Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Xəyyam Mirzəzadə bu gün, 83 yaşında dünyasını dəyişib.
X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.
Etikxeber.az xəbər verir ki, X. Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.
Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov mətbuata açıqlamasında bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat etmişdir.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurmuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirmişdir. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırmışdır. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilmişdir. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirmişdir.
Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olmuşdur.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Arif Məlikov
Fidan Qasımova
Tofiq Bakıxanov
Rauf Abdullayev
***
Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənirdi.
Xalq artistinin həmkarları, dostları, tanışları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın musiqi akademiyasının binasına gəlir, görkəmli bəstəkara və gözəl insana son borclarını verirdilər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli bəstəkar Xəyyam Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli bəstəkarın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrünü yaşayıb”.
Nazir qeyd edib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Sənətkarın yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Vurğulanıb ki, o, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıblar. Qeyd edilib ki, Xəyyam Mirzəzadə çox gözəl pedaqoq idi, tələbələr onu çox istəyirdi. Onun yetişdirdiyi tələbələr nəyinki ölkəmizdə, dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirilib ki, gözəl təşkilatçı olan Xəyyam Mirzazadə təkcə bəstəkarların yox, həm də rəssamların, yazıçıların dostu idi.
O, geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. Xəyyam Mirzəzadə hər bir məsələyə orijinal münasibəti, öz həyat yolu, sənətə fərdi baxışları ilə seçilirdi. Onun haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə – 75” adlı sənədli film çəkilib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib. Onun musiqiləri hər zaman səslənəcək.
Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət etsin!
Etikxeber.az





