Vitse-prezident: “Şadam ki, belə bir gəncliklə tanış oldum…”

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçısı, Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova sentyabrın 30-da Bakı Slavyan Universitetinin (BSU) qonağı olub.

BSU-dan Etikxeber.az-a bildiriblər ki, M.Papova universitetə gəlməkdə məqsədinin bu ali təhsil ocağının yeni rəhbərliyi və kollektivi, eyni zamanda, bolqarşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşmək olduğunu söyləyib.

Qonaq BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində və buradakı kitabxanada olub, kitabxanaya yeni kitablar hədiyyə edib.

Sonra M.Popova universitetin müəllim və tələbələri ilə görüşüb. Görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi, burada 2004-cü ildən fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

N.Əliyeva bildirib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək, gənclərin dost ölkənin mədəniyyətinə, incəsənətinə, tarixinə marağını artırmaqdır. Rektor hər iki ölkənin tələbələri arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək məqsədi ilə yeni planlarının olduğunu da vurğulayıb.

Artıq ikinci dəfə BSU-da qonaq olduğunu deyən M.Popova V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bolqarıstan möcüzələri” adlı layihə üzərində işlədiklərini və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdən sonra bu layihəni genişləndirərək “Bolqarıstan-Azərbaycan möcüzələri” adı ilə reallaşdırmaq qərarına gəldiklərini bildirib. BSU barədə təəssüratlarını bölüşən vitse-prezident universitetdə tələbələr üçün yaradılan şəraiti, tələbələrin hazırlıq səviyyəsini yüksək dəyərləndirib. O, deyib ki, görüş zamanı tələbələrin ünvanladığı suallar azərbaycanlı gənclərin biliklərə dərindən yiyələndiklərini, onların multikultural dəyərləri yüksək qiymətləndirdiklərini göstərir:

“Şadam ki, belə bir gəncliklə tanış oldum və inanıram ki, onlar xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər”.

M.Popova Bakı Slavyan Universitetində bolqar dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına göstərilən diqqətə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.

Etikxeber.az

Read Previous

22 min 614 ali və 32 min 272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib – Səhiyyə Nazirliyi

Read Next

“Erkən nikah uşağın gələcək həyatını təhlükə altına qoyur…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir