“Xalqımız artıq qalib xalqdır, bizim 8 Noyabr – Zəfər Günümüz var və bundan sonra Azərbaycanı yeni bir dövr gözləyir”-MİLLƏT VƏKİLİ

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbənin arxasında uzun illər həyata keçirilən düşünülmüş siyasət, çoxşaxəli fəaliyyət dayanır. Müharibə edən ölkənin hüquqi əsasları, beynəlxalq və diplomatik səviyyədə dəstəyi olmalıdır. Bununla bərabər, geniş iqtisadi baza, müasir silahlarla təchiz olunmuş peşəkar ordu və ordunun dayanıqlı silah-sursat təchizatı, ölkə daxilində vətəndaş həmrəyliyi, insanların vətənpərvərlik ruhu kimi mühüm məsələlər Qələbəmizi şərtləndirən əsas amillərdən oldu.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Bildirib ki, Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün lazım olandan da artığını edərək, bütün istiqamətlərdə genişmiqyaslı fəaliyyət həyata keçirdi:

“Prezident İlham Əliyev daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi bazanın yaradılması istiqamətində lazımi addımlar atırdı. Eyni zamanda, Azərbaycan həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə çoxtərəfli və ikitərəfli əlaqələri gücləndirir, qlobal məsələlərə öz töhfəsini verməklə etibarlı tərəfdaş imicini və nüfuzunu gücləndirirdi. Beynəlxalq fəaliyyətlə yanaşı, ölkə daxilində də düşünülmüş və uzaq hədəflərə hesablanmış siyasət həyata keçirilirdi”-deyən millət vəkilinin sözlərinə görə, bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı iqtisadi, struktur və kadr islahatları həyata keçirilib, ölkə iqtisadiyyatında dayanıqlı inkişafa nail olunub, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib, ölkədə biznes mühiti, sahibkarlıq inkişaf edib, işsizliyin və yoxsulluğun səviyyəsi minimum həddə enib, əhalinin sosial rifahı xeyli yaxşılaşıb, ölkədə möhkəm xalq-iqtidar birliyi yaranıb.

“Bütün bu illər ərzində düşünülmüş fəaliyyət 44 günlük müharibə zamanı öz bəhrəsini verdi. Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi və bütün diqqət cəbhəyə, torpaqlarımızın işğaldan azad edilməsinə yönəldi. Ermənistanın beynəlxalq müstəvidə ciddi davranışları heç bir nəticə vermədi. Hətta oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə bəyanat qəbul etdirmək cəhdləri də baş tutmadı. Beləliklə, Azərbaycan beynəlxalq müstəvidə ola biləcək bütün təzyiqləri neytrallaşdırdı.

Peşəkar Ordumuz isə cəbhədə, döyüş meydanında öz sözünü dedi. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektləri müharibədə böyük Qələbəmizi təmin etdi, Ermənistanın 30 il ərzində qurduğu ordu darmadağın edildi və nəhayət, düşmən kapitulyasiya ilə razılaşmağa məcbur oldu. Azərbaycan xalqı artıq qalib xalqdır, bizim 8 Noyabr – Zəfər Günümüz var və bundan sonra Azərbaycanı yeni bir dövr gözləyir”-deyə, millət vəkili mətbuata açıqlamasında əlavə edib.

Etikxeber.az

Read Previous

Şəhid Fəxri Qəribzadənin illərdir kirayələrdə yaşayan anasını-EVLƏ, MƏNZİLLƏ TƏMİN EDƏN OLACAQMI? SƏLAHİYYƏT SAHİBLƏRİ, BƏRDƏ VƏ SURAXANININ İCRA BAŞÇILARI NƏYİ GÖZLƏYİRLƏR?

Read Next

25 yaşında Şəhidlik zirvəsinə yüksələn, bir övladı Vətənə əmanət qalan-XALİD HASSANIN BU GÜN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir