Xalqdan biri, Xalqı ilə bir olan Sirus Təbrizli-9 MAYDA ONUN ONSUZ 80 YAŞI TAMAM OLUR – KAMİL HƏMZƏOĞLU YAZDI

Sirus Xudadat oğlu Təbrizli…

Soyadından da göründüyü kimi, əslən Güney Azərbaycanlı, hər bir Azərbaycanlı, hər bir qəlbi Vətən, Vahid Azərbaycan eşqilə döyünən Azərbaycan türkü üçün ən əziz, ən müqəddəs olan Təbrizli balası…

Və müasir Azərbaycanın, Azərbaycan tarixinin ən görkəmli simalarından, ən nüfuzlu qələm əhlindən, söz xiridarlarından, ən tanınmış ictimai-siyasi xadimlərindən biri…

Sirus Təbrizli ad-soyadını Azərbaycanda demək olar ki, tanımayan yoxdur…

Olsa-olsa, sadəcə, yeniyetmələr və gənclərin bir qismi onu tanımaya bilər…

Amma yaşlı, orta yaşlı nəslin, cavanların mütləq və mütləq əksəriyyəti Onu tanıyır, Sirus Təbrizli onlara tanış, həm də deyərdim ki, doğma, yaxın olan simadır…

Çünki hər zaman Xalqdan biri, Xalqı ilə bir, birgə olanlardan biri idi, biri olub…

Çünki Sirus Təbrizli ad və soyadı hələ keçmiş sovetlər dövründən, AzTV-də yayımlanan tənqidi “Mozalan” satirik verilişindən hər kəsə, Azərbaycan ictimaiyyətinə tanışdır, tanış olub…

Hər zaman cəmiyyətdə baş verən neqativliklərə səssiz, susqun qala bilməyən Sirus Təbrizli bu verilişlə və onunla birlikdə həmin verilişi ərsəyə gətirənlərlə Azərbaycan cəmiyyətinə özünü təqdim edə, rəğbət qazana bilmişdi…

Hələ o dövrlərdən, 70-lərdən, 80-lərdən Azərbaycan cəmiyyətində Sirus Təbrizli imzası, möhürü vardı…

Və təbii ki, heç zaman ədalətsizliklərlə, haqsızlıqlarla barışa bilməyən Sirus Təbrizli keçmiş sovetlər imperiyasının Azərbaycan xalqına sırıdığı Qarabağ münaqişəsinə, mənfur qonşularımızın Azərbaycana olan ərazi iddialarına, növbəti erməni xəyanətinə, xəyanətkarlığına da səssiz qala bilməzdi…Necə ki, səssiz də qalmadı…

Keçmiş imperiyanın antiAzərbaycan siyasətinə, erməni fitnəkarlığına ilk səsini ucaldanlardan, ilk kəskin etirazını bildirənlərdən də biri məhz Sirus Təbrizli oldu…

Qarabağ hadisələri fonunda Milli-Azadlıq mübarizəsinin növbəti-yeni mərhələsinə başlayan Azərbaycan xalqının ön sıralarında oldu, adlarını ziyalı qoyanların, titulluların bir çoxu kimi qaçıb gizlənmədi…

Xalqın, xalqının yanında oldu, odlu-alovlu, emosional, sərt çıxışları ilə azadlıq mübarizəsinə qalxanları, keçmiş qəddar sovetlər-şər imperiyasının antiAzərbaycan siyasətinə etiraz edənləri, Haqq aişıqlərini coşdurdu-daşdırdı, meydanları titrətdi…

O, bir qədər emosional və sərt təbiətli olsa da, amma proseslərin daim dinc məcrada, inqilabi deyil, təkamül yolu ilə həllinə tərəfdar idi…

Yadımdadır, 1990-ci ildə, sonuncu çağırış keçmiş Ali Sovetə seçkilər zamanı onun “Azadlıq” qəzetində “Zordan zərə” adlı yazısı getmiş və həmin yazıda da bir daha təkamül yolunun ən mütərəqqi yol olduğunu dilə gətirmişdi…

1991-ci ilin payızında-Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini qazandıqdan sonra isə AzTV-də “Açıq-aşkar” adlı verişilə efirə, insanların, izləyicilərin qarşısına çıxdı və yenə də cəmiyətdəki ədalətsizliklərə, haqsızlıqlara öz etiraz səsini ucaltdı…

Təbii ki, onun tənqidlərindən o vaxtkı hakimiyyət də zaman-zaman öz nəsibini alırdı və bu da nəticə etibarı ilə sonda həmin verilşin bağlanmasına gətirib çıxardı…

Sirus Təbrizli AXC hakimiyyətinə də müxalifət mövqeyində dayandı, bir çox keçmiş hərəkat yoldaşları kimi vəzifəyə getmədi, vəzifəni hər şeydən üstün tutmadı…

Və həmin dönəm(lər)də baş verən proseslərlə bağlı nicat, xilas yolunu böyük və mahir siyasət ustası Heydər Əliyevdə gördü, Heydər Əliyevi yenidən siyasətə, hakimiyyətə səsləyənlərdən, ilk çağırış edənlərdən, məşhur “91-lər”in ilklərindən oldu…

Üzərinə yönələn təhdidlərə, təzyiqlərə fikir vermədən, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına getdi, Heydər Əliyevlə görüşdü, günlərlə orada qaldı, birmənalı şəkildə Heydər Əliyevə dəstəyini ortaya qoydu…

Və 1992-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından, qurucularından oldu…

Və mərhum Heydər Əliyev tərəfindən ona YAP sədrinin müavini vəzifəsi etibar edildi…

Və Heydər Əliyevin etibarına, etimadına da layiq oldu, ona göstərilən etibarı, etimadı da layiqincə doğrultdu…

1993-cü ilin məlum iyun hadisələrindən, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da öz fəaliyyətini dayandırmadı, əksinə, daha da mübariz, ön sıralarda, sinəsini hamıdan öncə qabağa verənlərdən oldu…

Məhz bu sadiqliyinə, sədaqətinə görə Heydər Əliyev tərəfindən Mətbuat və informasiya naziri təyin edildi və 5 il, həmin nazirlik ləğv edilənə qədər nazir vəzifəsini icra etdi…

Və peşəkar jurnalist, peşəkar qələm əhli, tanınmış publisist kimi nazir olduğu dönəmdə Azərbaycan mətbuatına, Azərbaycan mediasına yeni nəfəs gətirdi, bu məkanda, bu sferada yeni, sağlam mühit yaratdı…

Hər zaman peşəkar mətbuatın, peşəkar qələm sahiblərinin yanında, onların himayədarı oldu…

Və bu gün də onun fəaliiyəti təqdir edilməkdə, müsbət, yaxşı mənada xatırlanmaqdadır…

Nazir kimi onun sonuncu mətbuat konfransına dəvət alan 3 jurnalistdən, qələm əhlindən biri də məhz mən oldum…

Həmçinin, birinci və ikinci çağırış Milli Məclisə seçkilərdə hakim partiyanın proporsional seçki sistemi üzrə siyahısından namizəd göstərilidi və düz on il millət vəkili kimi fəaliyyət göstərdi…

Həm də Milli Məclisin İnsan hüquqları komitəsinin (daimi komissiyasının) sədri kimi yaddaqalan və təqdiredilən fəaliyyət ortaya qoydu…

Vəzifədə olduğu, deputat mandatı daşıdığı dövrdə də cəmiyyətdə baş verən haqsızlıq və ədalətsizliklərə səssiz qalmadı…

Səhvlərə, xətalara, bəzən xəyanətlərə yol verən partiyadaşlarını, bəzi hakimiyyət mənsubları sərt şəkildə tənqid etdi, heç nədən qorxub-çəkinmədi…

Sirus Təbrizli nisbətən yaşlı olsa da, amma hər zaman həm YAP-da, həm də hakimiyyətdə gəncləşmənin, islahlatların tərəfdarı və təşəbbüskarı kimi çıxış etdi…

90-ci illərin sonlarına (təxminən 1997-98-ci illər) yaxın indiki ölkə Prezidenti cənab İlham Əliyevi aktiv, fəal şəkildə siyasətə dəvət, çağırış edənlərin ilklərindən, birincilərindən oldu…

Bütün tədbirlərdə, bütün çıxışlarında İlham Əliyevə açıq, birmənali dəstəyi ilə seçildi…

Yadımdadır, kitab təqdimtlarından birində “Gəlin İlham Əliyevə səmimi və sadiq olaq” deyərək, çoxlarına, ikili, üçlü oyun oynayanlara açıq və gizli xəbərdarlığını etdi…

Və hər zaman öz sözünə, öz vədinə sadiq oldu, həm Heydər Əliyevə, həm də İlham Əliyevə sadiq və sədaqətli oldu…

Çox təəssüflər olsun ki, 2007-ci ildə növbəti kitab təqdimatlarından birində etdiyi son dərəcədə sərt çıxışı isə onun YAP-dakı, siyasətdəki karyerasına son qoydu…

Açıq və gizlin düşmənləri məlum çıxışından bəhanə, əslində qisas məqsədilə istifadə edərək, onun, YAP-ın yaradıcılarından biri olan Sirus Təbrizlinin YAP-la yollarının birdəfəlik ayrılmasına səbəb və bais oldular…

Amma bunlar da Sirus Təbrizlini sındırmadı, bir çoxları kimi onu əqidəsinə arxa çevirməyə, xəyanət etməyə çətirib çıxarmadı…Yenə də İlham Əliyevə sadiqliyini və sədaqətini, əsl KİŞİliyini ortaya qoydu…

Və çox təəssüflər olsun ki, 2013-cü ildə, cəmi 71 yaşında qəflətən dünyasını dəyişərək, Haqqa qovuşdu…

Bu fani dünyaya əbədilik gözlərini yumdu, bu fani dünyaya birdəfəlik “əlvida” dedi…

Sevənlərini, sevdiklərini yasa, kədərə qərq etdi…

Və düz 9 ildir ki, Sirus Təbrizli cismən aramızda yoxdur…

Amma o ruhən, mənən yaşyarır və canından çox sevdiyi Azərbaycanı ilə birgədir…

İki gün sonra, 9 may tarixində isə bu-böyük İnsanın doğum günüdür…

Özü də yubiley doğum günü…

80 yaşı tamam olur…

Yubileyi, 80 yaşı, Cənnətdəki doğum günü mübarək olsun!

Nur içində yatsın!

Azərbaycan var olduqca, Sirus Təbrizli də var olcaq, Azərbaycan xalqı yaşadıqca, Sirus Təbrizli ad-soyadı, ruhu da yaşayacaq!

Doğum gününüz, Sizsiz qeyd edilən 80 yaşınız bir daha mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

11 yeni-YOLUXMA…

Read Next

“Bu, mühüm siqnal olardı…”-ZELENSKİ YENİDƏN BAYDENİ KİYEVƏ DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir