Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Siyavuş Novruzov: “Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyub, Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar”
Fazil Mustafa: “Dini təbliğat zərərli, kriminal iş deyil, istənilən şəxs “Quran”a, “İncil”ə və digər dini ktaba istinad edərək, dini təbliğat apara bilər”
Azərbaycanda xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları ilə bağlı qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılır.
Etikxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin aprelin 24-də keçirilən iclasında məlumat verilib.
İclasda bildirilib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklər təklif edilir.
Qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Yeni qanun layihəsinə görə isə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.
Bundan başqa, mövcud qanuna əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Yeni layihəyə görə isə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla, İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Hazırkı qanuna əsasən, vətəndaşlarin dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.
Yeni layihəyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, dini mərkəz tərəfindən həyata keçirilir.
***
Adıçəkilən komitənin sədri Siyavuş Novruzov çıxışında deyib ki, bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları 3000-dən çoxdur.
S.Novruzov bildirib ki, bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Bu məscidlərdə gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir.
Komitə sədri qeyd edib ki, hələ bir müddət əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi:
“Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini, dövlətini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var. Biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olurdular, ya da başqa qruplarda fəaliyyətlərini davam etdirirdilər. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından, savadlarından istifadə edilsin”.
S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir:
“Biz qanuna dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyətini də məhdudlaşdırılmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəklində deyil, savadlı həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq”.
***
Komitə üzvü Fazil Mustafa isə deyib ki, Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş olmadığından, xaricdə təhsil alanların fəaliyyətinə imkan verilməlidir.
Etikxeber.az