Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bank rəhbərləri ilə Milli Məclisdə görüşlər keçirməliyik.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
V. Əhmədov qeyd edib ki, 27 aprel 2020-ci ildə Mərkəzi Bank 4 bankı inzibatçı təyin edilməsi, daha sonra 2 bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı məlumat yayıb:
“Bank sisteminin sağlamlaşdırılması istiqamətində addımların əksini gördük. Həmin banklarda hazırda əmanətlər 850 milyon manata qədərdir. Bu əmanətlərin qaytarılması ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankın vəsaitlərindən istifadə etməklə olacaq. “ATA Bank”ın fəaliyyətinin hesab edirəm ki, aidiyyəti qurumlar araşdıracaq. Amma digər banklarla bağlı işlər görmək olardı. Sədrdən xahiş edirəm ki, bank rəhbərləri ilə Milli Məclisdə görüşlər təşkil olunsun. Bu, təkcə Mərkəzi Bankın rəhbəri ilə olmalı deyil. Bankların bağlanmasından daha çox onların sağlamlaşdıırlıması üzrə işlər həyata keçirilməlidir”.
***
“Hesablama Palatasının hesabatında bəzi çatışmazlıqlar var”.
Bunu isə millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, hesabat ilində sadəcə 5 auditin nəticəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi kifayət qədər azdır:
“Bu say çox olmalı idi. Ayrılan vəsaitin niyə səmərəli xərclənməməsi ilə bağlı qurumlar üzərində məsuliyyət artırılmalıdır”.

***
“Parlament qısa müddətdə yeni vəziyyətə uyğunlaşmağa qadir oldu”.
Bunu da MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, MM-in sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir:
“Parlament fəaliyyətə başlayanda onun qarşısında duran ən vacib məsələ hansı ənənəyə istinad etməklə bağlı idi. Bu günlərdə Milli Məclis Aparatının tam buraxılması ilə bağlı sərəncam çox mühümdür. Yenidən Məclisin Aparatını canlandırmaq lazımdır. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargah üzvləri ilə birgə çalışaraq yaxşı nümunə oldular”.

***
MM-in komitə sədrinin müavini Əli Məsimli qeyd edib ki, Hesablama Palatasının hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflər əsasında islahatların yeni paketi hazırlanmalıdır.
Ə. Məsimli qeyd edib ki, auditlərin əhatəsi genişləndirilməlidir:
“Qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Bundan ötrü 3 ciddi suala cavab verməliyik. Nəyi, niyə və hansı istiqamətdə təkmilləşdirməliyik? Biz mütləq Büdcə Məcəlləsini qəbul etməliyik. İkincisi, qanun pozuntularının əsas hissəsi dövlət satınalamaları ilə bağlıdır. Buna görə də bununla bağlı qanun layihəsi təkmilləşdirilməlidir. Korrupsiya ilə mübarizə sahəsində yüksək ranqa malik olan məmurların da korrupsiya əməllərinin qarşısını almaq üçün işlərə başlamaq lazımdır. İndiyə kimi yalnız orta ranqa aid məmurlara qarşı korrupsiya ilə mübarizə sahəsində işlər görülür”.
Komitə sədrinin müavini qeyd edib ki, büdcəyə bərpa olunan məbləğlərin həcminin artırılması üçün işlər təkmilləşdirilməlidir.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az