“Vüsal axırıncı dəfə oktyabrın 3-də anamla danışmış və ondan halallıq istəmişdi…”-İSMAYILLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK OĞLU, MAXE VÜSAL DƏMİROVUN BACISI VÜSALƏ DƏMİROVA – FOTOLAR

İkinci Qarabağ Savaşında Qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də İsmayıllılı Vüsal Dəmirovdur…

İgid, Qəhrəman, Vətən sevdalısı, Vətənini, Qarabağını, Torpağını ailəsindən, 7 yaşından ona həm analıq, həm də atalıq edən anasından üstün tutan Vüsal Dəmirov…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…

Vüsal Aydın oğlu Dəmirov 1993-cü ilin 10 sentyabr tarixində İsmayıllı rayonunda dünyaya gəlib…

Ailənin iki övladından biri, tək bacının tək qardaşı idi…

7 yaşında atasını itirib…

Həmin vaxtdan anası Nüşabə xanım onlara həm analıq, həm də atalıq edib…

Vüsal 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub…

2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub...

2009-cu ildə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub və 2012-ci ildə təhsilini başa vurub…

Təhsilini bitirdikdən sonra-2012-ci ildə Vətənə xidmət borcunu yerinə yetirməyə, həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

Ancaq yenidən həyatını Ordu-hərb ilə bağlamaq qərarını verib…

2014-cü ildən Azərbaycan Ordusunda MAXE-çavuş, BTR sürücüsü kimi fəaliyyətə başlayıb…

Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Müdafiə naziri tərəfindən saat, medal və fəxri fərmanla təltif olunub…

Vətən sevdalısı kimi Aprel və Tovuz döyüşlərində iştirak edib, qəhrəmanlıqlar göstərib…

Və İkinci Qarabağ Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Vətənin müdafiəsinə qalxıb…

Şərəfli döyüş yolu 8 gün çəkib və oktyabrın 4-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb, amma onun həyatını xilas etmək mümkün olmayıb…

Axırıncı dəfə isə oktyabrın 3-də anası ilə danışıb…

Sanki Şəhidliyi ürəyinə damıbmış kimi anasından halallıq istəyib və bir gün sonra, oktyabrın 4-də-axşam saatlarına yaxın Şəhidlik məqamına ucalıb…

Nəşi isə oktyabrın 5-də İsmayıllı rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

27 yaşında Şəhidlik məqamına ucalan Vusal həm də subay olub…

Ömrü, həyatı kimi arzuları, xəyalları da yarımçıq qalıb…

***

Bu yerdə qeyd edim ki, Şəhidimizin anası Nüşabə xanımla bir neçə dəfə Şəhid məclislərində bir araya gəlsəm də, onunla yaxından tanış ola, söhbətləşə bilməmişdim…

Ancaq iki gün öncə, martın 26-da Qəbələli İkinci Vətən Müharibəsi Şəhidi Adəm Heydərovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən mərasimdə Şəhidimizin anası və tək bacısı Vüsalə Dəmirova ilə nəhayət, tanış ola, söhbətləşə bildim…

Onlara Allahdan səbr və dözüm arzuladım, Şəhidimizin ruhu qarşısında baş əydiyimi bildirdim…

Eyni zamanda, Şəhidimizin anasına söz verdim ki, bir gün onları da gəlib İsmayıllıda-evlərində, Vüsalın ocağında ziyarət edəcəyəm…

Çünki boynumun borcudur…

Şəhidlərə və onların ailələrinə olan borcum, borcumuz ödənməz və ödənməyəcək…

Məkanı cənnətlik, məqamı Uca olsun-Şəhidimizin!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu Şəhid anası Lətafət Qurbanova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, TƏK OĞLUMUN-FARİZİMİN ORDEN HAQQI TANINSIN”

Read Next

Mənzildə yanğın oldu, 1 nəfər yanaraq öldü-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir