“Vaxt yetişib-dünyada sözünü keçirəcək birlik-Türk birliyi nümayiş etdirməliyik”-MİLLƏT VƏKİLİ YAZIR

Dövlətimiz bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirmək əzmi nümayiş etdirir.

Cənab prezident  İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir.

Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, milli  dəyərlərinə, mental xüsusiyyətlərinə güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.

Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olaraq, dünyanın qarşısına  daha üstün sivilizasiya ilə çıxmaq zərurətini əsas məqsəd hesab edir.

Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir.

Regionda və dünyada cərəyan edən bütün siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.

Ölkə başçısı İlham Əliyev türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda türk dilli dövlətlərin mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atmışdır.

Düşünürəm ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, türk dünyasına düşmənçilik nümayiş etdirən erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparması əsas məsələlərdəndir.

Türkdilli dövlətlər arasında münasibətlər yüksələn xətlə inkişaf edərək regionda bütün əhəmiyyətli sahələrdə Azərbaycanın və türk dünyasının nailiyyətlərinin daha da artmasına şərait yaradacaq.

İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, türk dünyasının birliyi vacibdir. Müharibə zamanı Türkiyənin haqlı mövqeyimizə olan sədaqəti bütün türk dilli ölkələrə nümunə olmalıdır.

Düşünürəm ki, bütün türk dünyası bir-birinə bu münasibəti göstərməlidir.

Cənab prezident Qarabağ gerçəkliklərini bütün siyasi fəaliyyətində daim diqqət mərkəzində saxlayaraq, dünyanın gözündən həqiqətlərin yayınmasına icazə vermir.

Ölkə başçısı həm müharibədə əldə olunmuş uğurdan, həm beynəlxalq təşkilatların bu məsələdə hərəkətsizliyindən, həm də ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi bütün terrorlar barədə daim məlumat verir.

Artıq vaxt yetişib, güclü və dünyada sözünü keçirəcək birlik nümayiş etdirməliyik.

44 günlük müharibə və Ermənistan üzərində qazanılan bu möhtəşəm qələbəmiz gələcəkdə birləşəcək türk dünyasının təməli rolunu oynayacaq.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə-BAŞLADI…

Read Next

“Ciddi problemlərim, daha ciddi müalicəyə ehtiyacım var, amma köməklik olunması üçün etdiyim müraciətlər hələ də cavabsız qalır…”-QAZİ QAFUR HÜSEYNLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir