“Xalqımız nikbindir, ümidlidir, arxayındır…”-PA-DAN DAHA BİR SEÇKİ AÇIQLAMASI

Azərbaycanın böyük inamla qədəm qoyduğu 2020-ci il ictimai-siyasi, sosial-iqtisadi həyatın son dərəcə canlanması, cəmiyyətin bütün təbəqələrinin fəallaşması, Prezident İlham Əliyevin xalqımızı daha sanballı qələbələrə və uğurlara aparan dövlət siyasətini həyata keçirmək yolunda cəsarətli addımları ilə başladı. Sözsüz ki, yeni ildə hökm sürən bu ab-hava vətəndaşlarımızda ölkəmizin daha işıqlı gələcəyinə inamı artırmışdır. Azərbaycan xalqına ləyaqətlə xidmət edən, bütün sahələrdə islahatları şüurlu seçimə çevirən və bu islahatların alternativinin olmadığını bildirən dövlət başçısı İlham Əliyev Azərbaycanı elə bir inkişaf nöqtəsinə çatdırmış, elə relslər üzərinə qoymuşdur ki, buradan ancaq irəliyə, tərəqqiyə, müstəqilliyimizin əbədiliyinə doğru getmək olar. Yerində saymaq, geriyə dönmək artıq mümkün deyildir.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

O, qeyd edib ki, bu gün qarşıya qoyulan bütün vəzifələrin həyata keçirilməsi üçün öz iqtisadiyyatını uğurla inkişaf etdirən, tam müstəqil siyasət yeridən, regionda irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

“Bu il fevral ayının 3-də keçirilən və regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev ötən bir il ərzində görülmüş işlərə qiymət vermiş, əldə olunan nailiyyətlərin gələcək hədəflər üçün gözəl imkanlar yaratdığını, rayonlara səfərləri zamanı və sonradan vətəndaşların ona ünvanlanan məktubları əsasında bir çox infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etmiş, eyni zamanda, növbəti ildə Azərbaycanın inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət edəcək böyük layihələr barədə ölkə vətəndaşlarına ətraflı məlumat vermişdir. Dövlət başçısı respublika iqtisadiyyatına qoyulacaq böyük sərmayələr hesabına ölkənin enerji təminatının daha da yaxşılaşdırılacağını, bərpa olunan enerji mənbələrinin yaradılacağını, kənd təsərrüfatı və sənaye sahəsində emal sektorunun gücləndirilməsi ilə son məhsul istehsalının təmin ediləcəyini, bununla yeni iş yerlərinin açılacağını, “ASAN xidmət” və DOST mərkəzləri vasitəsilə əhaliyə göstərilən xidmətlərin daha da genişləndiriləcəyini, sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılacağını, işsizliyin və yoxsulluğun daha da azaldılacağını, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılacağını bəyan etmişdir.

Azərbaycan Prezidenti bu konfransda ölkənin gələcək inkişaf yollarını bir daha aydın göstərmiş, hazırkı dövrün əsas tələb və prinsiplərini müəyyən etmiş və konkret olaraq vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır, hər bir sahədə şəffaflıq olmalıdır, dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır, bütün iqtisadiyyat kölgədən çıxmalıdır, qanunçuluq hər bir sahədə bərpa olunmalıdır, heç bir toxunulmaz sahibkar, heç bir toxunulmaz məmur yoxdur və hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməyinə görə alacaqdır.

Azərbaycanın uğurları artıq bütün dünyada tanınır və qəbul edilir. Davos Dünya İqtisadi Forumunun yekunları Azərbaycan üçün hər mənada sevindirici olmuşdur. Forumda 2 mindən çox siyasətçinin, iş adamının, qeyri-hökumət təşkilatı nümayəndələrinin “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusu ətrafında apardığı müzakirələr zamanı qəbul edilmiş ortaq mövqenin formalaşmasında Azərbaycan Prezidentinin rolu əvəzsizdir. Ən başlıcası isə Azərbaycan qlobal dünyanın inkişaf istiqamətlərini dərindən öyrənərək özünün hədəflərini yenidən müəyyən etdi və bu hədəflərə çatmaq üçün atılacaq addımları qətiləşdirdi.

Azərbaycan Prezidentinin bu Forumda keçirdiyi görüşlərdə ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli razılaşmalar əldə edildi. Prezidentin OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə görüşü xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının 2016-cı ildə elə Davos Forumunda irəli sürdüyü təşəbbüs əsasında yaradılmış, 2017-ci ildə 24 ölkənin qoşulduğu “OPEC+” formatının Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu, onun iqtisadi inkişafının və uğurlarının kökündə düşünülmüş neft siyasətinin dayandığını bir daha təsdiq etdi. Bizdən qat-qat artıq neft resursları olan ölkələrdən fərqli olaraq Azərbaycanın bu təbii sərvətinin yalnız xalqın mənafeyinə yönəldildiyini vurğulayan Prezident İlham Əliyev ölkələrin uğurlu inkişafını təkcə təbii resurslardan deyil, həm də onlardan düzgün istifadə edilməsindən asılı olduğunu bildirərək deyir: “Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin gözəl gələcəyini müasir dövrün aktual məsələsinə çevrilən dördüncü sənaye inqilabının liderlərindən biri olmasında görür və bu işdə çox fəal iştirak etməyi tövsiyə edərək bu sahədə əməkdaşlığın həqiqətən də bizim əlaqələrimizdə yeni səhifə açacağını göstərir və deyir: “Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”. Azərbaycanın müstəqillik illərində bütün sahələrdə əldə etdiyi nailiyyətlər həqiqətən yaxın keçmişin uğurlu səhifələridir və yaşadığımız 2020-ci ilin də daha uğurlu olacağına tam əmin ola bilərik.

Bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazıldı. Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Xalqımız nikbindir, ümidlidir, arxayındır. Çünki Azərbaycanın sürətlə irəlilədiyi inkişaf və tərəqqi yolu onu daha böyük qələbələrə aparacaq, dərin islahatlar çox yüksək nəticələr verəcək, iqtisadi və hərbi qüdrətimiz daha da artacaq və nəhayət, bu nailiyyətlər torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir“-deyə, S. İsmayılov əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu işi Avropa Məhkəməsi darmadağın edəcək…” – EKS-DEPUTAT

Read Next

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Orduda silsilə-TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir