“XİN bu gün Prezident İlham Əliyevin fəaliyyət sürəti ilə ayaqlaşmır, ona görə artıq Nazirliyin həm strukturunda, həm də rəhbərliyində dəyişiklik zərurətdir”-BƏHRUZ MƏHƏRRƏMOVDAN XİN-Ə KƏSKİN İTTİHAMLAR

Korrupsiya bəşəri bəladır və heç bir cəmiyyət bu problemdən sığortalanmayıb.

Əlbətdə heç bir hal korrupsiya amilinə haqq qazandıra bilməz, lakin, bizim kimi formasiya keçidində olan ölkələrdə hansısa yerli orqanda korrupsiya cinayətlərinin müəyyən statistikası ilə qarşılaşmaq mümkündür, bu zaman əməli törətmiş şəxsi və onun yaratdığı lokal sistemi zərərizləşdirməklə problemi həll etmək olur.

Lakin korrupsiya cinayətlərinin Xarici İşlər Nazirliyinə (XİN), dövlətin dünyaya açılan qapısına yol tapması sözün əsl mənasında rüsvayçılıqdır. 

Əvvəlcə ondan başlayaq ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirilməsi  və ciddi faktların üzərini açması heç bir vəhclə nazirlikdə bir-iki şəxsin özfəaliyyəti kimi dəyərləndirilə bilməz. Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Əsasnamə ilə Nazirliyin üzərinə xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanaraq Prezidentə təqdim edilməsindən tutmuş, xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsinə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsinə qədər fövqələhəmiyyətli məsələlər qoyulub, bu vəzifələrə uyğun olaraq sərt iyerarxiya gözlənilməklə konkret funksiyalar müəyyən edilib.

Bütün bunların fonunda nazirlikdə “banda” formalaşması, yuxarıda qeyd etdiyim fövqəlvəzifələrin əvəzinə bu bandanın nazirdən “xəbərsiz” özfəaliyyətlə məşğul olmasını düşünmək sadəlövhlük olar. Üstəlik, nə hikmətsə şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanların  nazirliyin rəhbərliyinə kifayət qədər yaxın şəxslər kimi tanınması, əslində bu qurumda çox şeyin yerində olmamasının göstəricisidir.

Azərbaycan diplomatiyasının ciddi uğurları var, məsələn, son dövrlər, Aşqabad, Soçi, Münhen prosesləri, yaxud COVİD-19la bağlı qlobal səylərin birləşdirilməsi üzrə Azərbaycanın aparıcı qüvvəyə çevrilməsi, rəsmi Bakının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinin 130  dövlət tərəfindən dəstəklənməsi və s.

  Lakin Azərbaycanın bu kimi uğurları daha çox İlham Əliyev şəxsiyyəti ilə bağlıdır və texniki nüansları çıxmaq şərti ilə Azərbaycan xarici siyasət idarəsininin bu proseslərdə faktiki rolu mövcud deyildir. Müxtəlif təsisatlarda Azərbaycanın lehinə qəbul edilən qətnamə və digər mühim məzmuna malik sənədlərin kökündə Prezident İlham Əliyevin şəxsi təşəbbüs və faəliyyəti, habelə özünün nüfuzu dayanır.

Təbii ki, bu işdə ayrı-ayrı diplomatlarımızın səylərini də qiymətləndirməmək olmaz, lakin 5-10 işini bilən səfirin, yaxud diplomatın təqdirəlayiq fəaliyyəti hələ Xarici İşlər Nazirliyinin fəaliyyətinin qaydasında olması demək deyil.

Təəssüf ki, mövcud idarəçilik üslubu, passiv ruh və “gün keçirmək” tendensiyası xaricdəki bəzi diplomatik missiyalarımıza da təsirsiz ötüşməyib. Nəticə etibarı ilə  faktiki fəaliyyətsiz qalan Azərbaycanın xaricdəki  bir sıra diplomatik strukturları mövcudluqlarını ayrı-ayrı daxilə yönəli siyasi tədbirlərin təşkili ilə pərdələməyə çalışır. Bu isə daha ciddi fəsadlara yol açır: diplomatların həddindən artıq siyasiləşmiş görüntüsü formalaşır.

Təbii ki, olduqları ölkədə belə amillərə mütləq fikir verilir, bu diplomatlarımızın olduğu ölkə rəsmilərinin və duaenin gözündə nüfuzuna əsaslı təsir edir. Bu kimi fəaliyyətin ən uğursuz nəticələrindən biri də Azərbaycandan yeni gedən, düşüncə və azadlıqlara fərqli yanaşım olan bir mühitə düşmüş azərbaycanlı tələbələrlə bəzi səfirliklərimiz arasında sonradan aradan qaldırılması mümkün olmayan sədd yaratmasıdır.

Bu səd sonradan həmin gənclərin az qisminin də olsa söyüş kampaniyası aparanların yanında cəbhə tutması ilə nəticələnir. Təbii ki, bütün səfirliklərdən söhbət gedə bilməz. Lakin  görünən odur ki, tenderlerə və konsulluq oyunlarına başı qarışmış Xarici İşlər Nazirliyini bu məsələ o qədər də ciddi maraqlandırmır.  

Digər çox mühim narahatlıq doğuran məqam ondan ibarətdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxlaq hüququn bizim lehimizə, haqq səsimizin əsası olan normalarının gücündən yetərincə istifadə edə bilmir. Bunu savadsızlıq amili ilə qətiyyən bağlamaq olmaz, əksinə, bir qrup “tapşırılmış” diplomatları çıxmaq şərti ilə nazirliyin strukturu kifayət qədər savadlı və prespektivli insanlardan ibarətdir. Xüsusən, XİN Diplomatiya Akademiyasının fəaliyyətə başlaması ilə ölkənin ən savadlı gəncliyi demək olar ki, bu strukturda cəmləşib.

Lakin təşəbbüslərin  reallaşması üçün savadlı kadr heç də həmişə həlledici meyar olmur, əsas olan həmin təşəbbüsün ya nazirliyin rəhbərliyindən gəlməsi, yaxud da aşağıdan gələn təşəbbüsün rəhbərlik tərəfindən dəsəklənməsidir. İndi, hansısa beynəlxalq konfransda yaxud görüşdə beynəlxalq hüquq normasını məruzədə istifadə etmək diplomatik məharət deyil. Bu normalardan istifadənin səmərəli formulunu artıq dövlət başçısı bəyan edib, cənab İlham Əliyev diplomatik hücum konsepsiyasını irəli sürüb.

Bu məsələdə əlimizi bərk tuta biləcək “N” qədər beynəlxlaq sənəd var, ümumiyyətlə Azərbaycan-Ermənistan münaqişəsinə deyil, ümumilikdə beynəlxlaq hüquq və beynəlxalq münasibətlərin ümumi prinsiplərini müəyyən edib  lehimizə təfsiri mübahisə doğurmayan onlarla sənəd mövcuddur. Ortada silinməz tarixi faktlar, məsələn Kürəkçay müqaviləsi kimi cənab İlham Əliyevə qədər bir dəfə də olsun arqument kimi istifadə olunmayan onlarla yazılı mənbələr var.

Lakin nazirlik bu və ya digər amillərdən təbliğatda, diplomatik həmlələrini sərtləşdirməkdə istifadə edə və bu işin öhdəsindən gələ bilirmi? Bu gün birmənalı olaraq yox. Lakin əlbəttə, strukturun potensialı viza-miqrasiya və tender məsələlərindən öz əsl funksiyaların realizəsinə yönələrsə, bu mümkündür.  

Digər mühim məqam, cənab İlham Əliyev artıq dəfələrlə tarxi ədalətin bərpası – əski torpaqlarımıza olan hüquqlarımızdan bəhs edib, həm də beynəlxalq ictimayətin gözü önündə. Bəs Azərbaycan Xarici İşlər Nazirliyindən bu günə qədər hər hansı beynəlxlaq tədbirdə İrəvan başda olmaqla müasir Ermənistan ərazilərinin bir əsr əvvələ qədər bizim tarixi torpaqlarımız olması barədə analoji mövqeyini görmüşükmü?

Bu gün Azərbaycan Xarici İşlər nazirliyinin mövcudluğu yalnız ayrı-ayrı şəxslərin və erməni siyasətçilərin bəyanatlarına cavab verməklə məşğul olan Mətbuat xitdmətinin fəaliyyəti fonunda görünür.

O da bir müddət öncə həmkarlarımın da yazdığı kimi müdafiə olunmaq məqsədi ilə. Bu gün dövlətin başçısında olan hücum ruhu Xarici İşlər Nazirliyində və qurumun rəhbərliyində yoxdur.

Bu gün Nazirlik Prezident İlham Əliyevin fəaliyyət sürəti ilə ayaqlaşmır, ona görə də, bu disbalansı aradan qaldırması, son əməliyyatlarla yerlə bir olmuş nüfuzunun bərpası, habelə fəaliyyətində ətalətə son qoyulması üçün Xarici İşlər Nazirliyinin həm strukturunda, həm də rəhbərliyində dəyişiklik zərurətdir.

Bəhruz MƏHƏRRƏMOV,

h.ü.f.d. dos.

Milli Məclisin deputatı

Read Previous

Vüqar Sadıqov, Elşad Məmmədov, Xəyyam Daşdəmirov-ŞƏHİDLƏRİMİZİN SAYI 3-Ə ÇATDI – RƏSMİ

Read Next

“Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır”- TÜRKİYƏ XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir