Videokonfrans vasitəsilə təşkil edən Zirvə görüşü Türk Şurasının əməldə birgəlik nümayiş etdirməsinin bariz nümunəsi, ölkə Prezidentinin isə növbəti zəfəri oldu…-ELDAR İBRAHİMOV YAZDI

Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni nümunələr ortaya qoymaqda, təqdim etməkdə davam edir.

Cənab Prezident dünən növbəti ilkə imza atdı, ilk dəfə bir neçə dövlət və hökumət başçısının videokonfrans vasitəsilə görüşünü təşkil etdi.

Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri kimi, məhz onun təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi.

Hesab edirəm ki, bu, dünyamızın indiki narahat dövründə, həyəcanlı günlərində irəliyə atılmış çox böyük addım və tarixi hadisədir.

Çünki bildiyiniz kimi, artıq 3 aydır ki, dünyanı, bəşər övladını koronavirus adlı bəla, təhlükə tədbid edir, ölkələr, iqtisadiyyatlar, insan həyatları sanki çökmüş, alt-üst olmuş bir vəziyyətdədir.

Koronavirusun yayılmadığı, ayaq açmadığı ölkə, qitə, materik qalmayıb.

Şimalından tutmuş Cənubunacan, Şərqindən tutmuş Qərbinəcən hər yeri, planeti, Yeri üzünü lərzəyə salıb, cənginə alıb, hər gün on minlərlə, yüz minlərlə insan koronavirus infeksiyasına yoluxur, minlərlə, az qala on minlərlə insan həyatını itirməli olur. Hələ bu bəlanın yaratdığı və bundan sonra ciddi fəsadlar törədə biləcəyi psixoloji sarsıntıları demirəm…

Dünyanın super və fövqəlgücləri-ABŞ, Çin, İtaliya, İspaniya, Almaniya, İran kimi dövlətlər bu bəlanın əlində sanki aciz, çarəsiz qalıb. Son bir əsrdə iki dünya müharibəsini nəzərə almasaq, bəşər övladı bu cür və qəfil sınağa çəkilməyib, imtahan qarşısında qalmayıb. Bəla da ondadır ki, düşmən bu dəfə gizlidir, gözlə görünmür və ona qarşı mübarizə aparmaq da çox çətindir…

Amma təsəlliverici və sevindirici məqam odur ki, Azərbaycan dövləti koronavirus pandemiyasının geniş yayılmasıının qarşısının alınması və önlənməsi istiqamətində nümunə olmağı bacardı, yenə dünyada birinciliyə imza atdı. Digər ölkələrin səhvlərini təkrarlamadı, əksinə, zamanında, vaxtında, anında, məqamında bu bəlanın nələr törədə biləcəyini anladı və çox önəmli, vacib önləyici addımlar atdı.

Düzdür, ölkəmizdə də koronavirusa yoluxanlar var, sayları 900-ü keçib, çox-çox təəssüflər olsun ki, 10 insanımız bu infeksiyadan həyatını itirməli olub. Amma bununla belə, xeyli sayda insanımız məhz Azərbaycan səhiyyəsinin, tibb işçilərinin peşəkarlığı, Azərbaycan dövlətinin təmənnasız qayğısı sayəsində sağalaraq, sağaldılaraq, ailəsinə qovuşub, normal həyatına dönüb..

Koronavirus pandemiyasının önlənməsi istiqamətində atılan addımların, qəbul edilən qərarların, Fərman və Sərəncamların da sayı-hesabı yoxdur, hər gün bunların canlı şahidləriyik və bunlar ölkəmizin gücündən, qüdrətindən, ölkə Prezidentinin iradəsindən, qətiyyətindən xəbər verir. Odur ki, ölkəmiz, dövlət başçımız Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə yaradılan, artıq dünyada öz layiqli yerini tutan bir qurumda-Türk Dövlətləri Əməkdaşlıq Şurasında birləşən qardaş və dost ölkələrdə yaşananlara da biganə və laqeyd qala bilməzdi.

Ölkə Prezidenti təşəbbüslə çıxış edərək, Türk Şurasının liderlərini telekonfrans vasitəsi ilə bir araya gətirdi, fövqəladə Zirvə toplantsını təşkil etdi. İstər fövqəladə Zirvə toplantısına, istərsə də bu çətin günlərdə Azərbaycanın dost və qardaş həmrəyliyinə, yardımlarına görə, Türk Şurasının liderləri hər biri ayrı-ayrılıqda Azərbaycan Prezidentinə öz minnətdarlıqlarını, təşəkkürlərini ifadə etdilər. Bildirdilər ki, Azərbaycanın TDƏŞ-ə sədrliyi çox ağır bir dövrə təsadüf edir, amma bununla belə, Azərbaycan bu missiyanın da öhdəsindən uğurla, layiqincə gəlməyi bacarır və bacaracaq.

O da birmənalı şəkildə qeyd olundu ki, Türk Şurası dövlətləri və xalqları səylərini bir daha sıxlaşdırmaqla, birlikdə koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq, Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq daha da möhkəmlənəcək. Ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq.

Onu da qeyd edim ki, Zirvə toplantısına Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatıldılar. Hər biri də öz fikirlərini, mövqelərini, açıqlayıb, görüləcək işlərin necə deyərlər, “yol xəritəsi”ni cızdılar. Eyni zamanda, sonda yekun Bəyannamə qəbul edildi.

Öz növbəsində Azərbaycan Prezidenti Türk Şurasının liderlərinə minnətdarlığını ifadə etdi və bildirdi ki, koronavirusla mübarizədə birgə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. Həmçinin qeyd etdi ki, həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu isə onu göstərir ki, yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Çünki qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Odur ki, Türk Şurası digər beynəlxalq təşkilatlarla da əməkdaşlığa hazırdır və Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.

Bəli, bu hadisə Azərbaycanın, ölkə Prezidenti İlham Əliyevin bir daha siyasi fəhmini, uzaqgörənliyini, nüfuzetmə bacarığını, Liderliyini nümayiş etdirdi. Bütün dünya gördü və şahidi oldu ki, Azərbaycan hansı bir qurumda iştirak edirsə və ona sədrlik missiyasını yerinə yetirirsə, nəinki həmin təşkilata, bütövlükdə dünyaya, bəşəriyyətə, onun sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verir və verməkdədir.

Eyni zamanda, öz səmimi və xoşməramlı addımları ilə ən çatın anlarda belə hər kəsin yanında durmağı, yardım əlini uzatmağ bacarır.

Dünənki hadisə bir daha bunun əyani təcəssümü, eləcə də, Türk dövlətlərinin, Türk Şurasının üzvlərinin sözdə deyil, əməldə birgəlik, həmrəylik nümayiş etdirməsinin bariz nümunəsi oldu.

Hər kəs gördü və bildi ki, Türk Şurası mövsümi xarakter daşıyan, keçici bir missiyanı yerinə yetirən təşkilat deyil, o, əsl dostluq, həmrəylik və əməkdaşlıq təşkilatıdır, onun gələcək uğurları hələ qabaqdadır!

11:57, 11 aprel

Eldar İbrahimov,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

“Budur dövlətinin öz vətəndaşının yanında olması, vətəndaşın öz dövlətinin onun yanında olmasını hiss etməsi, duyması…”-JALƏ ƏLİYEVA YAZIR…

Read Next

“Regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkəmiz dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir