“Vaxtında icra olunsaydı…” – ELDAR İBRAHİMOVDAN İRAD – YENİLƏNİB – (2)

Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin iyunun 4-də keçirilən iclasında “Aqrar sığorta haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Eldar İbrahimov  aqrar sığorta ilə bağlı qanunun 2002-ci ildə qəbul edildiyini, amma ötən 17 il ərzində onun işləmədiyini və bu səbəbdən də, yeni qanunvericilik aktına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, aqrar sığorta ilə bağlı məsələ bu gün daha çox aktuallığı ilə ortaya çıxıb:

eldar-3

“Əgər vaxtında bu yöndəki qanun icra olunsaydı, işlək vəziyyətə gətirilsəydi, aqrar sektorda sığorta ilə bağlı problemlər bu dərəcədə ortaya çıxmazdı. Ancaq təəssüflər olsun ki, mövcud qanun icra olunmaması səbəbindən aqrar sektorda sığorta ilə bağlı problemlər daha ciddi şəkildə  ortaya çıxdı. Bu, bizləri də, dövlətimizi də narahat etməyə bilməzdi. Odur ki, bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması zərurəti yarandı. Artıq yeni qanun layihəsi birinci oxunuşdan keçərək, ikinci oxunuşun müzakirəsinə çıxarılıb. Ötən dövr ərzində də müvafiq strukturlarla birlikdə qanun layihəsi üzərində təkmilləşdirmələr aparlıb. Bu, çox mütərəqqi və çox vacib qanun layihəsidir. Onun qəbulunun Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının, sahibkarlığın inkişafına çox müsbət təsirləri olacaq. Bundan qazanan həm iqtisadiyyatımız, həm də iş adamlarımız, fermerlərimiz olacaq. Onlar zərərə uğrayacağı halda, özlərinin hüquqi təminatını əldə etmiş olacaqlar”.

***

Komitə sədrinin çıxışından sonra qanun layihəsi ilə bağlı məlumat verilib ki, yeni hazırlanmış sənədin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə 4 yeni bənd əlavə olunub.

Belə ki, aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:

1.Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək

2.Aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək

3.Aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək

4.Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək

5.Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək

6.Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək

7.Aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.

novruz aslan

Qanun layihəsi ilə bağlı müzakirələr zamanı isə millət vəkili Novruz Aslanov deyib ki, qanun layihəsində “təbii fəlakət hadisələri” sözü mütləq saxlanılmalıdır:

“Çünki təbii fəlakət hadisələri başqa məsələdir, təbiət hadisələri başqa məsələ. Bunları tam mənada eyniləşdirmək olmaz. Qanun layihəsinin ikinci oxunuşunda, sadəcə, “təbiət hadisələri” sözü gedib ki, hesab edirəm ki, bu, düzgün deyil,  buraya “təbii fəlakət hadisələri” sözlərini də əlavə etmək lazımdır. Təbii fəlakətlər dedikdə sel, daşqın və digər hadisələr nəzərdə tutulur. Bu baxımdan, bu məsələ qanun layihəsində mütləq öz əksini tapmalıdır”.

***

ELDENIZ-1

Adıçəkilən komitənin digər üzvü Eldəniz Səlimov da saytımıza açıqlamasında qanun layihəsinin qəbuluna böyük ehtiyac duyulduğunu xatırladıb.

Bildirib ki, belə bir sənədin müzakirəsi və qəbuluna illərdir ki, ehtiyac yaranmışdı:

“Çünki mövcud qanun işləmədiyi üçün zaman-zaman aqrar sığorta məsələsi ilə problemlər yaranırdı. Bundan həm kənd təsərrüfatımız zərər görür, həm də ziyana uğramış iş adamlarımız, fermerlərimiz əziyyət çəkirdi. Bir çox hallarda hətta, iş adamlarımızın, fermerlərimizin hüquqları tapdanmış olurdu. Qanun işləmədiyi üçün onlar hüquqlarının tam təmin edilməsinə nail ola bilmirdilər. Ancaq özünüz də görürsünüz ki, artıq ümumilikdə sığorta məsələsinə dövlət rəhbəri səviyyəsində ciddi diqqət var. Xüsusilə, “Diqlaq” yanğınından sonra sıoğrta məsələsi aktuallığı ilə üzə çıxıb. Odur ki, belə bir qanunun qəbulu həm kənd təsərrüfatmızın inkişafına, həm də ölkədə sığorta bazarının hərəkətə gəlməsinə, dirçəlməsinə təkan vermiş olacaq”.

***

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova öz növbəsində sözügedən sənədin əhəmiyyətindən danışıb, qeyd edib ki, bu sənədin qəbulu kənd təsərrüfatının, aqrar sektorun inkişafına önəmli təsirini göstərəcək.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Ermənistan sülhə məcbur edilməlidir, bəhanələrə artıq yer yoxdur” – MİLLƏT VƏKİLİ

Read Next

Növbədənkənar iki iclasda hansı məsələlərin müzakirəsi gözlənilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir