir və Nazir Allahverdiyevlər İkinci Vətən Müharibəsi zamanı Füzuli istiqamətində döyüşlərdə və eyni gündə Şəhid olublar…

Bir gündə Allahverdiyevlər ailəsinə, Allahverdiyevlər ocağına iki tabut gəlib, bir gündə iki övlad, iki qardaş torpağa tapşırılıb…

Sözün bitdiyi yer!

Şöhrətgil ailədə 10 uşaq olublar…

Hazırda 8 qardaş-bacı qalıb…

Atalarını da bir neçə il öncə itiriblər…

Anaları onlara həm ata, həm ana olub…

Övladlarının Şəhidliyindən sonra isə səhhətində ciddi problemlər yaranıb, necə deyərlər, dava-dərman gücünə ayaq üstə dayanır…

Həmçinin, bacılarından birinin səhhətində problemlər var…

***

Ancaq çox təəssüflər olsun ki, Şəhid, Şəhidlər ailəsi ilə düz-əməlli maraqlanan, hallarına yanan yoxdur…

Şəhid qardaşına göstərilən münasibət özü də deyilənlərə əyani sübutdur…

Fövqaladə Hallar Nazirliyinə (FHN) iş üçün müraciət etsə də, bir dəfə çox aşağı maaşlı iş təklif olunub, bir dəfə isə yaşının otuzu ötməsi “səbəbi” ilə işlə bağlı müraciətinə “yox” cavabı verilib…

Çox qəribə və çox məntiqsiz bir yanaşma, münasibət…

***

Qeyd etdiyim kimi, Şöhrət 3 övlad atasıdır, böyük iddiaları da yoxdur, hansısa bir vəzifə-filan da istəmir, sadəcə, nəhayət, ailəsini dolandıra biləcək 600-700 manatlıq bir işlə təmin olunmasını istəyir…

“İllərdir fəhlə işləyirəm…Qazancımla da Bakı kimi yerdə ailəmi güc-bəla ilə dolandırıram…Artıq normal bir işlə təmin olunmaq istəyirəm…FHN olmasın, başqa bir qurum olsun…Təki məni normal bir işlə təmin etsinlər…Heç olmasa, Şəhidlər qardaşı olduğumu nəzərə alsınlar…”-deyə, o bildirir…

Söhrəti dinlədikçə,çox üzülürəm, çox təəssüflənirəm və həm də çox qəzəblənirəm…

Şəhid, Şəhidlər qardaşına belə münasibəti heç çür qəbul edə və anlaya bilmirəm…

Məmurların, onlara dəm tutanların tez-tez pafosla təkrarladıqları “Şəhidlər, Şəhid ailələri baş tacımızdırlar…” kəlməsi bu məqamda gözlərimdə çox ucuz, çox mənasız görünür…

Çünki əməllərində Şəhid ailələrinə heç bir diqqət, qayğı, ən əsası sayığı yoxdur…

Amma belə münasibət uzun müddət davam edə bilməz və etməməlidir…

Şəhid ailərinə sözdə deyil, əməldə kömək olunmalıdır…

O cümlədən, iki qardaşını itirmiş, 3 övlad atası Şöhrətə!

Heç olmasa, yaxın zamanlarda normal bir işlə təmin olunmalı, ailəsi az da olsa, sevindirilməlidir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2300 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

Ermənistanın 1 il əvvəl Bərdəni kasetli bombalardan atəşə tutması nəticəsində 21 nəfər həlak oldu-70-DƏK İNSAN YARALANDI – NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir