Xaçmazlı deputat – KÖHNƏ VƏ YENİ İCRA BAŞÇISINDAN DANIŞDI

Kadr dəyişiklikləri, kadr təyinatı birbaşa ölkə Prezidentinin səlahiyyətinə aid olan məsələdir. Kimsə bu məsələyə qarışa, müdaxilə edə, əlavə izahat verə bilməz. Bugünkü təyinatlarla da bağlı söz haqqına yalnız dövlət başçısı özü sahibdir. O, nəyi necə məsləhət, uyğun bilirsə, belə də olmalıdır, heç kimin qarışmağa haqqı yoxdur. 

Bunu Etikxeber.az-a açıqlamasında Xaçmaz rayonundan olan millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edək ki, bu gün vəzifəsindən könüllü şəkildə gedən şəxslərdən biri də Xaşmaz rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevdir.

Onu da qeyd edək ki,  80 yaşlı Ş. Xanbayev Azərbaycanda öz vəzifəsindən istefa verən ilk icra başçısıdır.

Həmçinin, bildirək ki, ölkə Prezidentinin Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev  bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ş.Xanbabayevlə uzun müddət bir yerdə işlədiyini deyən E. Səlimov onun öz fəaliyyəti ilə  xaçmazlıların el ağsaqqalına çevrildiyini bildirib.

xacmaz-2

elnur

“Şəmsəddin müəllim öz işgüzarlığı, idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı, səmimiliyi, sadəliyi, insanlara son dərəcədə diqqət və qayğısı ilə seçilirdi. İşlədiyi dövrdə o hər bir kəsin, hər bir xaçmazlının qəlbində özünə sevgi qazana bilmişdi. Onun icra başçılığı dövründə Xaçmaz böyük inkişaf yolu keçdi, simasını dəyişdi, gözəlləşdi. Təbii ki, regionların, o cümlədən, Xaçmazın Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi ölkə Prezidenti cənab İlham Əliyevin adı və xidmətləri ilə bağlıdır.

Məhz onun uzaqgörən siyasəti, idarəçilik qabiliyyəti, verdiyi fərman və sərəncamlar, imzaladğı dövlət proqramları sayəsində Azərbaycan regionlarının siması dəyişdi, gerilik, tənəzzül mərhələsi inkişaf, tərəqqi mərhələsi ilə əvəzləndi. Və bu prosesdə ən fəal iştirak edənlərdən biri də məhz Şəmsəddin müəllim oldu. Heç təsadüfi deyil ki, Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkə başçısı Şəmsəddin müəllimin fəaliyyətini çox yüksək qiymətləndirdi.

O, “Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım”– deyərək, bildirdi ki, çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insan idi, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.

Hesab edirəm ki, bu, çox böyük qiymətləndirmə və dəyərləndirmədir. Şəmsəddin müəllim öz fəaliyyəti ilə bu sözləri tam haqq edirdi. Bu gündən artıq Şəmsəddin müəllim vəzifədə deyil, təqaüddə, belə demək mümkünsə, istirahətdir. Bir xaşmazlı kimi Şəmsəddin müəllimə ötən dövrdəki fəaliyyətinə, xaçmazlıların qəlbində dərin izlər buraxdığına görə təşəkkürümü ifadə edir, ona can sağlığı, uzun ömür, gözəl illər, gözəl günlər arzulayıram.

Həm də bu gündən cənab Prezidentin təyinatı ilə gənc, perspektivli, uğurlu kadrlardan olan Elnur Rzayev Xacmaz Rayon İcra Hakimiyyətinin başçısısı kimi öz fəaliyyətinə başlayıb. İnanıram və qəti əminəm ki, qəbulda deyilən sözlər, verilən tapşırıqlar, dövlət başçısının və Azərbaycan xalqının etimadı qısa zamanda doğruldulacaq. Elnur müəllim öz uğurlu fəaliyyəti ilə ona göstərilən etimadı tam doğruldacaq, Xaçmazın simasında Azərbaycanın inkişafına öz töhfəsini verəcək…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Səfir – AŞPAZLIQ ETDİ – FOTOLAR

Read Next

Əhmədzadə, Qocayev, Muxtarov, Seyidov, Səfərov … YAŞLI İCRA BAŞÇILARI – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir