İkinci Vətən Müharibəsi veteranı, 23 yaşlı Vüsal Bədəlov Ali Baş Komandana müraciət etdi: “İSTƏYİRƏM Kİ, UĞRUNDA DÖYÜŞDÜYÜM VƏ YARALANDIĞM SUQOVUŞANA GÖRƏ MEDALLA TƏLTİF OLUNUM”

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan İkinci Vətən Müharibəsi veteranı Vüsal Bəhram oğlu Bədəlov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Prezidentin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və Milli Məclisin üzvü Ceyhun Məmmədova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Vüsal Bəhram oğlu Bədəlov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindənəm. O Cocuq Mərcanlıdan ki, rəhbəri, Ali Baş Komandanı olduğunuz Rəşadətli Azərbaycan Ordusunun uğurlu Aprel döyüşlərindən az sonra, 2017-ci ildə məhz birbaşa Sizin təşəbbüsünüzlə yenidən dirçəldilmiş, yenidən ayağa qaldırılmışdır. Artıq 6 ildir ki, Cocuq Mərcanlılar hər cür şəraiti olan çox müsair bir kənddə, yenidən öz doğma yurdlarında yaşayırlar. Allah Sizdən razı olsun, Allah Rəşadətli, Müzəffər Ordumuzu var etsin!

Mən ailənin 3 oğlan övladından biriyəm, ailəliyəm. 2019-cu ilin aprelində Azərbaycan Ordusuna, həqiqi hərbi xidmətə çağırılmışam. Əsgərliyimin başa çatmasına az qalmış isə tarixi 44 günlük İkinci Vətən Müharibəsinə qatıımışam. Bir Vətən övladı, bir Qarabağlı, bir Azərbaycan Əsgəri kimi müharibənin ilk saniyələrindən döyüşlərə atılmışam, Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində vuruşmuşam.

Döyüşlər zamanı, oktyabr ayının 23-də yaralanmışam, 4 günlük müalicə-müayinədən sonra həkimlərin israrlı şəkildə etirazlarına baxmayaraq, yenidən döyüş bölgəsinə qayıtmışam və son günəcən, Zəfərimizəcən müharibədə iştirak etmişəm. Sonra isə Laçın istiqamətinə göndərilmişəm. 2021-ci ilin aprelində, Əsgərliyimin ikinci ilinin tamamında da Ordudan təxris olunmuşam. Səhhətimlə bağlı əlillik dərəcəsi almaqdan da könüllü şəkildə imtina etmişəm.

O cümlədən Ali Baş Komandan kimi Sizin Sərəncamınızla “Laçının azad olunmasına görə”, eyni zamanda, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam. Bunlara görə də Sizə bir daha minnətdarlığımı bildirirəm”.

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli Ali Baş Komandan!

Müraciət etməyimə səbəb hələ də uğrunda döyüşdüyüm, yaralandığım Suqovuşanla bağlı medalla təltif olunmamağımdır. Çox təəssüflər olsun ki, İkinci Vətən Müharibəsindən, tarixi Qələbəmizdən 2 il 5 ay keçməsinə baxmayaraq, “Suqovuşanın azad olunmasına görə” medalına təqdim edilməmiş və nəticədə də bu medalı ala, bu medalla təltif oluna bilməmişəm. İki il yarım ərzində də bununla bağlı müraciət etmədiyim ünvan, döymədiyim qapı qalmayıb. Ancaq bugünədək düz-əməlli bir cavab ala bilməmişəm, yola verilmişəm.

Bu isə bir Vətən müharibəsi iştirakçısı kimi məni üzür, incidir. Ona görə Sizdən xahiş və rica edirəm ki, məni uğrunda döyüşdüyüm, yaralandığım “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edəsəniz. Sizdən çox-çox və dəfələrlə xahiş edirəm ki, bu müraciətimi nəzərə alasınız, məni bir daha sevindirəsiniz. İnanır və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, Qalib Azərbaycanımızı və Rəşadətli Ordumuzu qorusun!”

Etikxeber.az

Read Previous

7 il yarım hərb yolu keçən, iki övladı Vətən əmanət qalan, evin-ailənin tək oğlu olan və ORDEN HAQQI HƏLƏ DƏ TANINMAYAN NOFƏL QƏNBƏR OĞLU ƏLİZADƏ…- FOTOLAR

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir