Xələf Xələfovla Laşa Darsaliya nəyi müzakirə etdi?

14 may 2019 tarixində Bakıda Xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.

Etikxeber.az-ın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinə istinadən məlumatına görə, eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

“Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan etdi.

Gözləntimiz ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq”-deyə, sonra bildirilib.

Etikxeber.az

Read Previous

Vladimir Volobuyevin 110 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Read Next

“Bu, milli davamıza, Qarabağ davamıza xəyanətdir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir